Məhkəmə qərarları › İş №2(104)-1003/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1003/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1003/2024 14.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun ödənilməsi, əldən çıxmış fayda Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-51/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “İcarəyəverən” X4 və “icarəçi” "xxxx" MMC-nin direktoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İcarəyəverən “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı, 1FA6P8TH4F5375655 BAN nömrəli avtomobili İcarəçinin xidməti ehtiyacları üçün icarəçinin istifadəsində icarəyə verilir, İcarəçi isə həmin nəqliyyat vasitəsini icarəyə qəbul edir.

2. "xxxx" MMC-nin direktoru X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 002 saylı avtomobilin icarə müqaviləsindən görünür ki, "xxxx" MMC “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixə kimi-6 gün müddətinə gündəlik qiyməti 150 manata Cavabdeh idarə etmək üçün icarəyə verir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən icarədarın ehtiyatsızlığı ucbatından avtomobilə zərər vurulmuşsa avtomobilin təmirinə ayrılmış xərc əvvəlcədən icarədar tərəfindən ödənilməlidir. Nasazlıqla əlaqədar avtomobilin istifadəsiz qaldığı müddətə icarə haqqı daxildir.

3. 22.12.2021-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 60 manat məbləğində inzibati cərimə edilmişdir.

4. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, ƏEM/M-65-238/22 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, X3 məxsus “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəza nəticəsində itirilmiş əmtəə dəyəri 15 mart 2022-ci il tarixinə 9450.0 (doqquz min dörd yüz əlli) manat təşkil edir.

5. xx.xx.2021-ci il tarixli zərər aktından görünür ki, “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 17750 (on yeddi min yeddi yüz əlli) manat ziyan dəymişdir.

6. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-nə avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 18450 manat borcunun yarandığını və həmin borc məbləğinin ödənilməsini təmin etməyi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir.

8. 11.03.2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 6 saylı Hüquq Məsləhətxanasının hesabına 200 (iki yüz) manat pul ödənilmişdir.

9. Ödəniş tapşırığından və sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən Turan Əliməmmədovun hesabına “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 13700.00 manat pul ödənilmişdir.

10. 13.02.2023-cü il tarixli, 9/9130 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Mustang” markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14509.0 manat müəyyən edilir.

11. 11.09.2023-cü il tarixli, 9/4292 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Mustang” markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14509.0 manat müəyyən edilir.

12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8445- 8/3340 nömrəli ekspert rəyindən görünür ki, nəqliyyat vasitəsinin təmir müddətinin müəyyən edilməsi məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyildir. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır; nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Mustang” markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14509.0 manat müəyyən edilir; “Ford Mustang” markalı, 2015-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 34000.0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% - 34000.0 manat (3400.0 manat x10%) aşağı olması istisna edilmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18450 (on səkkiz min dörd yüz əlli) manat əsas məbləğ, vəkil xidməti üçün ödənilmiş 200 (iki yüz) manat, ödənilmiş 146 (yüz qırx altı) manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 002 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, “Ford Mustang” markalı, **-RT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 150 (yüz əlli) manat olmaq şərti ilə icarəyə verilmişdir. xx.xx.2021-ci il saat 21:40 radələrində Şəmkir rayonu Kür qəsəbəsində Cavabdeh tərəfindən qəza törədilmiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Dəymiş zərərin bir qismi sığorta tərəfindən qarşılanmışdır. Lakin, icarə müqaviləsindən irəli gələn öhdəliklərə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında 18450 (on səkkiz min dörd yüz əlli) manat borcu yaranmışdır. Cavabdeh ilə aralarında bağlanılmış müqavilənin 4.6-cı bəndinə əsasən nasazlıqla əlaqədar avtomobilin istifadəsiz qaldığı müddətə icarə haqqı daxildir. Nəqliyyat vasitəsi 60 gün istifadəsiz (təmirxanada) qalmışdır. Avtomobili günlük 150 (yüz əlli) manata verilmiş və 9000 (doqquz min) manat fayda əldən çıxmışdır. Əlavə olaraq sözü gedən qəzada nəqliyyat vasitəsi 9450 (doqquz min dörd yüz əlli) manat bazar dəyərini itirmişdir. Qəza baş verən zaman Cavabdeh dəymiş zərəri tezliklə ödəyəcəyinə dair söz vermişdir. Lakin, cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdeh borcun ödənilməsi ilə bağlı heç bir səy göstərməmişdir. Ona görə də o məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh 18450 (on səkkiz min dörd yüz əlli) manat əsas məbləğ, vəkil xidməti üçün ödənilmiş 200 (iki yüz) manat, ödənilmiş 146 (yüz qırx altı) manat dövlət rüsumunun iddiaçı Avtorent 727” MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-51/2024 nömrəli qətnaməsi (hakim Rəşad Mustafayev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 4200 (dörd min iki yüz) manat əldən çıxmış fayda və 3400 (üç min dörd yüz) manat əmlakın itirilmiş dəyəri olmaqla cəmi 7600 (yeddi min altı yüz) manat zərər məbləği, 200 (iki yüz) manat vəkilə ödənilmiş məbləğ, 96 (doxsan altı) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, "xxxx" MMC-dən və Cavabdeh müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi, iddia tələbinin digər hissədə təmin edilməməsi, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.

16. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 21.2, 157.8, 442, 443, 443.2, 448.1, 448.2, 1096.2, 1097.1 və 1115-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 216-220ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2(076)-51/2024 saylı qətnamənin 3400 (üç min dörd yüz) manat əmlakın itirilmiş dəyəri və 4200 manat əldən çıxmış fayadaya görə iddianın qismən həmin təmin olunmuş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qətnamədə məhkəmənin iddiaçı "xxxx" MMC ilə Cavabdehla arasında olan müqavilədə nasazlıqla əlaqədar avtomobilin istifadəsiz təmirdə qaldığı konkret hansı müddətdə icarə haqqının ödənilməsi nəzərdə tutulmamış, eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizanın rəyi ilə nəqliyyat vasitəsinin təmir müddətinin müəyyən edilməsi qeyri-mümkün olmuş, həmçinin iş materialları ilə cavabdehin ucbatından avtomobilin istifadəsiz qalıb təmirxanada olması öz təsdiqini tapmamış və mötəbər sübutlar təqdim edilməməsi qeyd edilmişdir. Hesab edirlər ki, iddiaçı tərəf avtomobil kirayəçisidir və belə riskləri nəzərə alaraq fəaliyyət göstərir. Çünki, həmin avtomobilin ayda neçə gün kirayə verilməsi və orta statistik rəqəmlə hesabla aparılsa bəlkədə həmin avtomobilin tələbi ayda bir neçə gündür. Yəni iddiaçıdan mübahisəli avtomobili ildə və ayda son illər üzrə statistik orta kirayə verilməsi günləri hesablanmalı və həmin sənəd təqdim edilməli idi. Əgər avtomobil ayda bu müddətdən az kirayə verilirsə, onda onun ya təmirxanada yada, ki salonda olması iddiaçıya heç bir ziyan vurmamasını dəlil edir. İkinci bir məsələ əmlakın dəyərinin 3400 manat itirilməsi hissəsində, məhkəmənin gəldiyi nəticə ilə belə razılaşmırlar ki, ekspert rəyindəki 3400 manat dəyərində istisna edilməməsi qeyd edilmiş, bununla da məhkəmə ekspertiza tərəfindən ən yüksək göstərilən məbləği yəni 3400 manat müəyyən etmişdir. Belə olan halda, həmin məbləğdən aşağı məbləğ təyin edə bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İş üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Sonuncu məhkəmə iclasina görə cavabdehin vəkili və nümayəndəsi müraciətində işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

26. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

30. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

31. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

35. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

36. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir

42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

51. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

53. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-51/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Beləliklə, işin halları ondan ibarətdir ki, X4 ilə "xxxx" MMC-nin direktoru X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 002 saylı icarə müqaviləsinə əsasən Turan Əliməmmədov ona məxsus olan “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı, 1FA6P8TH4F5375655 BAN nömrəli avtomobili "xxxx" MMC icarəyə vermişdir. "xxxx" MMC-nin direktoru X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 002 saylı avtomobilin icarə müqaviləsinə əsasən isə "xxxx" MMC “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixə kimi-6 gün müddətinə gündəlik qiyməti 150 manata Cavabdeh idarə etmək üçün icarəyə vermişdir. Cavabdeh avtomobilin 6 günlük icarə haqqını 900 manatı əvvəlcədən ödəmiş və avtomobili təhvil almış, avtomobili iki gün istifadə etdikdən sonra xx.xx.2021-ci il tarixdə “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və avtomobilə maddi zərər vurmuşdur.

56. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin və əldən çıxmış faydanın ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

57. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

58. Azərbaycan Respublikasının MM-in 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

59. Azərbaycan Respublikasının MM-in 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

60. Bundan başqa, Azərbaycan Respublikasının MM-in 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.

61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur.

62. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

63. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Çünki, iddiaçıya məxsus olan “FORD MUSTANG” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh xx.xx.2021-ci il tarixli, 002 nömrəli icarə müqaviləsi ilə icarəyə verilmiş və həmin avtomobil cavabdehin istifadəsində olan zaman yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində avtomobilə ziyan dəymişdir. “FORD MUSTANG” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehin törətdiyi tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində ziyan yetirilməsi iş materialları ilə təsdiqini tapır.

64. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 9/8445-8/3340 nömrəli rəyi ilə, nəqliyyat vasitəsinin təmir müddətinin müəyyən edilməsi məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyildir. Odur ki, qeyd olunan sual üzrə yolnəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır; nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Mustang” markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14509.0 manat müəyyən edilir; “Ford Mustang” markalı, 2015-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 34000.0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% -34000.0 manat (3400.0 manat x10%) aşağı olması istisna edilmir.

65. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-in 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

66. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

67. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert həmin rəyini əsaslandırmış, rəy verərkən malın (işin, xidmətin) bazar qiyməti və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, reklam mənbələri məlumatlarından istifadə olunmuşdur.

68. Məhkəmə kollegiyası “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində itirdiyi əmtəə dəyərinin 10%, yəni 3400 (üç min dörd yüz) manat müəyyən edilməsini daha ağlabatan və ədalətli hesab edir.

69. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 002 nömrəli avtomobilin icarə müqaviləsinin şərtlərinin pozulması nəticəsində iddiaçıya əldən çıxmış fayda şəklində zərər vurulmuşdur

70. Qeyd edilməlidir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.

71. Azərbaycan Respublikasının MM-in 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

72. Belə ki, xx.xx.2021-ci il tarixli, 002 nömrəli icarə müqaviləsinin şərtlərindən görünür ki, icarədarın ehtiyatsızlığı ucbatından avtomobilə zərər vurulmuşsa avtomobilin təmirinə ayrılmış xərc əvvəlcədən icarədar tərəfindən ödənilməlidir. Nasazlıqla əlaqədar avtomobilin istifadəsiz qaldığı müddətə icarə haqqı daxildir.

73. İşin faktiki hallarından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh icarəyə götürdüyü “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən sonra nasazlıqla əlaqədar avtomobilin istifadəsiz qaldığı müddətdə əldə edəcəyi qazancından məhrum olmuşdur. Lakin, buna baxmayaraq iddiaçı "xxxx" MMC Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi törədildikdən sonra nəqliyyat vasitəsinin 60 gün istifadəsiz (təmirxanada) qaldığını göstərməklə, 9000 manat əldən çıxmış fayda tələb etmiş olsa da, tərəflər arasında olan müqavilədə nasazlıqla əlaqədar avtomobilin istifadəsiz təmirdə qaldığı konkret hansı müddətə icarə haqqının ödənilməsi nəzərdə tutulmamış, eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının rəyi ilə nəqliyyat vasitəsinin təmir müddətinin müəyyən edilməsi qeyri-mümkün olmuş, həmçinin digər iş materialları ilə Cavabdeh tərəfindən yolnəqliyyat hadisəsi törədildikdən sonra “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin 60 gün müddətində istifadəsiz qalıb təmirxanada olması öz təsdiqini tapmamış və səbəbləri göstərilməməklə mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

74. Qeyd olunan müqavilədə nasazlıqla əlaqədar avtomobilin istifadəsiz təmirdə qaldığı konkret hansı müddətə icarə haqqının ödənilməsi nəzərdə tutulmadığından, həmçinin həmin müddətin 60 gün olması ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, avtomobilin təmir olunması üçün ağlabatan müddətin 30 gün qəbul edilməsi ədalətli və ağlabatandır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

75. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.

76. Apellyator tərəfindən şikayətində ekspert rəyinin əsassız hesab edilməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər də iş materialları ilə təsdiqini tapmır. Belə ki, ekspert rəyinin əsassız olması və ya əksini təsdiq edəcək mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir.

77. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.

78. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

79. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

80. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

83. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

84. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.

85. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-51/2024 nömrəli qətnaməsi – iddianın təmin edilmiş - hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar