Məhkəmə qərarları › İş №2(104)-1027/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1027/2024

07.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1027/2024 07.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X8, X5 və X10) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: istifadə hüququnun tanınması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X8, X5 və X10) istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(125)-227/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli **********060 saylı şəxsi hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 adına olan Atatürk prospekti 197/13, mənzil 60 ünvanında yerləşən mənzildə arvadı X16, oğlu Cavabdeh2, qızı X8, qızı X5 və qızı və X3 ibarət ailə üzvləri vardır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda, yeni qaydalarla Gəncə şəhəri, Atatürk prospekti 247, M5, m1 ünvanda yerləşən ümumi sahəsi 89.4 kv.m. olan mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə **********66- 05101-093009 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır.

3. X12 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, İddiaçı, X17 və X6 onlara məxsus olan ünvan 1 ünvanda yaşamağına etiraz edirlər.

4. X2 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, İddiaçı, X17 və X6 onlara məxsus olan ünvan 1 ünvanda yaşamağına etiraz edirlər.

5. X4 ərizəsindən görünür ki, o, İddiaçı, X17 və X6 onlara məxsus olan ünvan 1 ünvanda yaşamağına etiraz edirlər.

6. Gəncə Şəhər Məhkəməsinin 2(125)-876/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, xx.xx.2010-cu il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 08 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə anadan olmuş X7, xx.xx.2010-cu ildə anadan olmuş X6 İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə anadan olmuş X7, xx.xx.2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 13 dekabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh2 hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.

7. “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2010-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh2, anası İddiaçıdır.

8. “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh2, anası İddiaçıdır.

9. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 nömrəli xidmət sahəsinin 463 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, həqiqətən İddiaçı xx.xx.2006-cı il tarixdən bu günədək ünvan 1 ünvanda X1-2007 və X13- 2010 ilə birlikdə qeydiyyatsız yaşayırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun Cavabdeh1 adına **********0060 nömrəli şəxsi hesab vərəqəsi ilə verilən ünvan 1 ünvanda yerləşən mənzildən onun, yəni İddiaçı istifadə hüququnun taninmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilin **********0060 nömrəli şəxsi hesab vərəqəsi ilə Cavabdeh1 adınadır. Cavabdehlərdən Cavabdeh2 ilə xx.xx.2006-ci ildə el adəti ilə evlənib ailə qurmuş, xx.xx.2010-cu il tarixdə isə nikahları rəsmi qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2007-ci il tarixdə X7 və xx.xx.2010-cu il tarixdə X13 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh2 ilə evləndikləri gündən, yəni xx.xx.2006-cı ildən o, Cavabdeh1 və cavabdeh həyat yoldaşı Cavabdeh2 razılığına əsasən Cavabdeh1 adına olan mənzilə gəlin gəlmiş və hal-hazıra kimi uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Orada əri ilə ailə həyatı yaşamış, birgə təsərrüfat idarə etmiş və bir ailənin üzvləri olaraq yaşamışlar. Onun bütün cehiz əşyaları həmin mənzildədir. X1 və X13 həmin mənzildə qeydiyyatdadırlar. Cavabdehlərdən Cavabdeh2 ilə onlar ər-arvad münasibəti pozulduğu üçün xx.xx.2023-cü il tarixli 2(125)- 876/2023 saylı Gəncə Şəhər Məhkəməsinin qətnaməsinə əsasən onların nikahı pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdehlər onun həmin mənzildə uşaqları ilə birlikdə rahat yaşamağına imkan vermirlər. Belə ki, təbii qazın, işığın kartını vermirlər və onu qazsız, işıqsız qoyurlar, suyu və interneti bağlayırlar, yəni onu və uşaqlarını bezdirib mənzildən çıxmağını istəyirlər və demək olar ki, bu səbəbdən hər gün aralarında sözsöhbət, davadalaş yaradılır, onu uşaqları ilə birlikdə mənzildən çıxmağını tələb edirlər. Uşaqlara deyirlər ki, onları uşaq evinə verəcəklər, halbuki, məhkəmənin qətnaməsinə əsasən uşaqların onun yanında saxlanılması qət edilmişdir. Onları bu sözləri uşaqların psixologiyasına təsir edir.

12. Birinci instansiya məhkəməsi tərəfindən X16, X8, X5 və X10 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

13. Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(125)-227/2024 nömrəli qətnaməsi (hakim Mustafa Mustafayev) ilə, iddianın təmin edilməsi, İddiaçı ünvan 1 ünvanda, yeni qaydalarla Gəncə şəhəri, Atatürk prospekti 247, M5, m1 ünvanda yerləşən ümumi sahəsi 89.4 kv.m. olan mənzilə istifadə hüququ tanınması, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərcin 25 manatı və məhkəməyə ödədiyi 50 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir.

14. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(125)-227/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə maddi hüquq normasını tətbiq edərkən yanlışlığa yol vermiş, tətəflərin münasibətinə Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməli olduğu təqdirdə bunu etməyərək, Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş köhnə mənzil məcəlləsinin müdəalarını tətbiq etmişdir. İddiaçının mübahisəli evə də olan hüquq münasibətləri xx.xx.2010-cu il tarixdən, yəni rəsmi ər-arvad münasibətlərinə girildiyi tarixdən başlamışdır ki, həmin tarixdə də, artıq hazırki Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə qətnaməsində bildirir ki, guya o qeyd etmişdir ki, iddiaçı 2006-cı ildə oğlu ilə ailə quraraq ona məxsus evə gəlin gəlmişdir. Əslində isə o belə bir ifadə işlətməmişdir. İddiaçının daimi əsaslarla ona məxsus evdə yaşaması rəsmi nikah bağlanandan sonrakı dövrləri əhatə edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

20. İş üzrə İddiaçı, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X5 və X10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 43. İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsi

23. Maddə 53. icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

24. Maddə 54. İicarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

25. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

26. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

27. Maddə 123.1. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı

28. “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.”

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(125)- 227/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 xx.xx.2006-ci ildə el adəti ilə evlənib ailə qurmuş, xx.xx.2010-cu il tarixdə isə nikahları rəsmi qeydə alınmışdır. Cavabdeh2 ilə evləndikləri gündən xx.xx.2006-cı ildən həmin vaxtı order əsasında Cavabdeh1 adına olan mənzilə köçmüşlər. Həmin mənzildə yaşadıqları dövrdə Cavabdeh1 ilə iddiaçının birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X7 və xx.xx.2010-cu il tarixdə X13 adlı iki uşaqları anadan olmuşdur. 2023-cü ildə münasibətləri pisləşdiyi üçün Gəncə Şəhər Məhkəməsinin 2(125)-876/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, xx.xx.2010-cu il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 08 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə anadan olmuş X7, xx.xx.2010-cu ildə anadan olmuş X6 İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə anadan olmuş X7, xx.xx.2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 13 dekabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh2 hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinindən çıxarış əsasında ünvan 1 ünvanda, yeni qaydalarla Gəncə şəhəri, Atatürk prospekti 247, M5, m1 ünvanda yerləşən ümumi sahəsi 89.4 kv.m. olan mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə **********66- 05101-093009 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır.

46. İşin digər halı isə bundan ibarətdir ki, iddiaçı uzun illərdir ki, 2 övladı ilə birlikdə mübahisəli tikilidə yaşayır.

47. Mülki prosessual qanunvericiliyə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2. maddəsi).

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

49. Bu baxımdan, iddiaçının bildirdiyi faktik hallara əsasən iddia tələbi 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.

50. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Baxılan iş üzrə də iddiaçının mənzildən istifadə hüququnun yaranmasına əsas verən hüquqi faktların mövcud olub olmaması müəyyən edilməlidir. Qed edilməlidir ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçının sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi o halda təmin oluna bilər ki, məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun. Əvvəlkli Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri baxımından, mənzil verilən zaman iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranıb.

51. İşin müəyyən olunan hallarından göründüyü kimi, İddiaçı Cavabdeh2 ilə xx.xx.2006-ci il tarixdə el adəti ilə evlənib həmin evə gəlin gəlmiş və özünə məxsus cehiz əşyalarını da həmin evə gətirmişdir. İddiaçının uşaqları da həmin evdə doğulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının yaşayış sahəsindən istifadə hüquqları yaranmışdır.

52. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli 2 nömrəli Qərarının 7-ci bəndinin 7-ci abzasına əsasən ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin əri (arvadı) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarını tanıya bilər.

53. İddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yarandığı təsdiq olunduğuna görə, sonuncun oradan istifadə hüququnun itirilməsi məsələsi də araşdırılmalıdır.

54. Nəzərə alınmalıdır ki, həmin Mənzil Məcəlləsi mənzildən istifadə hüququnun yaranması əsasları ilə yanaşı, istifadə hüququna xitam verilməsi və istifadə hüququnun itirilməsi kimi hüquqi nəticələri və bunun üçün əsasları da müəyyən etmişdir.

55. Belə ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirilmiş hesab edilir (Maddə 60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (Maddə 87).

56. Başqa sözlə, mənzildən istifadə hüququ oradan istifadəyə olan ehtiyacdan doğan davamlı istifadəyə əsaslanır və yarandıqdan sonra onun davam etməsi müəyyən şərtlərə bağlıdır. Yəni şəxsin mənzildən üzürsüz səbəbdən qanunla müəyyən olunan müddətdən çox faktiki istifadə etməməsi, istifadə hüququnun aradan qalxmasına səbəb olur. Buna görə də, baxılan iş üzrə iddiaçının mənzildən istifadə hüquququnun yarandığı müəyyən edildikdən sonra, həmin hüququn itirilməsinə səbəb olan hüquqi faktların mövsud olubolmaması müəyyən edilməlidir.

57. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

58. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, iddiaçı mübahisəli yaşayış sahəsindən çıxması və daimi yaşamaq üçün başqa yerə getməsi sübut olunmur. İddiaçının yaşayış sahəsində hazırki vaxtadək fasiləsiz yaşaması ona dəlalət edir ki, iddiaçının evdən istifadə hüququnun itirilməsindən söhbət belə gedə bilməz.

59. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipinə əməl olunmuş, tərəflərin hər birinin öz mənafelərini müdafiə etməsi üçün prosessual vasitələrdən real istifadə etmə imkanı yaradılmış, prosesin bütün mərhələlərində tərəflərin iştirakı təmin edilmiş və qətnamə tərəfləri qanunla müəyyən edilmiş qaydada dəvət etməklə, tərəflərin təqdim etdikləri dəlillərlə əsaslandırılmışdır.

60. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

63. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(125)-227/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar