Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1001/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(125)-498/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Yelo Bank” ASC-nin xeyrinə 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə 2977.62 ABŞ dollari əsas, 3810.32 ABŞ dolları faiz, 4805.36 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1466.1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13059.4 ABŞ dolları borcun və 156.60 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı "xxxx" ASC) illik 28 faizlə 24 ay müddətinə 10100 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 18 yanvar 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 2977.62 ABŞ dolları əsas borc, 3810.32 ABŞ dolları faiz borcu, 4805.36 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2015-ci tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1466 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5769.9 ABŞ dolları borcu vardır. Cavabdeh1 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 19221.43 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 4805.36 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Gəncə Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(125)-498/2023 saylı qətnaməsi ilə (hakim X.Səfərli) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2013-cü il tarixli, 10-M-3-0-89-13 saylı kredit müqaviləsinin surətindən görünür ki, kreditor "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 10100 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh2 ilə 18 yanvar 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(125)-498/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(125)-498/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-498/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi tam əsassızıdır, buna görə də işə apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Kredit müqqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2015-ci il tarixdə başa çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş, belə olar halda kredit müqaviləsi qüvvədə sayılır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafıq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafıq qrafık üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan əlavə şərti olaraq hesab edilsə ki, öhdəliyin icrası vaxtı xx.xx.2015-ci ildə başa çatmışdır, ona görə də, birinci instansiya məhkəməsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianın rədd edilməsi ilə bağlı qənaət formalaşmışdır ki, onda məhkəmə yenə də maddi hüquq normasının pozuntuna yol vermişdir. Belə ki, iddia tələbinin bir hissəsini kredit müqaviləsi üzrə 18 yanvar 2015-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1466.1 ABŞ dolları məbləğində zərər təşkil etmiş, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə də 3 illik müddəti tədbiq edərək iddianı rədd etmişdir.Halbuki, birinci instansiya məhkəməsi də qətnaməsində göstərdiyi kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasma görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hesab edirlər ki, iddiaçı olaraq tələb etdiyikləri illik 5 faiz pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddasinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin faktiki halından göründüyü kimi cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə "gecikdirilmiş vaxt üçün faizi" eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə birbaşa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanm) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifık xüsusiyyətləri nəzərə alnmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarındanməhrum edir. Buna görə də kredit borcunu vaxtında ödəməməklə borcun faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Hesab edirlər ki, "gecikdirilmiş vaxt üçün faiz" tələbi kredit müqaviləsindən irəli gələn hüquq deyil, bu hüququ birbaşa qanunun özü kreditora həvalə etməsi kreditorun bu tələbi irəli sürməsi müqavilədən yox, qanundan irəli gəlmişdir. Göründüyü kimi iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbinin rəddi üçün heç bir əsas olmadan məhkəmə düzgün olmayaraq iddianı rədd etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.6-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013cü il tarixli qərarı: 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(125)-498/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mübahisəyə iddia müddətinin ötürülməsi əsası ilə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq edərək iddianı rədd etmişdir ki, bununla da birinci instansiya məhkəməsi mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi 18 yanvar 2013-cü il tarixdə bağlanmış, müqavilə üzrə öhdəliyin icrasının son müddəti xx.xx.2015-ci il tarixinədək şərtləndirilmişdir ki, iddiaçı tərəfindən isə xx.xx.2022-ci il tarixdə iddia qaldırılmaqla, 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası iddiaçının apellyysiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 399.3-cü maddəsi müqavilədə nəzərdə tutulduğu halda müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamını, belə şərt olmadığı halda isə müqavilənin öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə olmasını müəyyən etməkdədir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhədliyin icrası müddəti 18 yanvar 2015-ci il tarixinədək şərtləndirilmişdir ki, hazırkı iş üzrə mübahsiə müqavilənin qüvvədə olma müddəti və ya müqavilənin qüvvədə olan müddətinin bitməsi ilə əlaqədar öhdəliyə xitam verilib-verilməməsi ilə bağlı deyil, müqavilə üzrə öhdəliyə müddətin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilməsi olmuşdur. Bundan başqa məhkəmə kollegiyası iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi ilə bağlı iddianın təmin edilməli olması ilə bağlı şikayətinin dəlilini də əsassız hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir ki, iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi də məhz əsas tələbdən irəli gəlmişdir. Həmin Məcəllənin 377.6-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(125)-498/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(125)-498/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.