Məhkəmə qərarları › İş №2(104)-1000/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1000/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1000/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-610/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli 10618 nömrəli kredit müqaviləsi üzrə 3880 manat əsas, 640 manat faiz, 128 manat cərimə borcu olmaqla, cəmi 4648 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-610/2023 saylı qətnaməsi ilə (hakim X.Səfərli) İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10618 nömrəli kredit müqaviləsinə əsasən borcverən borcalana 36 ay müddətinə, illik 48 faiz dərəcəsilə 4900 manat kredit vermiş, borcalan eyni tarixdə ümumi çəkisi 40,70 qram olan, 6 ədəd, likvid dəyəri 1248 manat qiymətləndirilmiş qızılzinət əşyalarını lombarda girov qoymuşdur. Cavabdeh tərəfindən girov qoyulmuş qızılzinət əşyaları müştərinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə 2060 manata satılmış və kredit borcunun ödənilməsinə yönəldilmişdir. Girov qoyulmuş qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsaitdən əsas və faiz borcuna ödənişlər edilsə də, cavabdeh qalıq ödənişləri etməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yixarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddiaya münasibət bildirməsi üçün Cavabdeh iştirakını təmin etməmişdir. Bundan başqa məhkəmə qərar qəbul edərkən nəzərə almamaışdır ki, girov qoyulmuş qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsaitdən əsas və faiz borcuna ödənişlər edilsə də, cavabdeh qalıq ödənişləri etməmişdir. Həmçinin məhkəmə Cavabdeh iddiaçıya ünvanlanmış borcun ödənilməsinə dair güzəşt edilməsi barədə ərizəsini nəzərə almamışdır. Lakin məhkəmə tərəfindən təqdim edilən sənədləri sübut kimi hesab etməmiş, nəticədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçının özü və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçının vəkilini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10618 nömrəli kredit müqaviləsinə əsasən borcverən borcalana 36 ay müddətinə, illik 48 faiz dərəcəsiylə 4900 manat kredit vermiş, borcalan eyni tarixdə ümumi çəkisi 40,70 qram olan, 6 ədəd, likvid dəyəri 1248 manat qiymətləndirilmiş qızılzinət əşyalarını lombarda girov qoymuşdur. Cavabdeh tərəfindən girov qoyulmuş qızılzinət əşyaları müştərinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə 2060 manata satılmış və kredit borcunun ödənilməsinə yönəldilmişdir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, lombard fəaliyyəti ilə məşğul olan iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarını lombardda girova qoymaqla iddiaçıdan kredit almışdır. Cavabdeh kredit borcunun qaytarılması üzrə öz öhdəliyini icra etmədiyindən girov əşyalara tutma yönəldilmiş və əşyaların satılmasından əldə edilmiş vəsait hesabına kredit borcunun bir qismi ödənilmişdir. İddiaçı hazırda müqavilə üzrə əsas və faiz borcu cəmi 4648 manat qalıq borcu tələb edir. Buna baxmayaraq qanunvericilikdə lombard girovu ilə təmin edilmiş öhdəliklərlə bağlı xüsusi qaydalar müəyyən edilir. Belə ki, lombard girovu ilə təmin edilmiş öhdəlikdə kreditorun tələb hüququ girov qoyulmuş əşyaların satılmasından əldə edilmiş vəsaitlə məhdudlaşır və bu vəsait borcun ödənilməsinə kifayət etmədikdə belə kreditorun tələbləri ləğv olunur. Buna görə də iddia əsasız olduğu üçün təmin edilməməlidir. Bundan başqa, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış borcun ödənilməsinə dair güzəşt edilməsi barədə ərizənin iddianın etirafı hesab edilə bilməsi üçün qanuna zidd olmamalı və üçüncü şəxslərin hüquqlarını pozmamalıdır. Hazırkı iş üzrə satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi ilə iddiaçının tələb hüququna xitam verilmişdir. Beləliklə, borcu tələb hüququnun mövcud olmadığını bilməyən Cavabdeh ərizəsi iddianın etirafı hesab edilə bilməz, əks mövqe qanuna ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.3-cü maddəsinə əsasən saxlanca qoyulan əşyalar lombarda verilir. Həmin Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Həmin Məcəllənin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi lombard girovu ilə təmin edilmiş öhdəlikdə kreditorun tələb hüququ girov qoyulmuş əşyaların satılmasından əldə edilmiş vəsaitlə məhdudlaşır və bu vəsait borcun ödənilməsinə kifayət etmədikdə belə kreditorun tələbləri ləğv olunur. Göründüyü kimi qanunvericilik qısamüddətli kredit verən subyektin verdiyi krediti təmin edilməsi məqsədi ilə daşınar əşyaları girov götürmək hüququnu müəyyən etmişdir. Götürülmüş girov isə verilmiş krediti və həmin kreditin verilməsi ilə güddüyü qazancı təmin etməlidir. Ona görə də qanunverici xüsusi olaraq müəyyən etmişdir ki, lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-610/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-610/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar