Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1042/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, “kredit müqaviləsi üzrə borcunun ödənilməsi” tələbinə dair mülki işə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2722/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-M-1-0- 267-13 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 6400 ABŞ dolları məbləğində kredit vermişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-M-1-0- 267-13 saylı zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh1 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən borclu Cavabdeh1 götürdüyü krediti əsas məbləği və onun faizləri ilə birlikdə cəmi 8429 ABŞ dolları pulu xx.xx.2015-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-cı il tarixdə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı bank cavabdehdənxx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2822.14 ABŞ dolları əsas borc, 1462.22 ABŞ dolları faiz borcu, 2033.23 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 939.55 ABŞ dolları məbləğində borc olmaqla, ümumilikdə cəmi 7257.14 ABŞ dolları kredit borcu və ödənilmiş 127.01 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faiz olmaqla 24 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək, müqavilə şərtlərini pozmuşdur. İddia qaldırıldığı vaxta qədər cavabdeh kredit borcundan 314 manat qismən ödəniş etmişdir. xx.xx.2022-ci il tarixə cavabdehlərin banka olan borcu xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2822.14 ABŞ dolları əsas borc, 1462.22 ABŞ dolları faiz borcu, 8132.91 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 939.55 ABŞ dolları məbləğində borc olmaqla, ümumilikdə cəmi 13356.82 ABŞ dolları kredit borcu təşkil etmişdir. Cavabdeh1 banka xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 8132.91 ABŞ dolları cərimə borcu olmasına baxmayaraq, cərimə məbləği maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 faizi miqdarında, yəni 2033.23 ABŞ dolları məbləğində tələb olunur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2722/2022 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə əsasən Cavabdeh1 banka olan əsas kredit borcunu faizi ilə birlikdə xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilə kimi ödəməyi öhdəsinə götürmüş, iddiaçı "xxxx" ASC həmin müddət ərzində məhkəmədə cavabdehə qarşı iddia qaldırmamışdır. İddiaçı təşkilat cavabdehə yalnız xx.xx.2022-ci ildə xəbərdarlıq göndərmiş və xx.xx.2022-ci ildə iddia qaldırmaqla borcunu tələb etmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 373, 375 və 377-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafıq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafıq qrafık üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan əlavə şərti olaraq hesab edilsə ki, öhdəliyin icrası vaxtı xx.xx.2014-cü ildə başa çatmışdır, ona görə də, birinci instansiya məhkəməsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianın rədd edilməsi ilə bağlı qənaət formalaşmışdır ki, məhkəmə yenə də maddi hüquq normasının pozuntuna yol vermişdir. Belə ki, iddia tələbinin bir hissəsini kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 939.55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla zərər təşkil etmiş, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə də 3 illik müddəti tədbiq edərək iddianı rədd etmişdir. Halbuki, birinci instansiya məhkəməsi də qətnaməsində göstərdiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasma görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hesab edirlər ki, iddiaçı olaraq tələb etdikləri illik 5 faiz pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. İşin faktiki halından göründüyü kimi cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə "gecikdirilmiş vaxt üçün faizi" eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə birbaşa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır. Hesab edirlər ki, "gecikdirilmiş vaxt üçün faiz" tələbi kredit müqaviləsindən irəli gələn hüquq deyil, bu hüququ birbaşa qanunun özü kreditora həvalə etməsi kreditorun bu tələbi irəli sürməsi müqavilədən yox, qanundan irəli gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə nəlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarı: İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 399.3-cü maddəsi müqavilədə nəzərdə tutulduğu halda müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamını, belə şərt olmadığı halda isə müqavilənin öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə olmasını müəyyən etməkdədir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhədliyin icrası müddəti xx.xx.2015-ci il tarixinədək şərtləndirilmişdir ki, mübahisə müqavilənin qüvvədə olma müddəti və ya müqavilənin qüvvədə olan müddətinin bitməsi ilə əlaqədar öhdəliyə xitam verilib-verilməməsi ilə bağlı deyil, müqavilə üzrə öhdəliyə müddətin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilməsi olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi ilə bağlı iddianın təmin edilməli olması ilə bağlı şikayətin dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçının tələb etdikləri illik 5% pul tələbinin kredit müqaviləsindən irəli gələn tələb olmaması, kreditorun bu tələbi irəli sürməsinin müqavilədən yox, qanundan irəli gəlməsinə dair dəlillərini də əsassız sayır, iddiaçı sözügedən tələbinin əsası Mülki Məcəllənin 445.7-ci maddəsinə söykənmişdir ki, həmin maddə borclunun müqavilə üzrə öhdəliklərin icrasını gecikdirməsi zamanı faiz qismində tətbiq edilən sanksiyanı nəzərdə tutur. Bu isə o deməkdir ki, həmin tələb də kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən, müqavilə tələblərinin pozulması əsası ilə əlavə tələb kimi irəli sürülmüşdür. Əlavə tələb də əsas tələbdən törəyir və onu təmin edir. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir ki, iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi də məhz əsas tələbdən irəli gəlmişdir. Belə olan da məhkəmə kollegiyası hesab edir ki, birinci instasiya məhkəməsi tərəfindən işə baxılarkən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün hüquqi və ya qanuni əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2722/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov