Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1025/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Alişan oğluna qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-356/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-356/2024 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın qismən təmin edilməsi, xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1013-cü il tarixli 2(044)-2306/2013 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 93 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Alişan oğlundan hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manatın Cavabdeh Alişan oğlundan İddiaçı xeyrinə tutulması, qətnamənin qanuni qüvvəyə mindiyi gündən icra edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdehin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirərək, xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci iltarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(044)-2306/2013 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 93 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 100 (yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Alişan oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Alişan oğlu ilə birgə nikahlarından xx.xx.2008ci il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci iltarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1013-cü il tarixli 2(044)-2306/2013 saylı qətnaməsi əsasında hər uşaq üçün müəyyən edilən 93 manat məbləğin artırılaraq hər ay hər uşağa 220 manat sabit pul məbləğində müəyyən edilməsinə və mediasiya xidməti üçün ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Alişan oğlu ilə 2006-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikah dövründə xx.xx.2008-ci il tarixdə X3, xx.xx.2007-ci il tarixdə X4 adlı 2 uşaqları anadan olmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq hər ay hər uşağa 93 manat aliment tutulması qət edilmişdir. Lakin, hazırda həmin vaxtdan onun maddi vəziyyəti pisləşmişdir. Belə ki, uşaq böyüdükcə tələbatı da, artır. Uşağın bütün tələbatlarını ödəməyə iddiaçının maddi imkanı yol vermir. İqtisadi durumla bağlı 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Halbuki, cavabdeh Rusiya Federasiyasında kommersiya ilə məşğuldur və maddi vəziyyəti çox yaxşıdır, yüksək aliment ödəmək qabiliyyəti vardır. Cavabdehdən tutulan cüzi miqdarda alimentin məbləği uşaqların normal saxlanılması üçün kifayət etmir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Alişan oğlundan hər ay hər uşağa 235 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında göstərmişdir ki, faktiki olaraq Bakı şəhərində yaşayır və orada işləyir. Onun özünə məxsus qadın gözəllik mərkəzi vardır. O, orada işləyir və həmin işdən gəlir əldə edir. Hesab edir ki, məhkəmə iddiaçının aylıq qazancının hansı miqdarda olmasını aydınlaşdırmalı idi. Çünki onunla bərabər iddiaçının da övladlarının saxlanması üçün öz üzərinə düşən öhdəlikləri vardır. Onlardan biri də uşaqların maddi ehtiyaclarını qarşılamaqdan ibarətdir. Hər kəsə billidir ki, Bakı şəhərində qadın salonlarında kifayət qədər gəlir mövcuddur. Buna görə də hesab edir ki, bu məsələ məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəməyə Rusiya Federasiyasında işlədiyi müəssisədən arayış, kirayə yaşadığı mənzilə dair icazə müqaviləsi və övladının doğum haqqında şəhadətnaməsini təqdim etmişdir. Həmin sənədlərlə tam sübut olunur ki, onun aylıq qacancı 25000 rubl təşkil edir. Bundan başqa, o kirayədə yaşayır. İddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra ailə qurmuşdur. Himayəsində başqa övladı da vardır. Hesab edir ki, məhkəməyə kifayət qədər sübut təqdim etmiş, lakin bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə X3, xx.xx.2007-ci il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1013-cü il tarixli 2(044)- 2306/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh Alişan oğlundan 01 noyabr 2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa 93 manat, cəmi 186 manat tutulub 30 iyul 2008-ci il tarixdə anadan olmuş X3 və 28 iyul 2007ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçıa verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 2705/14-62-4 saylı icra sənədinin qaytarılması haqqında Masallı rayon İcra və Probasiya şöbəsinin qərarının surətindən görünür ki, tələbkarln xahişi əsasında xx.xx.1013-cü il tarixli 2(044)-2306/2013 saylı icra sənədi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 16 iyun 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh Alişan oğlu ilə 2006-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikah dövründə xx.xx.2007-ci il tarixdə X4, xx.xx.2008-ci il tarixdə X3 adlı 2 uşaqları anadan olmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq hər ay hər uşağa 93 manat aliment tutulması qət edilmişdir. Lakin hazırda həmin vaxtdan uzun müddət keçmiş, yaşayış minimumu xeyli artmış, cavabdeh isə könüllü olaraq uşaqlarına həmin məbləğdən əlavə heç bir yardım göstərmir. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Cavabdehdən tutulan cüzi miqdarda alimentin məbləği uşaqların normal saxlanılması üçün kifayət etmir. Odur ki, Cavabdeh Alişan oğlu ilə birgə nikahlarından xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1013-cü il tarixli 2(044)-2306/2013 saylı qətnaməsi əsasında hər uşağa görə tutulan 93 manat alimentin məbləğinin dəyişdirilərək, 2023-cü il yaşayış minimumu və dolanışıq xərcləri nəzərə alınmaqla ayda 250 manat sabit pul məbləğində müəyyən edilməsinə və mediasiya xidməti üçün ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı hər ay 170 (bir yüz yetmiş) manat miqdarında müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və aşağıdakıları qeyd edir. Belə ki, cavabdehin gəlirinin aşağı olması onu yetkinlik yaşına çatmamış uşalarının tələbatını təmin etməkdən azad etmir və onun əmək haqqısının aşağı olması uşağının saxlanması üçün tutulan alimentin miqdarının artırılmasına maneə deyildir. Ona görə ki, işdən göründüyü kimi tərəflərin birgə nikahlarından anadan olmuş uşaların saxlanması üçün alimentin məbləği məhkəmənin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, həmin vaxtdan on ildən artıq müddət keçmiş, bu müddət ərzində dolanışıq minimumu xeyli artmışdır. Digər tərəfdən məhkəmə tərəfindən tutulması qət edilmiş alimentin miqdarı Respublika üzrə uşaqların saxlanması üçün müəyyən edilmiş dolanışıq minimumundan belə 2,5 dəfədən artıq aşağıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək məhkəmənin əvvəlki qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının kifayət qədər qazanca malik olmasını və gözəllik salonu işlətməsini qeyd etsə də, buna dair hərhansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığına, Cavabdeh Alişan oğlunun verdiyi apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-356/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1025/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1025/2024
30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver