Məhkəmə qərarları › İş №2(104)-1004/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1004/2023

17.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1004/2023 17.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cavabdeh2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli 2(044)-634/2021 nömrəli qərardadına əsasən əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(044)- 634/2021 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reqres qaydada pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-634/2021 nömrəli iş üzrə 15 yanvar 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0.2144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli 2(104)- 1711/2021 nömrəli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-634/2021 nömrəli, 15 yanvar 2021-ci il tarixli qərardadıdəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli 2(044)-634/2021 nömrəli qərardadına əsasən Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0.2144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reqres qaydada pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, eləcə də iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. İşə məhkəmədə baxılarkən ona məxsus Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0.2144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Halbuki “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarına əsasən, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Onun mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 1 hektardan azdır. Həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və bütün xərclərini ödəyir. Torpaq sahəsinin üzərində həbsin qalması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Gəncə Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(044)-634/2021 nömrəli (hakim: F.Fərhadov) qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-634/2021 nömrəli iş üzrə 15 yanvar 2021-ci il tarixli qərardadı ilə torpaq sahəsinin üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbirinin (iddianın təmin etmə tədbiri) ləğv edilməsinə dair Cavabdeh2 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh2 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 ərizədə qeyd olunanlarla yanaşı şikayətini onunla əsaslandırmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ərizə üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və faktiki hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reqres qaydada pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası Cavabdeh2 aid hissədə təmin edilməmişdir. Yəni, qətnamə əsasında verilmiş icra sənədi üzrə borclu deyil. Belə olan halda mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0.2144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin saxlanılması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Gəncə Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 2(044)-634/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin ikinci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. İddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı;. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1.1. və 158.1.2. maddəsinə görə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reqres qaydada pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli 2(044)-634/2021 nömrəli qərardadı ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********01 reyestr nömrəli ********** qeydiyyat nömrəli və 18 noyabr 2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0.2144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardad qanuni qüvvəyə minmiş və icra edilmişdir. Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün 1 hektardan az olduğuna tələbin yönəldilə bilməyəcəyi əmlak olmasını, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməsini və torpağa dair bütün xərcləri ödəməsini, habelə torpaq sahəsinin üzərində həbs qalmasının onun mülkiyyət hüquqlarını məhdudlaşdırmasını, eləcə də, iddia tələbinin ona aid hissədə rədd olunmasını əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reqres qaydada pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(044)-634/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 207881,34 (iki yüz yeddi min səkkiz yüz səksən bir dollar otuz dörd sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(104)-4163/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(044)-634/2021 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni Cavabdeh1 207881,34 (iki yüz yeddi min səkkiz yüz səksən bir dollar otuz dörd sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2022-ci il tarixli 2(102)-2808/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(104)-4163/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(044)-634/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reqres qaydada pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası Cavabdeh2 aid hissədə təmin edilməmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Yəni Cavabdeh2 qətnamə əsasında verilmiş icra sənədi üzrə borclu deyil, habelə sonuncu barəsində icra tədbirləri həyata keçirilmir. Belə olan halda kollegiya hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********01 reyestr nömrəli ********** qeydiyyat nömrəli və 18 noyabr 2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0.2144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi mülki prosessual qanunvericilyə görə, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan hallara düzgün hüquqi qiymət vermədən ərizəni təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.3. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 162, 263-264, 357, 360, 398.0.3, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(044)-634/2021 nömrəli qərardadı tamamilə, həmin qərardadla bağlı 17 fevral 2023-cü il tarixli 2(044)-634/2021 nömrəli qərardadı isə qismən, “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. Cavabdeh2 tərəfindən verilmiş əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli 2(044)-634/2021 nömrəli qərardadı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********01 reyestr nömrəli ********** qeydiyyat nömrəli və 18 noyabr 2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0.2144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar