Məhkəmə qərarları › İş №2(104)-1029/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1029/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1029/2023 22.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(021)-3307/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X8 15 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh qaytarmaq məqsədi ilə pul verməsi, lakin sonuncunun vədinə əməl etməyərək onu aldatması üzrə araşdırma aparılmış, toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 5415 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iş yoldaşı X5 vasitəsilə tanımışdır. Cavabdeh İsmət Məmmədlinin bibisi oğludur. Əvvəllər Cavabdeh banka olan borclarının ödənilməsi üçün ona müraciət edərək pul istəmiş və sonuncunun xahişi ilə arvadı Alimə Cəfərovanın kartına 415 manat pul göndərmişdir. 24 oktyabr 2021-ci il tarixdə Cavabdeh "xxxx" ASC-dən götürdüyü kredit borcunun bağlanması və yeni kredit götürərək əvvəllər aldığı borcları bağlamaq məqsədi ilə ondan 5000 manat borc almışdır. Razılaşmaya əsasən Cavabdeh banka olan borcunu bağlamalı, sonra yenidən bankdan 15000 manat pul götürərək ona və başqa şəxslərə olan borcunu ödəməliydi, lakin sonuncu bunu etməmişdir. Cavabdeh Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsində verdiyi izahatda onu qismən tanıdığını, məsələ ilə qohumu X3 ona 5000 manat borcu olduğunu və həmin pulu da sonuncu 24 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində ona ödədiyini bildirmişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görədə məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur.

4. Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(021)-3307/2022 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddiаçı İddiaçı cavabeh Cavabdeh qаrşı pul tələbinə dаir iddiası təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 739.1, 739.2 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1, 77.3, 78,2, 82,3, 107, 119.1, 217.3, 217.4, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, şahidlər X6 və X4 ifadələri, Cavabdeh tələbi ilə onun arvadı X1 bir necə dəfə olmaqla cəmi 415 manat köçürməsi və Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X8 15 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı nəzərə alınmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. 10 aprel 2023-cü il tarixdə və 08 may 2023-cü il tarixlərdə keçirilmiş məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında bildirmişdir ki, İddiaçıdan borc almamışdır. Dayısı oğlu İsmətdən (uşaqlıqdan onu dayısı övladlığa götürdüyündən dayısı oğlu sayılır, əslində isə qardaşdırlar) borc almış, borcu qaytara bilmədiyindən İsmətdə ona qarşı məhkəmədə iddia qaldirmış və sonuncunun iddiası qısmən təmin edilmişdir. İsmətlə Vəfa əslində qeyri-rəsmi ərarvad kimi yaşayır.

10. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

15. Mqddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

20. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.

24. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

25. Belə ki, işin faktiki falları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ümumilikdə 5415 manat borc verdiyini, sonuncu isə aldığı borcu qaytarmadığından iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

26. Belə ki, İddiaçı Cavabdeh ümumilikdə 5415 manat borc verməsini, cavabdeh isə iddiaçıdan borc almadığını bildirir. İddiaçı cavabdehə ümumilikdə 5415 manat borc verməsini iddia etsədə, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

27. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahidlər iddiaçının cavabdehə borc verməsini təsdiq etsələrdə, lakin birinci instansiya məhkəməsi şahid ifadələrini sübut kimi qəbul etməmişdir. Belə ki, şahid qismində dindirilmiş İsmət Məmmədli ifadə verərək göstərmişdir ki, Cavabdeh qardaşıdır və onu uşaq vaxtından dayısı övladlığa götürmüşdür. Banka olan borcunu qaytarmaq məqsədilə Müşviq onun iş yoldaşı İddiaçı iki dəfəyə 5000 manat (1500+3500=5000) manat borc almış, lakin sonradan aldığı borcu qaytarmamışdır. Digər şahid qismində ifadə verən X6 isə bildirmişdir ki, İddiaçı anasıdır. Anasının xahişi ilə evdə olan 2000 manatı İsmətin evinə aparmış, həmin vaxt Müşviqdə oradav olmuş, anası Vəfa həmin puldan 1500 manat Müşviqə vermişdir. Sədrlik edənin sualına cavabda isə Qərib Balakişiyev bildirmişdir ki, anasının onlara görə aldığı aliment pulunun yığıldığı kartdan 3000 manat götürüb Müşviqə vermişlər..

28. X2 iddiaçının oğlu, X5 isə iddiaçının (özünün deməsinə görə) iş yoldaşıdır. (cavabdehin deməsinə görə isə qeyri-rəsmi arvadıdır) İddiaçı ilə cavabdeh arasında borc öhdəlik hüquq münasibətlərinin yaranması iddiaçının və adları qeyd olunan şahid ifadələrindən başqa digər sübütlarla təsdiq olunmur. Digər tərəfdən mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən müəyyən olunur ki, Alimə Cəfərovanın kart hesabina iki dəfəyə 205 (105+100=205) manat göndərilmişdir. Digər bir ödəniş qəbzində isə göndərilən məbləği müəyyən etmək olmur. Eləcədə işin 39-cu vərəqində olan ödəniş qəbzindən görünür ki, Cavabdeh banka 15000 manat kredit ödənişi etmişdir.

29. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.

30. Belə olan təqdirdə, kollegiya hesab edir ki, adı qeyd olunan şahidlərin iddiaçıya qohumluq və yaxın tanışlıq münasibətləri nəzərə alınmalıdır. Bu da onu deməyə əsas verir ki, şahid ifadələrini sübut kimi qəbul etməyərək iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin şahidlər X6 və X4 ifadələri, Cavabdeh tələbi ilə onun arvadı X1 bir necə dəfə olmaqla cəmi 415 manat köçürməsi dəlili qətnamənin ləğvi üçün əsas deyil.

31. Alimə Səfərovanın kart hesabına göndərilən 205 manata (digər qəbzdə olan məbləğ oxunaxlı deyil) münasibətdə kollegiya qeyd edir ki, sonuncunun özündən həmin məbləğin qaytarılmasına dair tələb hüququ istisna olunmur.

32. Bu qətnamənin 26-cı bəndində də qeyd olunduğu kimi İddiaçı və Cavabdeh arasında borc öhdəlik hüquq münasibətlərinin yaranması iddiaçının və adları qeyd olunan şahid ifadələrindən başqa digər möhtəbər sübütlarla təsdiq olunmur. Mülki prosessual qanunvericiliyə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(021)-3307/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar