Məhkəmə qərarları › İş №2(104)-1040/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1040/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1040/2025 13.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçılar X2 və qeyrilərinin cavabdehlər "xxxx" KB ASC və qeyrilərinə qarşı kreditin aylıq ödənişlərinin və faizlərinin azaldılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1801/2025 saylı qərardadından iddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, X3 və X1 cavabdehlər "xxxx" KB ASC-yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən tərtib olunmuş 11 iyul 2016-cı il tarixli Y-275 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab olunması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və həmin müqavilə əsasında cavabdeh "xxxx" Kommersiya Bankı ASCnin adına verilmiş 24 yanvar 2017-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanda mübahisə predmeti olan, 0.2044 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi barədə ekspert rəylərinin ləğv edilməsi və yenidən qiymətləndiriməsi, cavabdeh Şəmkir rayon İcra və Probasiya Şöbəsi, "xxxx" ASC və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən onlara vurulmuş 5000 (beş min) manat mənəvi ziyanın, 100 manat dövlət rüsumunun, 1000 manat vəkil xidmət haqqının müştərək qaydada cavabdehlərdən alınıb onlara verilmısi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1801/2025 saylı qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı1, X3 və X1 cavabdehlər "xxxx" KB ASC-yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı kreditin aylıq ödəniş məbləğinin və faizlərin azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə həmin qərardaddan şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1801/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehlər “X5” ASC-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə və üçüncü şəxs DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hazırkı iddianı qaldırmışlar. Azərbaycan Respublikası MPM-nin 36.2ci maddəsinin mənasına görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə iddiaçının seçməsinə görə verilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsi hazırkı iddia üzrə cavabdehdir. Bu səbəbdən də, onlar iddiaçının seçməsinə görə cavabdehlərdən birinin olduğu yerin məhkəməsini, Şəmkir rayon Məhkəməsini seçmişdir. Hazırkı iddiada "xxxx" ASC tək cavabdeh olmadığından, onlar Şəmkir Rayon Məhkəməsini seçməkdə haqlı olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin mənasına görə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Mübahisə predmeti olan fərdi yaşayış evi İddiaçı1 mərhum ərindən miras qalmışdır. Cavabdeh Unibank KB ASC daşınmaz əmlakı qanunsuz əldə etmişdir. Cavabdeh Şəmkir rayon İcra və Probasiya Şöbəsi mübahisə predmeti olan əmlakı çox ucuz qiymətə hərraca çıxarıb və əsassız yerə hərracı uzatmaqlı, məqsədli şəkildə əmlakın dəyərini sünii şəkildə dəyərindən qat-qat ucuz qiymətləndirilməsinə şərait yaratmışdır. Buna görə də, onlar haqlı olaraq, Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə isə heç bir hüquqi əsas olmadan, iddianın icraata qəbul olunmasından imtina etmişdir. Hesab etmişlər ki, məhkəmənin sözü gedən qərardadı qanunsuz və əsassızdır. Həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Odur ki, məhkəmə qərardadının ləğv edilməsini, ərizə məhkəmə icraatına qəbul edilməsini və mahiyyəti üzrə baxılıb nəticə verilməsini istəyirlər. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1801/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanmış, qərardaddan verilmiş şikayət baxılması üçün şikayət işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6537/2024 saylı qərardadı ləğv edilməli, iddiaçılar İddiaçı2, İddiaçı1, X3 və X1 cavabdehlər "xxxx" KB ASC-yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab olunması və s. tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaq, qeyd edir ki, iddianın mahiyyətini “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən tərtib olunmuş 11 iyul 2016-cı il tarixli Y-275 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab olunması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və həmin müqavilə əsasında cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin adına verilmiş 24 yanvar 2017-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanda mübahisə predmeti olan, 0.2044 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi barədə ekspert rəylərinin ləğv edilməsi və yenidən qiymətləndiriməsi, cavabdeh Şəmkir rayon İcra və Probasiya Şöbəsi, "xxxx" ASC və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən onlara vurulmuş 5000 (beş min) manat mənəvi ziyanın, 100 manat dövlət rüsumunun, 1000 manat vəkil xidmət haqqının müştərək qaydada cavabdehlərdən alınması təşkil edir. Cavabdehlər qismən də, "xxxx" KB ASC, Şəmkir rayon İcra və Probasiya Şöbəsi, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC və DƏDKR publik hüquqi şəxsinin 11 saylı ərazi idarəsi qoyulmuşdur. İddianın mahiyyəti üzrə cavabdehlər düzgün müəyyən edilmiş və iddia ərizəsində də qanunvericiliyin tələbinə uyğun olaraq qeyd edilmişlər. DƏDKR publik hüquqi şəxsinin 11 saylı ərazi idarəsinin və Şəmkir rayon İcra və Probasiya şöbədsinin hüquqi ünvanı Şəmkir şəhəridir. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatla bağlı düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 35.2-ci hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 36.2-ci rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə iddiaçının seçməsinə görə verilə bilər. 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan əsaslarla iddia ərizəsinin geri qaytarılması əsassız olmuşdur. Buna görə də, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(076)-1801/2025 saylı qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Həmçinin, işə yenidən baxarkən birinci instansiya məhkəməsi tərəfindən qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 4.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1801/2025 saylı qərardadından iddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1801/2025 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul qəbul məsələsinə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar