Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1017/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci iil tarixli, 2(021)- 491/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. İşin halları İddiaçı Cavabdeh 223,5 qızıl verdiyini iddia edərək ondan 223,5 qramlıq qızılları, naturada qaytarmaq mümkün olmadıqda 25,840 manat pulun tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 223, 5 qramlıq qızıllıarı naturada qaytarmaq mümkün olmadıqda 25,840 manat və iddia qaldırmaq üçün ödənilmiş 157 manat pulunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllər tanımış və onunla normal münasibətləri olmuşdur. Bərdə Ticarət bazarında qızıl satışı ilə məşğul olmuşdur və Cavabdeh da bazarda zərgərliklə məşğul olmuşdur. 2023-cü ilin sentyabr ayında cavabdeh ona satış üçün qızılları ona nisyə verməyini, qızılları baha qiymətə satacağını əldə etdiyi gəliri 50/50-yə böləcəklərini həmçinin qızılların pulunu 5 aya verəcəyini bildirmişdir. 12 sentyabr 2023-cü ildə cavabdehə 272 qram qızıl vermiş, qızılları verərəkən Cavabdeh razılığı ilə video çəkiliş etmişdir. Cavabdeh qızılları götürdükdən sonra. 3-4 dəfə əldə edilmiş gəlirdən ona hər dəfə 800 manat olmaqla ümumlikdə 2.400 manat vermişdir. 2024- cü ilin aprel ayında cavabdehin Bakı şəhərinə köçüb, orada işlədiyini eşitmişdirr. Cavabdehdən verdiyi 272 qram qızıllarını qaytarmasını tələb etdikdə, hər dəfə ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. 2024-cü ilin iyul ayında Cavabdeh Türkiyədən ona zəng edib Türkiyədə olduğunu, işləyib pulunu qaytaracağını demişdir. Ancaq bu günədək qızıllarını nə də onun dəyərini qaytarmamışdır. Bundan başqa 1 qram qızılın qiyməti 2023-cü ildə 75 manat olmuşdursa hazırda 1 qram qızılın qiyməti 95 manatdır. Cavabdehin onun qızıllarını qaytarmaması nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Cavabdeh qızıllarını qaytarmadığından məhkəməyə müraciət etməli olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci iil tarixli, 2(021)-491/2025 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddia rədd edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində sübut kimi əlavə edilən CD diskə istinad etsə də həmin videogörüntüdən iddiaçının qızıl verdiyi yaxud hansı miqdarda və məbləğdə qızıl-zinət əşyasını verdiyi və cavabdehə verməsi aydın olmur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qızıl əşyaları verməsi və cavabdehin alqı-satqı ilə əlaqədar iddiaçıya borcunun yaranması ilə bağlı məhkəməyə tərəflərin imzaladığı alqı-satqı müqaviləsi və ya cavabdehin imzası olan qəbz, qaimə-faktura və digər yazılı sənədləri təqdim etməli idi. Lakin, iddiaçı bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək və mövqeyini bilmək mümkün olmamışdır. Beləliklə, iddiaçı cavabdehin ondan qızıl alması və ona borclu qaldığını da heç bir mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə olan halda iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,385,386,405,443,449,567ci maddələrinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1, 119.1, 216-220, 227 və 233-cü maddələrinə istinad etmişdir. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İş materiallarında olan diskdən aydın şəkildə görünür ki, iddiaçı Cavabdeh 12 sentyabr 2023-cü ildə 272 qram qızıl vermişdir. Video çəkiliş Cavabdeh razılığı ilə çəkilmişdir. Borcundan ümumilikdə 2.400 manat vermişdir. O, onu əvvəllər sözünə düz adam kimi tanımışdır. Bu səbəbdən də etibar edib, 272 qram qızılını ona vermişdir. Diskdə baxış keçirilsə, aydın olar ki, o, ona neçə qram qızıl vermiş və şərtləri nə olmuşdur. Cavabdehin qızıllarını qaytarmaması nəticəsində külli miqdarda ziyana düşmüşdür. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, fərdi sahibkar olub, hazırda fəaliyyətini dayandırmışdır. Qızıl satışı ilə məşğul olur, cavabdeh də fərdi sahibkardır, zərgər kimi fəaliyyət göstərir. Qızılları ona satmağa vermişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 387.2.9-cu maddəsinə əsasən, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinə əsasən, bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Plenumunun qərarı Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bənd 11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) proses iştirakçısının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsində məhkəmə aidiyyətinin ümumi qaydası müəyyən edilərək deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən etibarən sahibkar kimi vergi orqanında qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmiş, Cavabdeh Sevidik oğlu xx.xx.2020-ci il tarixdən etibarən sahibkar kimi vergi orqanında qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. İddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı bijuteriaya və zərgərlik məhsulların alğı-satqısına dair sahibkarlıq fəaliyyətini, cavabdeh isə zərgər kimi sahibkarlıq fəaliyyətini həyata keçirir. Hazırki mübahisə isə həmin münasibətlərdən irəli gələn pul tələbindən ibarətdir ki, prosessual qanunvericiliyin tələbi baxımından həm tərəflərin subyektiv tərkibi, həm mübahisənin xarakteri, həm də mübahisənin predmeti baxımından hazırki mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Belə ki, hazırki mübahisə tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış mübahisədir. Lakin qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir ki, birinci instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmamış, iş aidiyyət qaydalarına zidd icraatına qəbul etmiş və bununla da birinci instansiyası məhkəməsi tərəfindən prosessual normaların pozulmasına yol verilmişdir. Qeyd edilməlidir ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-in 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiyası məhkəməsi mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır ki, məhkəmə aidiyyəti ilə bağlı məsələrinin araşdırılması məhkəmələrin vəzifəsidir. “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Şərh olunanla əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi ümumi məhkəmə tərəfindən məhkəmə aidiyyəti qaydalarına zidd icraata götürülüb baxıldığından apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktı ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 384.0.4-cü maddəsinə əsasən, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 26, 44, 263, 264, 384, 385, 387, 402, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci iil tarixli, 2(021)-491/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1017/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1017/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver