Məhkəmə qərarları › İş №2(104)-1019/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1019/2024

02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1019/2024 02.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (atası) X1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3960/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Cəmiıl oğluna qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)1473/2022 nömrəli 31 may 2022-ci il tarixli qətnaməsi ilə 28 may 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay hər uşağa görə 220 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3960/2023 saylı qətnaməsi ilə (sədrlik edən Qamət Əbilov) iddia qismən təmin edilmiş, 28 may 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)1473/2022 nömrəli 31 may 2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasısının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbinin qalan hissədə təmin olunmaması və Cavabdeh 50 (əlli) manat manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3960/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin məbləğini müəyyən edərkən, onun 2-ci dərəcəli əlil və işsiz olmasını, əlilliyə görə aldığı müavinətdən başqa gəlirinin olmamasını, kredit ödənişlərinin və s. nəzərə almamışdır. İddiaçı və Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsi (atası) X2 ilə təmsil edilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (atası) X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdeh fərdi əməklə məşğuldur, mal-qarası var, əkib-becərir və imkanı yaxşı olmaqla, maddi cəhətdən təminatlıdır. İddiaçı isə heç bir yerdə işləmir, himayəsində olan uşağı ilə yaşayır və uşağın saxlanılmasına görə maddi cəhətdən çətinlik çəkir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3960/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3960/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətində Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3960/2023 saylı qətnaməsinin alimentin məbləği ilə bağlı, 28 may 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər növ qazancından hər ay hər uşaqa görə 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq İddiaçı verilməsi hissəsini mübahisələndirərək, qətnamənin həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Qətnamənin digər hissələri isə mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissədə və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş: Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Bərdə rayon Şirvanlı kəndində anadan olmuşdur. Qəbələ rayon Yemişanlı kəndində qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 740 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Şirvanlı kəndində yaşayır. AZ-İİİ №052697 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 28 may 2012-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)1473/2022 nömrəli 31 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, 28 may 2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)-787/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləğinin dəyişdirilərək hər ay bir uşağa görə 160 (yüz altmış) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Goranboy 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, tərəflər arasında barışıq sazişi imzalanmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə görə : 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə rəsmi nikahlarından 28 may 2012-ci il təvəllüdlü X6 adlı uşaqı anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra, uşaq anasının himayəsində qalmış və onunla yaşayır. Bərdə Rayon Məhkəməsinin 2(021)1473/2022 nömrəli 31 may 2022-ci il tarixli qətnaməsi ilə, 28 may 2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)- 787/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləğinin dəyişdirilərək hər ay bir uşağa görə 160 (yüz altmış) manat məbləğində müəyyən edilməklə, Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, alimentin miqdarının hər ay bir uşağa görə 180 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hər ay uşağa görə 180 (bir səksən) manat məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, tərəflərin birgə rəsmi nikahlarından Cəsur 12 yaşında olmaqla, anasının yanında yaşayır və böyüdükcə onun təhsil, səhhət, geyim və qida ilə bütün xərcləri mütəmadi şəkildə artmaqla cavabdeh tərəfindən ödənilir. Məhkəmə kollegiyası Cavabdeh 2-ci dərəcəli əlil olması, maddi imkanının zəif olması və işləməməsi barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmaqla, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyəti daşıyırlar və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi onların işləyib-işləməməsindən asılı deyildir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3960/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3960/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar