Məhkəmə qərarları › İş №2(104)-1015/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1015/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1015/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi Səfərov Osman Əşrəf oğlunun iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-91/2023 saylı mülki iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi Səfərov Osman Əşrəf oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2020ci il tarixli RGTK325135A107 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətində illik 21 faiz dərəcəsi ilə 10294.38 manat məbləğində kredit verilmişdir.

2. İş materiallarında olan kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Z-RGTK3251351A107 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalan Cavabdeh1 kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

3. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-in Xətai filialının kassasından 10294,38 manat kredit götürmüşdür.

4. İş materiallarına əlavə olunan İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin İcra orqanları ilə iş şöbəsinin rəisi İsa Kərim tərəfindən məhkəməyə ünvanlanmış, 02 may 2023-cü il tarixli məlumatda göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə Banka olan qalıq 3673,04 manat kredit borcu restrukturizasiya edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 10109.98 manat əsas, 484.85 manat faiz, cəmi 10594.83 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK325135A107 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətində illik 21 faiz dərəcəsi ilə 10294.38 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavələnin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2020-ci il tarixli Z- RGTK325135A107 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin banka xx.xx.2021-ci il tarixə 10109.98 manat əsas, 484.85 manat faiz, cəmi 10594.83 manat borcu yaranmışdır.

7. Tərtər Rayon Məhkəməsinin 2(061)-91/2023 saylı mülki iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10109.98 əsas borc, 376.78 manat faiz borcu, cəmi 10486.76 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-in xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.МЕМ VÖEN **********, hesab АZ34ctre********************, X1, KOD 210005, VÖEN **********, m/h АZ41NABZO013601**********3944, SWİFT Bik: CTREAZЗ22 hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 nümayəndəsi Səfərov Osman Əşrəf oğlu apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-91/2023 saylı mülki iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən kredit müqaviləsi üzrə banka heç bir borcu qalamamışdır. Lakin, məhkəmə tərəfindən düzgün araşdırılma aparılmamış və nəticədə iddia əsassız olaraq qismən təmin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi Səfərov Osman Əşrəf oğlu apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, kredit borcu restruktruzasiya olunduğundan onların banka heç bir borcu qalmamışdır. Odur ki, şikayətin təmin edilməsini və yeni qətnamə qəbul edilərək, iddianın rədd edilməsini xahiş etdi.

12. İş üzrə iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. YÜKLƏ Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı;

15. Bənd 6. Banklara tövsiyə edilsin ki: 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

16. Bənd 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 20 Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

23. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-91/2023 saylı mülki iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10109.98 əsas borc, 376.78 manat faiz borcu, cəmi 10486.76 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-in xeyrinə ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə irəli sürülən iddia rədd edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi məqsədilə Cavabdeh1 kredit borcu ilə bağlı İddiaçı ASC-yə və Tərtər rayon İcra və Probasiya şöbəsinə sorğular göndərilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə zamin Cavabdeh2 müraciəti əsasında Cavabdeh1 xx.xx.2020-ci il tarixli RGTK325135A107 saylı kredit müqaviləsi üzrə banka olan qalıq 3673.04 manat kredit borcu restruktruzasiya edilmişdir. Göründüyü kimi, cavabdehin İddiaçı ASC-yə olan bu borcu «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri əhatəsinə düşmüşdür. Cavabdehin kredit borcunun restrukturizasiya edilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi iddiadan imtina etməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6-cı bəndi ilə Banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər.

29. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-91/2023 saylı mülki iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi kredit borcunun tutulması tələbi hissədə təmin edilməməlidir.

30. İrəli sürülən iddia cavabdeh tərəfin kredit borcunun olmaması əsası ilə deyil, cavabdeh tərəfin kredit borcunun restrukturizasiya edilməsi əsası ilə rədd edildiyindən və cavabdeh tərəfin məhkəmə xərclərini azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsaslanan kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-91/2023 saylı mülki iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10109.98 əsas borc, 376.78 manat faiz borcu, cəmi 10486.76 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-in xeyrinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə irəli sürülən iddia rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hissədə qətnamə dəyişdirilmədən saxlanılsın Bu qətnamənin iddianın rədd edilmiş hissəsindən, qətnamənin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar