Məhkəmə qərarları › İş №2(104)-1008/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1008/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1008/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Xocalı Rayon Məhkəməsinin 2 (070)-213/2022 saylı mülki iş üzrə 30 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2021-ci il tarixli RGTK4166388A156 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 72 ay müddətinə illik 20 faiz olmaqla 9676.46 manat məbləğində kredit verilmişdir.

2. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2021-ci il tarixli RGTK4166388A156 saylı kredit müqaviləsi üzrə İddiaçı ASCyə 9676.46 manat əsas borcu, 1664.33 manat faiz borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9676.46 manat əsas borc, 1664.33 manat faiz borcu olmaqla, cəmi 11340.79 manat borc və ödənilmiş 124.02 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK4166388A156 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 72 ay müddətinə 20 faiz olmaqla 9676.46 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin İddiaçı ASC-yə 9676.46 manat əsas borcu, 1664.33 manat faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh borcun qaytarılmasını təmin etməmişdir.

5. Xocalı Rayon Məhkəməsinin 2 (070)-213/2022 saylı mülki iş üzrə 30 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əliyev) iddia təmin edilmiş, Cavabdeh 9676.46 manat əsas borc, 1664.33 manat faiz borcu olmaqla, cəmi 11340.79 manat borc və ödənilmiş 124.02 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 390.1, 442, 443.1, 445.1, 448.1 və 449.1 maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Xocalı Rayon Məhkəməsinin 2 (070)-213/2022 saylı mülki iş üzrə 30 dekabr 2022-ci il tarixli qənaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, banka dəfələrlə ödəniş etməsinə baxmayaraq, əsas borcdan heç bir məbləğ azalmamış, məhkəmə bu halı araşdırmamışdır. Hesab edir ki, məhkəmə öz təşəbbüsü ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Çünki, məhkəmə iclaslarından məlumatı olmadığı üçün iddia tələbinə dair vəsatət və etiraz verə bilməmişdir.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

10. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

15. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 19.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib molaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 21.Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

22. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

23. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası ilk növbədə şikayətin dəlillərindən olan məhkəmə iclasının cavabdehin iştirakının təmin edilməməsi məsələsinə qiymət verməyi zəruri hesab edir və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinəəsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişməsi əsasında həyata keçirilməsi prinsipi mülki prosesin bütün mərhələlərinə, o cümlədən apellyasiya və kassasiya icraatlarına da şamil edilir.

27. Xocalı Rayon Məhkəməsinin 2 (070)-213/2022 saylı mülki işin materiallarında məhkəmənin xx.xx.2022-ci il tarixə təyin edilmiş iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilmiş, məhkəmə isə bildirişin cavabdehə çatıb-çatmamasını dəqiqləşdirməmiş işə onun iştirakı olmadan baxmışdır. Belə ki, iş materiallarında qeyd edilən məhkəmə bildirişinin cavabdeh tərəfindən qəbul edilməsi barədə heç bir sübut yoxdur. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsi ilə nəzərdə nunulmuşdur ki, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

28. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-213/2022 saylı mülki iş üzrə 30 dekabr 2022-ci il tarixli qətnaməsi bu səbəbdən tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

29. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə kollegiyası iddia edilən kredit borcunun cavabdehdən tutulmasını əsaslı tələb hesab edir.

30. Cavabeh apellyasiya şikayətində banka olan borcunun müəyyən hissəsinin ödənildiyini və əsas borcdan heç bir məbləğin silinmədiyini qeyd etsə də, məhkəmə kollegiyasının iclasına gəlməmiş və qeyd edilənlərlə bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. İşdən isə görünür ki, Cavabdeh əsas borcundan ümumiyyətlə heç bir ödəniş etməmişdir.

31. Buna görə də, kollegiya hesab edir ki, bağlanmış kredit müqaviləsinə əsasən iddia tələbi təmin edilməli, 9676.46 manat əsas borc, 1664.33 manat faiz borcu olmaqla, cəmi 11340.79 manat borc Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. 32.İş materiallarından müəyyən olunur İddiaçı ASC hazırki iddianı qaldırmaq üçün 124.02 manat məbləğində dövlət rüsumu ödəmişdir. İdda əsaslı sayıldığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən həmin məbləğdə pul Cavabdeh tutularaq, İddiaçı ASC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Xocalı Rayon Məhkəməsinin 2(070)-213/2022 saylı mülki iş üzrə 30 dekabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2021-ci il tarixli RGTK4166388A156 saylı kredit müqaviləsinə əsasən yaranan 9676.46 manat məbləğində əsas kredit borcu və 1664.33 manat məbləğində faiz borcu olmaqla, cəmi 11340.79 (on bir min üç yüz qırx) manat 79 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 124.02 (bir yüz iyirmi dörd) manat 02 qəpik məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar