Məhkəmə qərarları › İş №2(104)-1007/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1007/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1007/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: itirilmiş təbii qazın dəyərinin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Naftalan şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(052)-240/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 22 fevral 2022-ci il tarixli, 6433.02.22 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi”nin surətindən görünür ki, Gəncə X3 İdarəsi ilə Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

2. 10 sentyabr 2021-ci il tarixli, ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir.

3. 30 noyabr 2021-ci il tarixli, MSK-29/1710-04172-1 nömrəli “qaz sayğacının yoxlanılması barədə” və 28 fevral 2022-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomblar aşkar olunmamışdır. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacda istismar müddətində 28 oktyabr 2014-cü il tarixdə ALARM-1 rejimi aşkar olunmuşdur. Xətalar normaya uyğundur.

4. 28 fevral 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1440 m3 olduğu müəyyən edilmişdir.

5. Abonentin saldosuna əsasən Cavabdeh akt üzrə 172.8 manat borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 172.80 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN ********** M/H AZ03NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X1 X3 İdarəsi ilə Cavabdeh (kod:**********00270) arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 22 fevral 2022-ci il tarixli, 64xx.xx.2022 saylı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). Belə ki, Gəncə X3 İdarəsinin əməkdaşları tərəfindən cavabdehə məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ******* saylı, 10 sentyabr 2021-ci il tarixli akt əsasında yeni sayğacla əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün “informasiya texnologiyaları və rabitə idarəsinin sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”nın MSK 29/1710-04172-1 saylı rəyinə əsasən sayğaca ümumi baxış keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan plombların aşkar edilmədiyi, sayğacda ALARM-1 rejiminin aşkarlandığı məlum olmuşdur. Bundan sonra həmn rəyin əsasında itirilmiş qazın hesablanması üçün 28 fevral 2022-ci il tarixdə ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə 1440 m3 hesabat aparılmaqla 172.80 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş və “Azəriqaz” X1 X3 İdarəsinə 172.80 manat məbləğində borcu yaranmışdır. Borc əsaslıdır, istehlakçı tərəfindən ödənilməlidir. Lakin, cavabdeh borcu könüllü ödəməkdən imtina edir.

8. Naftalan şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(052)-240/2022 nömrəli qətnaməsi ilə (hakim Tural Ələkbərov) iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının “Qaza təchizatı haqqında” Qanununun 13-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.2, 4.7, 4.8, 4.9-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, və 119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti verərək, Naftalan şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(052)-240/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçıya 2022-ci ilin fevral ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək cavabdehin abonent hesabına işlənmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləmiş, iş materiallarını səthi araşdıraraq işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ekspertiza rəyini nəzərə almamış, araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

13. İş üzrə iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları

16. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

17. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

18. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

29. İddiaçının nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

31. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Mülki qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu, delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

33. İddiaçının nümayəndəsi bildirmişdir ki, borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır. Lakin buna dair sübut təqdim etməmişdir, cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.

35. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Naftalan şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(052)-240/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar