Məhkəmə qərarları › İş №2(104)-1025/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1025/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1025/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə şəhər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(125)-441/2023 nömrəli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AD 942886 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 609 DKA” avtobus markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən İddiaçı adına qeydiyyatdadır.

2. xx.xx.2020-ci il tarixli, ƏN-V 161506 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı “Mercedes Benz 609 DKA” avtobus markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək səlahiyyətini Cavabdeh etibar etmişdir. Etibarnamə 8 il 5 ay 29 gün müddətinə verilib və xx.xx.2029-cu il tarixədək qüvvədədir.

3. AZ-İ seriyalı 257361 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh qızı arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur.

4. İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli elektron qərardan görünür ki, “Mercedes Benz 609 DKA” avtobus markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi zaman Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə üraciət edərək cavabdehdən ona məxsus “Mercedes Benz 609 DKA” avtobus markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cərimə ödənişinə görə 1080 manat, maşının tərkib hissələrinin sökülməsinə görə vurulmuş 7000 manat olmaqla, ümumilikdə 8080 manat maddi ziyanın və ödənilmiş 100 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onunla arasında qeydə alınmış rəsmi nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli, 2(044)-4051/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Buna dair 21 avqust 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. xx.xx.2020ci il tarixdə o, “Mercedes Benz 609 DKA” avtobus markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əldə etmişdir. Buna dair onun adına 942886 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. O, həmin nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh 20 avqust 2020-ci ildə 8 il 5 ay 29 gün müddətinə etibarnamə vermişdir. Cavabdeh həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir. Sözügedən nəqliyyat vasitəsi etibarnamə əsasında onun tərəfindən idarə edilən zaman yol hərəkəti qaydalarının pozuntusuna görə cərimə yazılmışdır. Bu günədək həmin cərimə məbləği onun tərəfindən ödənilməmişdir. Həmin məbləğin üzərinə dəbbə pulu hesablandığına görə cərimə məbləği artır. Həmçinin, cavabdeh həmin nəqliyyat vasitəsinin şüşələrini, oturacaqlarını, təkərlərini, akkumulyator, stater, polosunu sökərək satmış və maşını tamamilə istifadəyə yararsız hala gətirmişdir. Hazırda həmin maşın cərimə meydançasındadır. Cavabdeh maşına yazılan cərimələrin onun adına gəlməməsi üçün özünə verilmiş etibarnaməni də birtərəfli qaydada ləğv etdirmişdir. Cavabdeh sürücülük hüququ da 1 il müddətinə məhdudlaşdırılmışdır. Cavabdeh tərəfindən nəqliyyat vasitəsini idarə edərkən törətdiyi qanun pozuntularına görə yazılmış cərimə məbləği 1080 manat təşkil edir. Maşının müxtəlif hissələrinin sökülməsinə görə isə maşına 7000 manat məbləğində maddi ziyan dəymişdir.

7. Gəncə şəhər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(125)-441/2023 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın təmin olunmaması qət edilmişdir.

8. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, iş üzrə iddiaçı inzibati tənbeh vermə haqqında qərar əsasında dövlət büdcəsinə ödənilməli olan pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, həmin məbləğin ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Bundan başqa, mübahisəli avtomobilin idarə edilməsi zamanı törətdiyi inzibati xətalara görə cavabdehə tətbiq edilmiş inzibati cərimələrin iddiaçı tərəfindən ödənilməsi və reqres hüquq əsasında tələb irəli sürüldüyünə dair hər hansı sübut təqdim edilməmişdir. İddiaçı tələbini cərimələrin ödənilməməsi nəticəsində mübahisəli nəqliyyat vasitəsinin cərimə meydançasında yerləşdirildiyi ilə əsaslandırsa da, həmin avtomobilin hazırda kimin mülkiyyətində, hansı səbəbdən, harada olması barədə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı nəqliyyat vasitəsinin tərkib hissələrinin sökülməsinə görə vurulmuş zərərin əvəzinin tutulmasını xahiş etsə də, həmin hissələrin cavabdeh tərəfindən sökülməsi, bunun nəticəsində tələb etdiyi məbləğdə ziyanın vurulması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi fotoşəkillər isə iddia tələbini təsdiqləyən mötəbər sübut hesab edilə bilməz.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.3 və 1108-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 13 yanvar 2023cü il tarixli 2(125)-441/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, işi düzgün araşdırmamışdır. Belə ki, onun cavabdehlə nikahları rəsmi qaydada pozulsa da, faktiki olaraq barışmışlar. Cavabdeh 2020-ci il tarixdə spirtli içki qəbul edib sükan arxasına keçmiş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra onların evliliyi faktiki olaraq da bitmişdir. Cavabdeh barışmaq istədikdə o barışmadığına görə qisas almaq üçün sahiblik və istifadəsində olan nəqliyyat vasitəsindən istifadə etmişdir. Ona verilmiş etibarnaməni birtərəfli qaydada ləğv etdirərək yol hərəkəti qaydalarını pozmuş, hətta avtobusun hissələrinə də samışdır. Etibarnamənin ləğv edildiyini bildikdən dərhal sonra avtobusun saxlanılması üçün müraciət etmişdir. Bundan sonra avtomobus cərimə meydançasına aparılmışdır. İnzibati xətalar cavabdeh tərəfindən törədildiyindən cəriməni də o ödəməlidir. Avtobusun evakuator vasitəsilə cərimə meydançasına gətirilməsi də cavabdehin avtobusa zərər yetirməsinə dəlalət edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, həmin inzibati xətalar cavabdeh tərəfindən törədildiyindən cəriməni də o ödəməlidir. Avtobusun evakuator vasitəsilə cərimə meydançasına gətirilməsi də cavabdehin avtobusa zərər yetirməsinə dəlalət edir. Həmçinin iddiaçı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iş üzrə onda olan bütün sübutları təqdim etmişdir, onda başqa sübut yoxdur.

14. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

21. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

25. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

29. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(125)- 441/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq maddi ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçının iddiası nəqliyyat vasitəsinin cərimə ödənişinə görə pulun tutulması və nəqliyyat vasitəsinin tərkib hissələrinin sökülməsinə görə vurulmuş zərərin əvəzinin tutulmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin birinci hissəsi inzibati tənbeh vermə haqqında qərar əsasında dövlət büdcəsinə ödənilməli olan pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasıdır. Yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh vermə haqqında qərar hazırki iş üzrə cavabdeh barəsində tətbiq edilməklə onun tərəfindən ödənilməli olan pul məbləğidir. İddiaçının həmin məbləğin ödənilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur, həmçinin məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfindən sözügedən məbləğin ödənildiyi və müvafiq olaraq reqres qaydada tələb irəli sürməsi də müəyyən edilməmişdir. İddiaçı keçmiş həyat yoldaşı-cavabdeh tərəfindən onun mülkiyyətində olan avtomobilə ziyan vurulduğunu iddia etsə də, maşının hazırki vəziyyətinə dair fotoşəkillər təqdim etsə də ziyanın məhz cavabdeh tərəfindən vurulmasına dair sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyasında təqdim etməmişdir.

36. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(125)-441/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar