Məhkəmə qərarları › İş №2(104)-1006/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1006/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1006/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki üzrə Tərtər Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 443nkBRD/23 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə xx.xx.2026-cı il tarixinədək illik 25% ödəmək şərtilə 9871 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdehin həmin kredit müqaviləsi üzrə 19 sentyabr 2024-cü il tarixə 9683,54 manat əsas, 1403,59 manat faiz, 140,64 manat cərimə, ümumilikdə 11.227,77 manat məbləğində kredit borcu yaranmışdır. Bank hazırki iş üzrə tələb hüququnu xx.xx.2022-ci il tarixli, 02/22 nömrəli müqaviləyə 34 nömrəli Əlavə əsasında 11 aprel 2025-ci ildə "xxxx" ASC-yə satmışdır. Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 9683,54 manat əsas, 1403,59 manat faiz, 140,64 manat cərimə borcu olmaqla, ümumilikdə 11.227,77 manat məbləğində pul vəsaiti və ödənilmiş 124,09 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 443nkBRD/23 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2026-cı il müddətinədək, illik 25 faiz ödəmək şərtilə 9871 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş, dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 19 sentyabr 2024 tarixə Banka 9683,54 manat əsas, 1403,59 manat faiz, 140,64 manat cərimə, cəmi 11.227,77 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor Bank öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(061)-81/2025 nömrəli iş üzrə qəbul etdiyi 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbi təmin edilmiş, cavabdehdən əsas borc üzrə 9683 manat, faiz borcu üzrə 1403,59 manat, cərimə 140,64 manat, ümumilikdə 11.227,77 manat, və ödənilmiş 124,09 manat məbləğində dövlət rüsumunun alınıb Banka verilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borclarının mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun olaraq istifadə etməyi və məyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasında izahat vermiş cavabdeh maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilmədiyini, iddiaçının ondan tələb etdiyi pul vəsaiti və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2, 442, 449.1, 449.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazlarını və izahatlarını sübut kimi qiymətləndirməmişdir. Məhkəmə tələb olunan kredit borcunu düzgün müəyyən etməmək üçün maliyyəmühasibatlıq ekspertizasının keçirilməsi barədə şifahi vəsatətə əhəmiyyət verməmişdir. Yaranmış borclar şişirdilmiş borclardır və bu borcların bu qədər olması maliyyə arayışı ilə təsdiq edilə bilməz. Qeyd edilən borcların dəqiq müəyyən edilməsi məhkəmə maliyyəmühasibatlıq ekspertizası təyin etməklə mümkündür. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Bank apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, cavabdeh birinci instansiya məhkəməsində borc məbləğini mübahisələndirməmiş, borcu qəbul etdiyini bildirmişdir. Cavabdeh borc məbləğinin düz olmadığını təsdiq edən heç bir sübut təqdim etmədiyindən ekspertizanın keçirilməsinə zərurət yaranmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, iddia tələbinin 9683,54 manat əsas borcun ödənilməsi hissəsində iddianı təmin etmiş birinci instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bank ilə cavabdeh arasında xx.xx.2023cü il tarixdə bağlanmış 443nkBRD/23 nömrəli kredit müqaviləsinə əsasən Bank cavabdehə xx.xx.2026-cı il müddətinədək illik 25% dərəcəsi ilə 9871 manat məbləğində kredit vermişdir. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdehin kredit müqaviləsi üzrə 19 sentyabr 2024-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 9683,54 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 1403,59 manat, borcun ödənilməsinin gecikdirilməsi üçün hesablanmış cərimə borcu 140,64 manat təşkil edir. Həmçinin Bankın təqdim etdiyi xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehin 443nkBRD/23 nömrəli kredit müqaviləsinə əsasən Banka xx.xx.2024-cü il tarixə 9683,54 manat əsas, 763,94 manat faiz, 24,2 manat cərimə borcu yaranmışdır. Həmin bildirişdə cavabdehə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın, hazırki halda cavabdehin üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyini sübut edə bilmir. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirməsi aşkardır. Cavabdeh apellyasiya şikayətində kredit borcunun düzgün hesablanmadığını bildirir. Cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bank ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və yuxarıda qeyd edilən kredit müqaviləsindən görünür ki, borc məbləği illik 25 faiz dərəcəsi ilə verilmiş, əsas borc üzrə ödəniş müqaviləyə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə əsas borc məbləği düzgün müəyyən edilmişdir. Cavabdeh isə həmin məbləğin düzgün hesablanmadığını bildirsə də, bildirdiklərini əsalandırmamış və ya Bankın hesablamalarını şübhə altına alacaq hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Ona görə də Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə cavabdehin dəlilləri əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə faiz və cərimə borcunu düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı Bank məhkəməyə xx.xx.2024-cü il tarixli maliyyə arayışı təqdim etmiş və həmin maliyyə arayışı əsasında birinci instansiya məhkəməsi cavabdehdən kredit müqaviləsi üzrə 1403,59 manat faiz borcu və 140,64 manat cərimə borcu tutmuşdur. Halbuki iş materiallarından aydın olur ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi barədə bildiriş xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Buna baxmayaraq, Bank həmin müddətdən sonra da faiz və cərimə borcu hesablanmağa davam etmiş və xx.xx.2024-cü il tarixə hesablanmış faiz və cərimə borcu cavabdehdən tələb edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Yuxarıda qeyd edildiyi kimi kredit müqaviləsinin ləğv edilməsi barədə bildiriş cavabdehə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Bununla da Bank müqavilənin hissəhissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin, dəbbə pulunun), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu halda iddiaçı Bank cavabdehdən kredit müqaviləsinin qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixədək faiz və cərimə borcu hesablamaq hüququna malik olmuşdur. Apellyasiya araşdırmasının nəticələrindən görünür ki, birinci instansiya məhkəməsi faiz və cərimə borcunun məbləğini düzgün müəyyən etməmişdir. Ona görə də, qətnamə həmin hissələrdə dəyişdirilməli və faiz və cərimə borcu xx.xx.2024-cü il tarixli bildir.ə uyğun olaraq müəyyən edilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsaslıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarını düzgün müəyyən etməsinə baxmayaraq, faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir; qalan hissələrdə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Odur ki, MPM-nin 384.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni 1403,59 manat faiz borcunun və 140,64 manat cərimə borcunun Bankın xeyrinə ödənilməsi hissəsində dəyişdirilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Tərtər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tаrixli qətnamə, Cavabdeh 1403,59 manat faiz borcunun və 140,64 manat cərimə borcunun iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 763,94 manat faiz borcu, 24,2 manat cərimə borcu tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Tərtər Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar