Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1013/2024 14.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Ağdam Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 2(013)-1575/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 5700 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır, onunla şərikli alver etmişlər və münasibətləri yaxşı olmuşdur. 2019-cu ildə Cavabdeh ilə birlikdə soğan satmaq üçün Türkiyə Respublikasına getmişlər. Orada soğanı satdıqdan sonra ümumilikdə 30000 manat ziyanlıq olmuşdur. Soğanı satmağa gedərkən Cavabdeh ona Bakı şəhərində evi və avtomobili olduğunu, əgər ziyanlıq olarsa onları satıb ziyana şərik olacağını söyləmişdir. Ancaq sonradan məlum olmuşdur ki, Cavabdeh kirayədə yaşayır və bu səbəbdən də ziyana şərik olmamışdır. Bakı şəhərinə geri qayıtdıqdan sonra Cavabdeh yenidən ona İran İslam Respublikasına kəpək, arpa və taxıl məhsullarının satışını şərikli həyata keçirtməyi təklif etmişdir. Onunla razılaşmış və Cavabdeh 10000 manat pul göndərmişdir. Bundan təxminən 1 ay sonra Yevlax rayonuna Cavabdehlə birlikdə onun Şaiq adlı dostunun yanına getmişlər. Şaiqdən 14500 manat borc alaraq Cavabdeh vermişdir. Həmin vaxtdan sonra Cavabdeh İran İslam Respublikasından 8000 manat dəyərində kənd təsərrüfatı məhsulları gətirərək həmin məhsulları da ona vermişdir. Bundan sonra Cavabdeh ona olan borcunun bir hissəsini ödəsə də 5700 manat borcunu ödəməmişdir. Bundan başqa Cavabdeh onun atası Eldar Rüstəmova 2000 ABŞ dolları borcu vardır. Cavabdeh borc aldığı pulu qaytarmadığına üçün Ağdam Rayon Polis Şöbəsinə müraciət etmiş, tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi izah edilmişdir. Ağdam Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 2(013)-1575/2023 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddia tələbi təmin edilərək, Cavabdeh - 5700 /beş min yeddi yüz/ manat pul tutularaq İddiaçı xeyrinə verilməsi; Cavabdeh dövlət rüsumu kimi ödənilməli olan 77 (yetmiş yeddi) manat məbləğ tutulub dövlət nəfinə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə onun iştirakı olmadan baxılmış, habelə məhkəmə qətnaməsinin surəti ona göndərilməmişdir. Bu barədə məlumatı icra şöbəsinin çağırışı əsasında almışdır. Məhkəmə iclasında iştirakı təmin olunmadığından müvafiq sübutlarını birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Onun İddiaçı borcu yoxdur. Belə ki, İddiaçı atası Eldar Rüstəmov tərəfindən iddia olunan 2000 ABŞ dolları tırlara İddiaçı soğanının Türkiyə Respublikasına daşınmasına görə Əflatunun əmisi oğlu Mahir Rüstəmov tərəfindən verilmişdir. Həmin vaxt İddiaçı ölkə ərazisində olmamış. Bu səbəbdən də sonuncu pulun verilməsini əmisi oğlundan xahiş etmişdir. O, İddiaçı nə borc, nə də ki digər məqsəd üçün pul almamışdır. İddiaçı və atası Eldar Rüstəmov bu barədə təhqiqat orqanına və Ağdam rayon prokurorluğuna ifadə vermişlər. Həmin vaxt İddiaçı prokurorluğa ifadə verərək onun göndərdiyi soğanların xarab olduğunu və ondan heç bir tələbi olmadığını göstərmişdir. Sübutlarını apellyasiya instansiyası məhkəməsin ə təqdim edəcəkdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 apellyasiya şikayətini müdafiə etdiyini qeyd edərək, məhkəmə kollegiyasından apellyaisya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümküsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, işə məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə məhkəmənin qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 24.1 və 24.2-ci maddələri). Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Çünki verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələsində aidiyyətlə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Halbuki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi ********** VÖEN nömrəsi ilə, cavabdeh də həmin statuslu şəxs kimi ********** VÖEN nömrəsi ilə vergi orqanı tərəfindən qeydiyyata alınmışdır. Yəni, tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Qeyd edilməlidir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə kollegiyası xatırladır ki, tərəflərin vergi ödəyicisi kimi qeydiyyata alınması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması onunla bağlı istənilən mübahisəyə baxılmasının məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə aid olması anlamına gəlmir. Çünki Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsində deyilir ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Qanunun tələbindən görünür ki, şəxsin sahibkar statusunun olmasına baxmayaraq mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa həmin mübahisələrə ümumi məhkəmədə baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin anlayışı «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində verilmişdir. Orada göstərilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. İddia tələbi təhlil olunarkən müəyyən olunur ki, tərəflər arasında olan hazırkı mübahisə onların həyata keçirtdikləri sahibkarlıq hüquq münasibətlərindən qaynaqlanmışdır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxılmışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv olunmalı və iş materialları aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdehin hüquqi ünvanı Ağdam rayonu Quzanlı qəsəbəsidir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 26, 263-264, 384.0.4, 385.1.1, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 2(013)-1575/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1013/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1013/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver