Məhkəmə qərarları › İş №2(104)-1006/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1006/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1006/2024 22.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-64/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMQBKT-ti iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 7794 manat əsas, 1924,82 manat faiz, 71,53 manat cərimə - cəmi 9790,35 manat və ödənilmiş 117,91 manat dövlət rüsumunun İddiaçı MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-64/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Mahir Niftəliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 7794 manat əsas, 1924,82 manat faiz, 71,53 manat cərimə - cəmi 9790 (doqquz min yeddi yüz doxsan) manat 35 (otuz beş) qəpik və ödənilmiş 117,91 manat dövlət rüsumu tutularaq İddiaçı MMQBKT-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-64/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, banka xeyli məbləğ ödəsə də, nəzərə alınmamış və məhkəmə-mühasibatlıq ekspertizası keçirilməmiş, məhkəmə yalnız iddiaçı Bankın verdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini təmin etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 1006/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və eksperizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 1006/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş üzrə tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-64/2024 nömrəli qətnaməsi faiz ilə bağlı hissədə dəyişdirilməli və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 7794 manat əsas, 434.89 manat faiz, 71,53 manat cərimə - cəmi 8300 (səkkiz min üç yüz) manat 42 (qırx iki) qəpik məbləğində borc alınaraq İddiaçı MMQBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-64/2024 nömrəli qətnaməsindən yalnız Cavabdeh2 apellyasiya şikayəti versə də, şikayət qərarın ləğv edilməsinə yönəldiyindən və mübahisənin predmeti bölünməz olduğundan, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 26 faizlə 9000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun kredit təşkilatı qarşısında olan öhdəliklərini tamamilə icra etmələrini öz üzərlərinə götürmüşlər. İddiaçı MMQBKT-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 əsas kredit borcu üzrə 7794 manat, faiz borcu 1924,82 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/4558/2024 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, **********1342 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixinə İddiaçı MMQBKT-nə əsas borc üzrə 7869,93 manat, faiz borcu üzrə 434.89 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı MMQBKT ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, **********1342 nömrəli kredit müqaviləsi bağlanmış və iddiaçı Bank tərəfindən cavabdehə şəxsi məqsədləri üçün 24 ay müddətinə, illik 26% dərəcəsi ilə 9000 manat kredit məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə görə kreditin qaytarılmasının son müddəti xx.xx.2024-cü il tarix müəyyən edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, əsas kredit borcunu və ona hesablanmış faizləri vaxtlı-vaxtında və tam ödəməmiş, nəticədə iddiaçı Banka borclu qalmışdır. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edildi ki, İddiaçı MMQBKT tərəfindən iddia ərizəsində və işə əlavə edilmiş maliyyə arayışında Cavabdeh2 borcunun 7794 manat əsas borc, 1924,82 manat faiz borcu, 71,53 manat cərimə borcu olmaqla, cəmi 9790,35 manat təşkil etməsi göstərilmiş və birinci instansiya məhkəməsi həmin maliyyə sənədinə əsaslanmaqla, iddianı həmin məbləğlərdə təmin etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq, apellyasiya şikayəti vermişdir. Ona görə də, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-9/4558/2024 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəyə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, **********1342 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixinə İddiaçı MMQBKT-nin əsas borc üzrə 7869,93 manat, faiz borcu üzrə 434.89 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh2 FİNCA Azerbaijan» MMQBKT ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşmış, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə iddiaçı Banka əsas kredit borcu üzrə 7869,93 manat əsas, 434.89 manat faiz borcu məbləğində borclu qalmışdır. İş üzrə verilmiş ekspert rəyi ilə hətta Cavabdeh2 əsas borcunun iddiaçı Bankın hesabladığı məbləğdən daha artıq olması müəyyən edilmiş, lakin kollegiya iddia tələbindən kənara çıxmayaraq, hesab edir ki, əsas borc məbləği iddiaçı Bankın öz iddiasında tələb etdiyi məbləğdə, faiz borcu isə ekspert rəyində göstərilən məbləğdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-64/2024 nömrəli qətnaməsi faiz ilə bağlı hissədə dəyişdirilməli və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 7794 manat əsas, 434.89 manat faiz, 71,53 manat cərimə - cəmi cəmi 8300 (səkkiz min üç yüz) manat 42 (qırx iki) qəpik məbləğində borc alınaraq İddiaçı MMQBKT-nin xeyrinə ödənilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ekspertiza xərci tərəflərə aid edilməli və 100 manat məbləğində olan ekspertiza xərci bölünərək, İddiaçı MMQBKT -dən 20 manat, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 80 manat məbləğində alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-64/2024 nömrəli qətnaməsi faiz ilə bağlı hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 7794 manat əsas, 434.89 manat faiz, 71,53 manat cərimə - cəmi 8300 (səkkiz min üç yüz) manat 42 (qırx iki) qəpik məbləğində borc alınaraq İddiaçı MMQBKT-nin xeyrinə ödənilsin. 100 manat məbləğində olan ekspertiza xərci İddiaçı MMQBKT -dən 20 manat, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 80 manat məbləğində alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar