Məhkəmə qərarları › İş №2(104)-1038/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1038/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1038/2023 25.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və cavabdeh X4 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh və X5 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-810/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 8563,01 (səkkiz min beş yüz altmış üç manat sıfır bir qəpik) manatbundan 2580,50 (iki min beş yüz səksən manat əlli qəpik) manat əsas, 2991,76 (iki min doqquz yüz doxsan bir manat yetmiş altı qəpik) manat faiz, 2613,47 (iki min altı yüz on üç manat qırx yeddi qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 377,28 (üç yüz yetmiş yeddi manat iyirmi səkkiz qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 105,64 (bir yüz beş manat altmış dörd) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və X3 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-810/2022 saylı qətnaməsi ilə (hakim T.Musayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə 2578,25 manat, faiz borcu üzrə 1119,59 manat, cərimə üzrə 125 manat olmaqla, cəmi 3822,84 manat borc pul, həmçinin iddia ərizəsinə görə ödənilmiş 105,64 manat məbləğində dövlət rüsumunun 58,23 manat hissəsinin əvəzi iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 avqust 2017-ci il tarixli 005204 nömrəli Bank Xidmətləri müqaviləsinə əsasən 30 avqust 2017-ci il tarixində 5 saylı əlavə saziş bağlanaraq Cavabdeh 18 (on səkkiz) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən X7 ilə Bank arasında 30 avqust 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********305 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 8563,01 (səkkiz min beş yüz altmış üç manat sıfır bir qəpik) manat təşkil edir. Bundan 2580,50 (iki min beş yüz səksən manat əlli qəpik) manat əsas, 2991,76 (iki min doqquz yüz doxsan bir manat yetmiş altı qəpik) manat faiz, 2613,47 (iki min altı yüz on üç manat qırx yeddi qəpik) manat cərimə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 377,28 manat faiz borcu təşkil edir. Mülki iş materiallarında olan: xx.xx.2017-ci il tarixli KM007T08170089 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh 18 ay müddətinə, illik 30 faiz olmaqla 3000 manat məbləğində kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, borclunun öhdəliyi zaminliklə təmin olunmuş və X7 bu müqavilə üzrə zamin qismində üzərinə öhdəliklər götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 2580,50 (iki min beş yüz səksən manat əlli qəpik) manat əsas, 2991,76 (iki min doqquz yüz doxsan bir manat yetmiş altı qəpik) manat faiz, 2613,47 (iki min altı yüz on üç manat qırx yeddi qəpik) manat cərimə, 377,28 (üç yüz yetmiş yeddi manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 8563,01 (səkkiz min beş yüz altmış üç manat sıfır bir qəpik) manat məbləğində borcu vardır. xx.xx.2017-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən verilmiş 3000 manat məbləğində vəsaiti qəbul etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli, 9/3506 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh 11 yanvar 2022-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan əsas borcu üzrə 2578,25 manat, faiz borcu üzrə 1119,59 manat olmaqla, ümumilikdə 3697,84 manat məbləğində müəyyən olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, əsas borca hesablanmış faiz məbləği çox yazılmışdır. O borcundan ödənişlər etmiş, lakin faiz hesablanan zaman etidiyi ödənişlər nəzərə alınmayaraq çox yazılmışdır. Bundan əlavə ilə "xxxx" ASC fəaliyyətini dayandırdığı vaxtdan kredit borcunu hara ödəyəcəyini bilmədiyindən gecikmələr yaranmışdır. Həmçinin, cərimə borcunu tamamilə qəbul etmir. Çünki, ödənişləri hara edəcəyini bilmədiyi üçün gecikmələr yaranmış və cərimə yazılmışdır. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 verdiyi izahatda bildirdi ki, iddia tələbi ona münasibətdə rədd olunmuş və ona münasibətdə qətnamə mübahisələndirilmir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş şikayətin təmin və ya rədd olunması məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi cavabdeh X5 münasibətdə təmin edilməmiş və iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Qətnamənin əsaslığı yalnız Cavabdeh tərəfindən mübahisələndirilir. Həmçinin Cavabdeh şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, apellyator tərəfindən yalnız iddanın təmin edilmiş hissəsində faiz və cərimə məbləğləri mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı Cavabdeh münasibətdə yalnız faiz və cərimə borcunun təmin olunmuş hissələri üzrə yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adı çəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli KM007T08170089 saylı kredit müqaviləsi üzrə sonuncuya 18 ay müddətinə, illik 30 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Lakin, borcalan kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və onun kreditora 2580,50 manat əsas, 2991,76 manat faiz borcu yaranmışdır. Eyni zamanda cavabdehə 2613,47 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə kreditor ilə borcalan arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına onlar arasında bağlanmış kredit müqaviləsinin, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Kreditor ilə borcalan arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə Cavabdeh hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu borcalana verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, borcalan aldığı pul vəsaitini müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora 2580,50 manat əsas, 2991,76 manat faiz borcu yaranmışdır. Eyni zamanda borcalan 2613,47 manat cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası əsas borca hesablanmış faiz borcu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmış və həmin borca isə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq faiz hesablanmışdır. Ona görə də faiz borcunun kredit müqaviləsi üzrə tərəf olan borcalandan tələb edilməsi əsaslıdır. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faiz borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli, 9/3506 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh 11 yanvar 2022-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan əsas borcu üzrə 2578,25 manat, faiz borcu üzrə 1119,59 manat olmaqla, ümumilikdə 3697,84 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də birinci instansiya mhəkəməsi tərəfindən borcalandan kredit müqaviləsi üzrə tutulan faiz borcunun məbləği rəyə uyğun müəyyən edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası Cavabdeh cərimə borcunun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, həmçinin işin hallarını nəzərə alaraq, cərimənin məbləğini azaldaraq 125 manat məbləğdə müəyyən edərək əsaslı nəticəyə gəlmişdir. Bu məbləğ işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz. Apellyasiya şikayətində cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması dəlili ilə bağlı kollegiya qeyd edir ki, apellyatorun bu dəlil əsassızdır. Çünki iş materiallarına nəzər saldıqda görünür ki, Cavabdeh 30 noyabr 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclaında şəxsən iştirak edərək ona hüquq və vəzifələri işə baxan hakim tərəfindən izah olunmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, mübahisələndirilən hissədə hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-810/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar