Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1002/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, iddia müddəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(125)-641/2023 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana illik 28 faiz dərəcəsiylə 24 ay müddətinə 10100 ABŞ dolları kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür
2. xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 həmin kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür.
3. xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 ona məxsus **-BB- *** dövlət eydiyyat nişanlı, 2000-ci il buraxılışlı, «Mercedes Benz 320» minik markalı avtomobil ipoteka ilə yüklü etmişdir
4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizəsindən görünür ki, onlar iddia müddətinin keçməsinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 4726.31 ABŞ Dolları əsas, 8545.65 ABŞ dolları faiz borcu, 8345.70 ABŞ Dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 2271.45 ABŞ Dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 23889.11 ABŞ Dolları borcun və 211.83 manat ödənilmiş dövlət rüsumunun tutulması; Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan məbləğ, yəni cəmi 23889.11 ABŞ Dolları borcun və 211.83 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh3 mülkiyyətindəki **-BB-*** dövlət qeydiyyat nişanlı, 2000-ci il buraxılışlı, açıq yaşıl rəngli “Mercedes Benz-VİTO” minik markalı (ban: VSA**********4302) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi; İpoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin (hazırki İddiaçı ASC) Gəncə filialından illik 28 %-lə 24 ay müddətinə 10100 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə borcun qaytarılmasına dair məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda borcun təminatı olaraq Cavabdeh3 mülkiyyətindəki **-BB-*** dövlət qeydiyyat nişanlı 2000-ci il buraxılışlı açıq yaşıl rəngli “Mercedes Benz – VİTO” minik markalı avtomobilə xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış yüklülük dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 9.2-ci bəndinə görə borcalan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.14-cü bəndində nəzərdə tutulmuş miqdarında banka dəbbə pulu ödəməlidir. 2022-ci il oktyabr ayının 07-dək Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 4726.31 ABŞ dolları əsas, 8545.65 ABŞ dolları faiz borcu, 33382.8 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2015-ci ildən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 2271.45 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla ümumilikdə cəmi 48926.21 ABŞ dolları borcu vardır. Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 33382.8 ABŞ dolları təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyət arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 8345.70 ABŞ dolları məbləğində tələb olunur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdəgirov (ipoteka) predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda bildiriş qeydə alınması barədə reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavadbeh bildirişə münasibət bildirmişdir.
7. Gəncə şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(125)-641/2023 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, tərəflər arasında 24 ay müddətinə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixində bitmiş, iddiaçı həmin tarixdən 8 ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə iddia müddətini ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2, 385.1, 442, 448.1, 739.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(125)-641/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2015-ci il tarixdə başa çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş, belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Əlavə şərti olaraq hesab edilsə ki, öhdəliyin icrası vaxtı xx.xx.2015-ci ildə başa çatmışdır. Ona görə də birinci instansiya məhkəməsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianın rədd edilməsi ilə bağlı qənaət formalaşmışdır, onda məhkəmə yenə də maddi hüquq normasının pozuntusuna yol vermişdir. İddia tələbinin bir hissəsini kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2271.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla zərər təşkil etmiş, nədənsə birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə də 3 illik iddia müddəti tətbiq edərək iddianı rədd etmişdir.Tələb edilən illik 5 faiz pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
15. İş üzrə Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Maddə 445.1. Öhdəliyin icrasını gecikdirən borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır.
25. Maddə 739.1. Borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarı.
27. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarı.
28. Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri instutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarı.
29. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
30. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
31. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
42. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Gəncə şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(125)- 641/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Beləliklə, işin halları ondan ibarətdir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin (hazırki İddiaçı ASC) Gəncə filialından illik 28 %-lə 24 ay müddətinə 10100 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə borcun qaytarılmasına dair məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda borcun təminatı olaraq Cavabdeh3 mülkiyyətindəki **-BB-*** dövlət qeydiyyat nişanlı 2000-ci il buraxılışlı açıq yaşıl rəngli “Mercedes Benz – VİTO” minik markalı avtomobilə xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış yüklülük dövlət qeydiyyatına alınmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində Cavabdeh1 kredit üzrə banka əsas borcu 4726.31 ABŞ dolları əsas borcun, 8545.65 ABŞ dolları faiz borcunun, 33382.8 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2015-ci ildən xx.xx.2022-ci il tarixədək illik 5 % hesablanmaqla 2271.45 ABŞ dolları əldə çıxmış fayda borcu olmaqla cəmi borc 48926.21 ABŞ dolları təşkil edir.
45. Apellyasiya şikayətinin dəlillərində iddiaçının nümayəndəsi göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2015-ci il tarixdə başa çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş, belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Həmin dəlillə bağlı Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmişdir.
46. Digər dəlil isə ondan ibarətdir ki, iddia tələbinin bir hissəsini kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2271.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla zərər təşkil etmiş, kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmayaraq hesab edir ki, iddia müddəti keçdiyindən iddia tələbinin - “iddia tələbinin bir hissəsini kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2271.45 manat məbləğində əldən çıxmış fayda”, hissəsinin təmin edilməsi üçün heş bir hüquqi əsas yaranmır.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında 24 ay müddətinə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixində bitmiş, iddiaçı həmin tarixdən 8 ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə iddia müddətini ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuş, maddi və ya prosessual hüquq pozuntusuna yol verməmişdir.
48. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
49. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və təmin olunmamalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(125)-641/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.