Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1019/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dаir Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-1411/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən xx.xx.2022-ci il tarxili, MR0016901-2022 nömrəli kredit və ZM1-MR0016901-2022 saylı zaminlik müqavilələrinə əsasən ödənilməmiş 4505.75 manat məbləğində əsas borc və 1224.77 manat faiz borcu olmaqla, cəmi 5730.52 manat borcun və 77.31 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-1411/2024 saylı qətnaməsi ilə (hakim F.Babşov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4505.75 manat məbləğində əsas borc və 1224.77 manat faiz borcu olmaqla, cəmi 5730.52 manat kredit borcu və 77.31 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin e-2(021)-1411/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə yeni məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-1411/2024 saylı qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 (VÖEN № **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir. Tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0016901-2022 saylı kredit müqaviləsinin 2.4-cü bəndində göstərilmişdir ki, kredit kənd təsərrüfatı təyinatlı xərclərin qarşılanması üçün verilir. Göründüyü kimi iddiaçının tələbi sahibkarlıq fəaliyyəti ilə bağlıdır, cavabdehlərdən Cavabdeh1 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə iştirak edən şəxslərin subyekt tərkibindən çıxış edərək məhkəmə aidiyyətini müəyyən edərkən, MPM-in 24.2-ci maddəsinin birbaşa göstərişinə uyğun olaraq, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır. Lakin göründüyü kimi Bərdə Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi və ya hakim tərəfindən işin baxılmağa hazırlanması mərhələsində cavabdehin vergi ödəyicisi kimi uçota alındığı, aralarındakı mübahisənin isə sahibkarlıq fəaliyyətindən irəli gəlməsi nəzərə alınmamış və bununla da iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla icraata qəbul edərək qətnamə qəbul etmiş, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respubilkasının MPM-in 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-1411/2024 saylı qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və 24, 26, 31, 44, 45, 384, 385, 387, 399-402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-1411/2024 saylı qətnaməsi ləğv edilsin və iş baxıması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, həmin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1019/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1019/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver