Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-10/2024 14.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin vəkili Vəkil1 və digər vəkili Vəkil2 iştirakları ilə, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)-27/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 872(İ)saylı kredit müqaviləsinin surətindən görünür ki, kreditor tərəfindən borcalana illik 16% ödənilməsi şərtilə 156 ay müddətinə 68000 ABŞ dolları məbləğində kredit verilməsi barədə tərəflər razılığa gəlmişlər. 07 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka borcu 07 dekabr 2020-ci il tarixinə əsas borc üzrə 15677.01 ABŞ dolları, faiz borcu üzrə 25142.02 ABŞ dolları, cərimə üzrə 1690.09 ABŞ dolları, əldən çıxmış fayda üzrə (əsas borca hesablanmış 5%) 13.15 ABŞ dolları, ümumilikdə 42522.27 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsində icraat "xxxx" ASC borclu Cavabdeh qarşı məhkəməyə ərizə verərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007- ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə borcludan 15677.01 ABŞ dolları məbləğində əsas borc, 18897.99 ABŞ dolları məbləğində faiz borcu, 497.15 ABŞ dolları məbləğində cərimə, ümumilikdə isə 35072.15 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(044)- 3586/2018 saylı məhkəmə əmri ilə borclu Cavabdeh "xxxx" ASC-nin xeyrinə 35072.15 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmışdır. Borclu Cavabdeh məhkəməyə etiraz edərək, məhkəmə əmrinin ləğv olunmasını və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Həmin etiraz təmin edilərək xx.xx.2018-ci il tarixli e-2(044)-3586/2018 saylı məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə bank tərəfindən borclu Cavabdeh illik 16% ödənilməsi şərtilə 156 ay müddətinə 68000 ABŞ dolları məbləğində kredit verilmiş, lakin hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Bunun nəticəsində cavabdehin banka 15677.01 ABŞ dolları məbləğində əsas borc, 18897.99 ABŞ dolları məbləğində faiz borcu, 497.15 ABŞ dolları məbləğində cərimə, ümumilikdə isə 35072.15 ABŞ dolları məbləğində borcu qalmışdır. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)-27/2022 saylı qətnaməsi ilə (hakim R.Kazımov) iddianın qismən təmin olunması, Cavabdeh xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə 15677.01 ABŞ dolları məbləğində əsas borc, 18897.99 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 34.625 ABŞ dolları borcun ödəniş vaxtına manatın məzənnəsi üzrə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 425, 442, 458, 465, 467 və 739-cu maddələrini rəhbər tutaraq iddia tələbini qismən təmin etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən tərəflərindən bir neçə vəsatət verilmişdir ki, həmin vəsatətlət məhkəmə tərəfindən təmin edilsə də, icra olunmamışdır. Həmin vəsatətlərin verilmesi, əvvəla cavabdehin ödəməli olan məbləğin düzgün hesablanması, həm də iddia müddətinin keçməsi ilə bağlı məsələnin araşdırılması olmuşdur. Belə ki, vəsatətdə də göstərilmişdi ki, iddiaçı "xxxx" ASC məhkəmədə Cavabdeh qarşı 27 avqust 2018-ci il tarixdə əmr icraatı qaydasında müqavilə tələbi üzrə iddia qaldırmışdır. Həmin tələbdə cavabdehdən 35072.15 ABŞ dolları tələb edilmişdi. Sonradan iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə maliyyə arayışı təqdim edərək göstərmişdi ki, guya cavabdehin borcu 42522.27 ABŞ dollar təşkil edir. Həmin maliyyə arayışı 17 dekabr 2020-ci il tarixdə tərtib edilmişdi. Bundan sonra bu iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyində borc 40819.03 ABŞ dolları göstərilmişdi. Ekpert rəyi verərkən iş materiaalarında olan mədaxil qəbzlərinə, cari hesabdan olan çıxarışlara əsaslanmışdı. Hesab edir ki, ekpertin verdiyi rəy birtərəfli, yalnız iddiaçı təşkilatın vermiş olduğu yalan və həqiqətə uyğun olmayan məlumatlar əsasında verildiyi üçün tam və əsaslı hesab edilə bilməz. Belə ki, tərəflərindən də məhkəməyə sənədlər təqdim edilmişdi ki, ekpert həmin sənədləri araşdırmamış, bankdan o sənədlərdə əks etdirilən məlumatları yoxlamamışdı. Belə ki, cavabdehin nümayəndəsi uzun illərdi ki, bankla yazışmalar aparmış və bankın hərəkətləri barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayətlər etmişdi. Ona müxtəlif məzmunda məktublar verilmişdi ki, həmin məktublarda cavabdehin borcu barədə məlumatlar öz əksini tapır. Bir məsələni də qeyd edir ki, cavabdehin nümayəndəsinin Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına etdiyi bir şikayətdən sonra, sonuncu tərəfindən bankda bununla bağlı araşdırma aparılmış və bank həm həmin idarəyə həm də, cavabdehin nümayəndəsi X5 məktub yazmışdı. Həmin məktubu bankın İdarə heyətinin sədri imzalamışdı. Həmin məktubda qeyd edilmişdi ki, Cavabdeh ilə kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə öhdəliyinin təminatı olaraq ona məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdi. Bundan sonra ünvan 2 DNK tərəfindən verilmiş icra qeydinə əsasən borclu Cavabdeh ümumlikdə 58482.89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumu bankın xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evinə yönəldilməsi müəyyən edilmişdi. Qeyd olunan əmlak ünvan 2 DNK tərəfindən verilmiş icra qeydinə əsasən Gəncə şəhər İcra İdarəsinin sifarişi ilə açıq hərraca çıxarılmış və 20588 ABŞ dolları məbləğində borc əvəzi bankın təklif edilmişdi və bankın balansına verilmişdi. Hal-hazırda Cavabdeh Banka 15133 ABŞ dolları borcu qalmışdı. Həmin məktub bank tərəfindən xx.xx.2018-ci ildə verilmişdi. Gördüyünüz kimi xx.xx.2018-ci ildə bank Cavabdeh borcunun 15133 ABŞ dolları olmasını göstərsə də, bundan bir ay sonra yəni 27 avqust 2018-ci il tarixdə əmr icraatı qaydasında ərizə verir və Cavabdeh 35072.15 ABŞ dolları tələb edir. Bundan başqa ekspert rəyində qeyd edilir ki, ekspert xx.xx.2020-ci ilə qədər olan dövrü yoxlayır. Lakin hesab edir ki, borcun bu müddət ərzində hesablanması düzgün deyil. Belə ki, müqavilə 156 ay müddətinə bağlansa da, artıq bank müqavilənin ləğv edilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş və notariusun 13 iyun 2012-ci il tarixli icra qeydi əsasında borcludan 58482.89 ABŞ dolları məbləğində pul tutulması qərara alınmışdı. Həmçinin ipoteka ilə yüklü edilmiş əmlakda bankın balansına keçmişdi və borc icra idarəsi tərəfindən borcludan tələb edilmişdi. Belə olan halda artıq tərəflərin kredit münasibətləri bitmiş və yenidən borc hesablanmalı deyildi. Eyni zamanda bank tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarışdan görünür ki, həmin çıxarış 2009-2018-ci il tarixi əhatə etsə də, 2011-ci il tarixədək banka edilən ödənişlər qeyd edilməmişdir. Halbuki, borclu tərəfindən bu müddət ərzində 26000 ABŞ dollarına yaxın ödəmələr edilmişdi. Bu barədə də ekspertə məlumat verilməmişdi. Bundan başqa ekspert rəyində göstərilir ki, guya borclu tərəfindən xx.xx.2017-ci ildə ödəmələr aparılmışdı. Lakin onun tərəfindən belə ödəmə aparılmamışdı. Bununla bağlı ekspert hansı sənədə əsaslanıb belə nəticəyə gəlməsini anlamaq mümkün deyil. Bu iş üzrə ekpertiza təyin edildikdən sonra ekspertiza tərəfindən iş geri qaytarılmış və təqdim olunan sənədlər əsasında rəy verilməsinin mümkün olmaması qeyd edilmişdir. Sonradan həmin iş yenidən ekspertizaya göndərilmiş və iş materialları ilə tanış olarkən iddiaçı təşkilatın hər-hansı bir yeni sənədin əlavə edilmədiyi müəyyən edilmişdi. İşdə yalnız hesabdan çıxarış və maliyyə arayışı əlavə edilmişdi. Lakin buna baxmayaraq ikinci dəfə ekspert (baxmayaraq ki, həmin sənədlər birinci dəfə də işdə olmuşdu) yalnız adı çəkilən iki sənədə əsaslanıb rəy vermişdi. Halbuki, ekspert icra qeydini, ipoteka ilə yüklü edilmiş mənzilin hansı şərtlərlə iddiaçıya keçməsini araşdırmamışdı. Həmçinin yuxarıda qeyd edilən kimi, tərəflərindən 2017-ci ildə hər- hansı bir ödəmə edilməməsinə baxmayaraq bu ödəmənin kim tərəfindən edilməsini araşdırmamışdı. Ümumiyyətlə bankla tərəf arasında kredit münasibətlərini 2012-ci ildən bəri ləğv edilməsinə baxmayaraq bu məbləğlərin hansı qaydada yaranmasına aydınlıq gətirilməmişdi. Hesab edir ki, bütün bu məsələlər üzrə mütəxəssis rəyinin alınması məcburi olduğu üçün bu iş üzrə təkrar məhkəmə-mühasibatıq ekspertizası keçirilməlidir. Həmçinin həm ekspertə təqdim etmək üçün, həm də işin obyektiv həlli üçün iddiaçı təşkilatdan ünvan 2 DNK tərəfindən verilmiş icra qeydi ilə bağlı bankla notariat orqanı tərəfindən aparılan yazışmalar, bununla bağlı olan bütün sənədlər, ipoteka ilə yüklü edilmiş evin, bankın mülkiyyətinə hansı qaydada keçməsi ilə bağlı sənədlər, həmçinin bankın cavabdehin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına edilən şikayət əsasında apardığı araşdırma və həmin təşkilata yazdığı məlumatın nəyin əsasında aparılması barədə materiallar bankdan alınıb işə əlavə edilməlidir. Bu səbəbdən də, məhkəmədən yuxarıda göstərilən ziddiyyətləri aradan qaldırılması üçün bu iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsinin və Bankdan ünvan 2 DNK tərəfindən verilmiş icra qeydi ilə bağlı bankla notariat orqanı tərəfindən aparılan yazışmalar, bununla bağlı olan bütün sənədlər, ipoteka ilə yüklü edilmiş evin bankın mülkiyyətinə hansı qaydada keçməsi ilə bağlı sənədlər, cavabdehin 2007-ci ildən 2011-ci il tarixədək banka etdiyi ödənişlər ilə bağlı məlumatlar, həmçinin bankın cavabdehin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına edilən şikayət əsasında apardığı araşdırma və həmin təşkilata yazdığı məlumatın nəyin əsasında aparılması barədə materiallar bankdan tələb edilməsini xahiş etmişlər. Məhkəmə birinci məsələ üzrə son qərar verməsə də, bankdan adı çəkilən sənədləri tələb etməsini qərara almış və bundan sonra həmin məsələyə təkrar qayıdacağını bildirsə də heç bir sənəd almadan və vəsatətlərə qiymət vermədən işə baxmışdı. Bundan başqa bank tərəfindən təqdim edilən hesabdan çıxrışdan görünür ki, borclu tərəfindən bankın hesabına 2017-ci ilin sentyabr ayında 21000 manat pul ödənilmişdi. Onlar həmin məsələnin də məhkəmədən araşdırmasını xahiş etsələr də, məhkəmə bu məsələni də araşdırmamışdı, halbuki həmin araşdırmanın çox mühüm rolu vardı. Belə ki, həmin araşdırmadan sonra məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verəcəkdilər. Bundan başqa məhkəmə çəkişmə prinsipini də pozmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında istifadəsində olan 050200-055-55 №-li telefonuna e-məhkəmə portalından SMS bildiriş göndərilmiş və həmin bildirişdə məlumat verilmişdir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki işin baxılması bu gün yəni xx.xx.2022-ci il tarixə saat 16.30 təyin edilib. Qeyd edir ki, göstərilən vaxt o, Gəncə Apellyasiya Məhkəməsində baxılan cinayət işi üzrə müdafiəçi qismində iştirak etdiyindən bu prossesdə iştirak edə bilməyəcək. Bunları nəzərə alaraq məhkəmədən xahiş etmişdir ki, prossesi təxirə salınması ilə yanaşı, prossesin vaxtı barədə, vəkillərin iş yükünü nəzərə almaqla, ən azı 1 həftə qabaq məlumat verilsin. Lakin buna baxmayaraq məhkəmə həmin ərizəni nəzərə almadan işə baxıb yekun qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil1 və digər vəkili Vəkil2 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdilər, şikayəti müdafiə etdiklərini bildirdilər, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızdıq üzündən kömək göstərdikdə və ya zərərin azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilən hallara görə iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Məhkəmənin bu yanaşması əsaslıdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə kreditor tərəfindən borcalana illik 16% ödənilməsi şərtilə 156 ay müddətinə 68000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh öhdəliklərini lazımınca icra etməmiş və onun kreditora xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə 15677.01 ABŞ dolları məbləğində əsas borc, 18897.99 ABŞ dolları məbləğində faiz borcu, 497.15 ABŞ dolları məbləğində cərimə, ümumilikdə isə 35072.15 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Bundan əlavə əsas və faiz borcuna münasibətdə məhkəmə kollegiyası tərəfindən borcun düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Ekspertizanın xx.xx.2023-cü il tarixli, 9/8801 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 26 noyabr 2007-ci il tarixdə bağlanmış 872(İ) saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş suallar üzrə Cavabdeh iddiaçı "xxxx" ASC-yə 01 aprel 2012-ci il tarixə olan əsas borc üzrə 58482,89 ABŞ dolları, faiz borcu üzrə 23502,00 ABŞ dolları, 08 sentyabr 2014cü il tarixə olan əsas borc üzrə 37265,84 ABŞ dolları, faiz borcu üzrə 42843,98 ABŞ dolları, 07 dekabr 2020-ci il (maliyyə arayışı c.i.v 72) tarixə olan əsas borc üzrə 15677,47 ABŞ dolları, faiz borcu üzrə 68339,70 ABŞ dolları təşkil edir. Həmçinin rəydə qeyd edilmişdir ki, iddia olunan (maliyyə arayışı c.i.v 72) və ekspertiza tədqiqatının gəldiyi faiz borcu nəticələri arasındakı kəsgin fərqə səbəb iş materiallarında 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsi üzrə faizlərin hesablanmasının hansı tarixdə dayandırılmasına dair heç bir məlumatın olmamasıdır. Ekspertizanın 20 dekabr 2023-cü il tarixli, 9/7628 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, kassa mədaxil orderləri və xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" ASC-yə ekspert qarşısında qoyulmuş birinci sual üzrə xx.xx.2014-cü il tarixə olan əsas borcu 65729,48 ABŞ dolları, faiz borcu 22159,58 ABŞ dolları, ikinci sual üzrə xx.xx.2014-cü il tarixə əsas borcu 24854,29 ABŞ dolları, faiz borcu 22159,58 ABŞ dolları, xx.xx.2014-cü il tarixə əsas borcu 21029,71 ABŞ dolları, faiz borcu 22159,58 ABŞ dolları, üçüncü və dördüncü suallar üzrə xx.xx.2018-ci il tarixə əsas borcu 24854,29 ABŞ dolları, faiz borcu 36005,88 ABŞ dolları və xx.xx.2018-ci il tarixə əsas borcu 21029,71 ABŞ dolları, faiz borcu 33721,33 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Belə ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tərəfindən kredit borcuna dair sənədlər (maliyyə arayışı, hesabdan çıxarış və s.) ətraflı araşdırılaraq, ödənişlər nəzərə alınmaqla müvafiq rəy verilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi kifayət qədər əsaslandırılmışdır, həmin rəyləri şübhə altına almaq üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, əsas və faiz borcunun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə iddia ərizəsinə uyğun müəyyən edilməlidir. Bundan başqa cərimə məbləğinin ödənilməsi tələbinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından göründüyü kimi, borcalana cərimə hesablanmasının mümkünlüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin cəriməni azaldaraq 50 ABŞ dolları həddində müəyyən etməsi işin hallarına uyğundur. Göründüyü kimi birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə əsaslıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)-27/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci Cavabdeh aid edilməklə, 300 manat pul cavabdeh X2 tululub SAP (XİİS), X3, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-10/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-10/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver