Məhkəmə qərarları › İş №2(104)-1026/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1026/2023

23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1026/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar söz: alimentin artırılması tələbinə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakları, Gəncə Şəhər Məhkəməsinin 2(125)-659/2023 saylı mülki iş üzrə 23 yanvar 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 may 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ 849089 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 27 fevral 2012-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.

2. İşdə olan Gəncə ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ 502278 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 14 fevral 2015-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.

3. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 3685/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış 29 saylı nikah qeydinin pozulması, boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir..

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün ödənilən aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edilən məbləğdən başqa heç bir maddi və mənəvi dəstək vermir. O, uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğuldur və maddi vəziyyəti yaxşıdır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-659/2023 saylı mülki iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən X,Səfərli) iddia qismən təmin edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3685/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 659/2023 saylı mülki iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işin hallarını tam araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 220 manat olduğu halda məhkəmə hər uşağa 160 manat aliment təyin edərək əvvəlki alimentin miqdarını cəmi 20 manat artırmışdır. Həmin məbləğlə isə uşaqların tələbatlarını ödəmək mümkün deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, uşaq musiqi məktəbində müəllim işləyir, aylıq gəliri 450 manatdır. Cavabdeh ilə nikahları pozulduqdan sonra o, ipoteka ilə ev almış, hazırda həmin evə görə hər ay banka 220 manat pul ödəyir. Əmək haqqından qalan məbləğlə evin ehtiyaclarını çətinliklə ödəyir. Məhkəmənin təyin etdiyi alimentlə uşaqların ehtyaclarını ödəmək mümkün deyil. Uşaqların hər ikisi məktəblidir, tələbatları günbəgün artır. Cavabdeh isə həm taksi fəaliyyəti ilə məşğuldur, həm də qardaşları ilə birlikdə dəmir darvazaların düzəldilməsi, satışı, çatdırılması və quraşdırılması ilə məşğul olur və yaxşı qazanc əldə edir. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, uşaqların saxlanması üçün 200-220 manat aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyaslna məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi:

14. Maddə 75 - valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. Maddə 78.1 - valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

16. Maddə 78.2 - sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun:

17. Maddə 5 - dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

18. Maddə 8 - hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.

19. Maddə 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.

20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.

21. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur. 24.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir. 26.Maddə . Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

27. Maddə 112.1.3. aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. 28.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 384.0.3. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 31.Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 32.Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-659/2023 saylı mülki iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi «xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi» hissəsində dəyişdirilməli, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan alimentin miqdarı dəyişdirilərək 190 manat məbləğdə müəyyən edilməlidir. 33.Kollegiya qeyd edir ki, iddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, musiqi məktəbində müəllim işləməklə aylıq əmək haqqı 450 manat olsa da, hazırda uşaqları ilə birlikdə yaşadığı evi ipoteka müqaviləsi ilə aldığından hər ay 220 manat banka pul ödəyir. Bundan əlavə uşaqların hər ikisi məktəblidir, aldığı əmək haqqı və cavabehin ödədiyi 140 manat alimentlə uşaqların tələbatlarını ödəyə bilmir. Cavabdehin isə şəxsi avtomoili var, taksi fəlaiyyəti ilə məşğuldur, onun digər qazancı və gəlirləri kifayət qədərdir. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin artırılmasına əsas verir. Çünki, yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmamışdır, müəyyən olunmuş aylıq alimentin məbləğinin artırılması üçün əsaslar vardır. 34.Məhkəmə kollegiyası, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 190 manat sabit pul məbləğində aliment müəyyən edilməsini onun mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Məhkəmə kollegiyası cavabdehin rəsmi iş yerinin olmamasını nəzərə alaraq qeyd olunan məbləğdən daha yüksək məbləğdə alimentin ondan tutulmasını cavabdehin maddi vəziyyətinə uyğun hesab etmir. 35.Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyətinin olması öz əksini tapmışdır. 36.Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, iddianın qiyməti 5000 manatdan aşağı olan mülki işlər üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. 37.Belə ki, Azərbaycan Respublikası MPM-nin 112.1.3-cu maddəsinə əsasən, aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. 38.Məhkəmənin artırmış olduğu (380 manat hazırki-280 manat əvvəlki)=100 manat aylıq alimentin bir illik məcmusu (100 manat x 12ay)=1200 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, və 404-1-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-659/2023 saylı mülki iş üzrə 23 yanvar 2023cü il tarixli qətnaməsi «xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi» hissəsində dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün tutulan alimentin miqdarı 190 (bir yüz doxsan) manat sabit pul məbləğində (iki uşaq üçün hər ay cəmi 380 manat məbləğində) müəyyən edilsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar