Məhkəmə qərarları › İş №2(104)-1022/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1022/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1022/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: borcun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(061)-119/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərtər rayon Polis şöbəsinin İddiaçı1 ünvanladığı 29 iyul 2022-ci il tarixli məktubdan görünür ki, 23 iyul 2022-ci il tarixdə Bəşir və onun övladı Əli barəsində Tərtər rayon Polis şöbəsinə etmiş olduğu müraciəti araşdırılmışdır. Aparılan araşdırma zamanı müraciətdə qeyd edilmiş xüsusatlar məhkəmə səlahiyyətinə aid olması müəyyən edilmiş və bu barədə məhkəməyə müraciət etməyin məqsədəmüvafiq olduğu bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1 Cavabdeh2 qarşı pul tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 2600 manat alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 küçədə qəssab kimi fəaliyyət göstərmiş və normal münasibətləri olmuşdur. Hazırki mübahisəyə qədər münasibətləri yaxşı olmuşdur. 30 dekabr 2021-ci il tarixdə Cavabdeh1 atası Bəşirlə onun evinə gəlmişlər. Cavabdeh1 ona yaxınlaşaraq bir nəfərlə razılaşıb 35 baş quzular almaq istədiyini bildirmiş və bu məqsədlə ondan 3500 manat pul istəmişdir. Əvvəlcə Cavabdeh1 pul vermək istəməmiş, lakin sonradan onun yalvarışlarına və əvvəldən onun pulunu qaytarmaqla etibarını qazandığından, etibarlı şəxs hesab edib pulunu tam qaytarmaq şərti ilə 3500 manat pul vermişdir. Bundan sonra Cavabdeh1 pulunu qaytarmadığı üçün 30 yanvar 2022-ci il tarixdə ondan pulunu tələb etmiş, sonuncu da pulu 1-2 günə tam qaytaracağına söz vermişdir. Lakin 01 fevral 2022-ci il tarixdə cavabdeh ona 500 manat pul qaytarıb pulunu tam ödəyə bilməyəcəyini və hər ay 200 manat ödəyəcəyini bildirmişdir. Cavabdeh1 ona 2022-ci ilin fevral və mart aylarında 400 manat, ümumilikdə isə 900 manat pul qaytarmışdır. Beləliklə Cavabdeh1 ona 2600 manat pul borcu qalmışdır. Bundan sonra Əli Fərəcon mağazanı bağlayıb gizlənmişdir. Pul mübahisəsi ilə bağlı Tərtər Rayon Polis Şöbəsinə müraciət olunmuş, lakin ona mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Pulunu ala bilmədiyindən və hqquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur.

4. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbinə qarşı etiraz edərək göstərmişdir ki, İddiaçı1 onun işlətdiyi mağazadan ət aldığı üçün tanımışdır. 2020ci ilin noyabr ayında İddiaçı1 faizə 3500 manat pul götürmüşdür. On bir ay 350 manatdan Fizuliyə hər ay 350 manat olmaqla götürdüyü pulun faizini vermişdir. On ikinci ayda imkanı olmadığından pulun faizini verə bilməmişdir. Fizuli onun yanına gəlmiş, pulu tanış adamdan götürdüyünü bildirmişdir. Aradan bir gün keçmiş İddiaçı1 ondan on ikinci ayın faizi olan 350 manatı götürmüş və tanışına 3500 manat pulu qaytardığını və ona hissəhissə həmin pulu ödəməsini blldirmişdir. Bundan sonra Fizuliyə hər ay 450-500 manat olmaqla ümumilikdə 2200 manata kimi pul qaytarmışdır. Xəstəliyə tutulduğuna görə 3 ay ona pul verə bilmədiyindən İddiaçı1 atası Bəşir Fərəcova onun 3500 manat borcu olduğunu bildirmişdir. Atası ona İddiaçı1 nə qədər borcu olmasını soruşduqda 1300 manat borcunun olduğunu demiş, atası İddiaçı1 500 manat, qardaşı iki dəfəyə 200 manatdan olmaqla, 400 manat Fizuliyə vermişlər. İddiaçı1la aralarında 400 manat borcu qalmışdır. Fizulu Zamanovun məhkəmədə ona qarşı qaldırdığı 2600 manat pul tələbi barədə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tərtər Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(061)-119/2023 nömrəli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbi təmin edilərək, Cavabdeh2 2600 (iki min altı yüz) манат pulun alınaraq İddiaçı1 verilməsi qət olunmuşdur.

6. İrəli sürülən iddianı təmin edərkən birinci instansiya məhkəməsi tərərflərin izahatlarına əsaslanmaqla müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan 3500 manat məbləğində borc almış, həmin borcdan 2600 manat hissəsini qaytarmamışdır.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 406.1, 448.2, maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 217, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, İddiaçı1 2021-ci ilin dekabr ayınbda qaytarmaq şərti ilə 3500 manat borcu atası Bəşir Fərəcovla birlikdə gedib götürmüşlər. 11 ay hər ay 350 manat götürdüyü pulun faizini vermiş, 12-ci ayda maddi imkanı olmadığına görə pulun faizini ödəyə bilməmişdir. İddiaçı1 onun yanına gələrək bildirmişdir ki, pulu tanış adamdan götürmüş və 12 ayın faizini verəndən sonra yoluna qoyacaqdır. Bundan sonra İddiaçı1 gəlib 12-ci ayın faizi olan 350 manatı götürmüş, həmin günün ikinci yarısı isə bildirmişdir ki, aldığı 3500 manatı onun əvəzindən həmin adama qaytarmış və bundan sonra imkanı daxilində hər ay hissə-hissə verərər. Nəticədə İddiaçı1 hər ay 450-500 manat olmaqla ümumilikdə 2200 manat vermiş və sonuncu bu barədə dəftərində qeydiyyat aparmışdır. Lakin xəstə olduğuna görə 3 ay ödəniş edə bilməmişdir. İddiaçı onun barəsində Tərtər rayon Polis Şöbəsinə şikayət etmiş və orada da onun 2600 manat deyil 400 manat borcunun olduğunu bildirmişdir. Xəstə olduğuna görə birinci instansiya məhkəməsinin iclaslarında iştirak edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı İddiaçı1 etiraz ərizəsi ilə müraciət edərək, şikayətin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Cavabdeh2 məhkəmənin əvvəlki-11 aprel 2023-cü il tarixli iclasının təxirə salınması barədə məhkəməyə ərizə göndərmiş və məhkəmənin həmin tarixli iclasına əlməmişdir. Onun ərizəsi nəzərə alınmış və işın məhkəmə baxışı xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanmaqla işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

15. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

19. Maddə 740.2. Borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 26 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.

33. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

34. İşin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı1 3500 manat Cavabdeh2 borc vermişdir. Tərəflər arasında borc münasibətlərinin mövcud olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı etiraz ərizəsindən, eləcədə apellyasiya şikayətindən görünür ki, İddiaçı1 hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh2 3500 manat borc vermişdir.

35. Beləliklə tərəflər arasında şihafi qaydada borc müqaviləsinin bağladığı müəyyən edilmişdir. Mülki qanunvericiliyin müqavilələrlə bağlı ümumi vahid sistemi həm də borc müqaviləsi ilə bağlı Azərbaycan Respublikası mülki Məcəlləsinin 37-ci fəslində nəzərdə tutulan xüsusi müddəaları açıq və tərəddüdsüz şəkildə göstərir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Belə ki, həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, qanunda borc müqaviləsinin bağlanmış hesab olunması üçün pul və digər əvəz edilən əşyanının verilmiş olması ilə yanaşı verilməsi öhdəliyinin götürülməsi şərt olaraq qeyd olunmuşdur.

36. Göründüyü kimi, borc verən İddiaçı1 götürdüyü öhdəlikləri tam icra edərək, 3500 manatı hissə-hissə qaytarmaq şərti ilə borc alan Cavabdeh1 mülkiyyətinə vermiş, lakin borc alan aldığı pulu tam qaytarmamış, yəni cəmi 900 manat ödəmiş və 2600 manat ödənilməmiş borcu qalmışdır. Nəticə etibarı ilə Cavabdeh2 əqd üzrə öhdəliklərini tam icra etməmiş, yəni qalıq borcu tam və vaxtında ödəməmişdir. Halbuki, tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə və öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Belə olan halda iddiaçı haqlı olaraq hazırki tələblə birinci instasniya məhkəməsinə müraciət etmişdir.

37. Cavabdeh1 apellyasiya şikayətində hər ay 450-500 manat olmaqla ümumilkdə 2200 manat ödəniş etdiyini və hazırda 400 manat ödənilməmiş borcunun olduğunu qeyd qeyd etsə də, sonuncu buna dair hər hansı möhtəbər subutu məhkəməyə təqdim etməmişdir. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə olan halda cavabdehin izahatında göstərdiyi xüsusatları təsdiq edə bilən, əlaqəli, başqa sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Yalnız iddiaçı cavabdehin ondan aldığı 3500 manat məbləğində puldan 900 manat məbləğini qaytardığını bildirmişdir. Halbuki, borcun ödənilməsini subut etmək yükü məhz cavabdehin üzərinə düşür.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini qismən-2600 manat məbləğində təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. 39.Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. İşdən görünür ki, iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə əsasən bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(061)-119/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayət verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar