Məhkəmə qərarları › İş №2(104)-1047/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1047/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1047/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(042)-1096/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahələrindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və ilkin ödənilmiş 9000 ABŞ dollarının cavabdehlərdən alınaraq, ona verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması haqqında ərizə vermiş, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında ½ hissələri ona məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahələrinin ½ hissəsindən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(042)-1096/2022 nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında ½ hissələri İddiaçı məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahələrinin ½ hissəsindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və X2 özlərinə məxsus fərdi yaşayış evlərini 2009-cu il tarixdə satışa çıxarmışlar. O, Cavabdeh1 və X2 ilə razlaşaraq evi pay torpaq sahəsi ilə birlikdə 16000 ABŞ dollarına razlaşaraq almışdır. Ev üçün 7000 ABŞ dolları, 0.36 ha pay torpaq sahəsi üçün isə 9000 ABŞ dolları pul vermişdir. Həmin vaxt torpaq sahəsinin sənədləşməsini apararkən Cavabdeh1 və X2 qızları Cavabdeh2 ərazidə olmadığı üçün torpaq sahəsinə dair alqı-satqı müqaviləsi aparılması mümkün olmamışdır. Sonradan həmin torpaq sahələrini sənədləşdirmiş və torpaq sahələrinin ½ hissələri ona məxsusdur. Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçə tərəfindən verilmiş iddia tələbini qəbul etmirlər. Belə ki, onlar iddiaçıya məxsus heç bir torpaq sahəsini tutmamışlar. Məhkəmə qətnaməsindən də aydın deyil ki, onlar iddiaçıya məxsus olan torpaq sahəsinin hansı hissəsini tutmaları bilinmir. İddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Məhkəmədə onlar iddiaçıya məxsus torpaq sahəsini tutmaları ilə heç bir sübut araşdırılmayıb. Hesab edirlər ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsi MM-nin 157.2-ci maddəsinə istinad etmişdir. Onlar iddiaçının torpaq sahəsinin tutmamışlar. Məhkəmənin bur normaya istinad etməsi maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Nə məhkəmə qətnaməsinə nə iddia ərizəsində aydın deyil ki, olar iddiaçıya məxsus torpaq sahəsini nə vaxtdan, hansı koordinatlarla tutmuşlar. İddiaçı ona məxsus 2/1 hissə dedikdə hansı hissəni nəzərdə tutur. İddia tələbi qeyri müəyyəndir. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi. Sədrlik edənin sualına vaba olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi naturada bölünməmişdir. Həmin torpaq sahəsinin ½ hissəi ona məxsusdur. Həmin torpaq sahəsində heç bir tikinti mövcud deyil. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: MH seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Maarif kəndində İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqla, 20.0 kvm yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 137 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətində görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşəm 0,12 ha kənd təsərrüfatı torpaq sahəsinin ½ hissəsi Cavabdeh2, ½ hissəsi isə İddiaçı məxsusdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətində görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşəm 0.24 ha kənd təsərrüfatı torpaq sahəsinin ½ hissəsi Cavabdeh2, ½ hissəsi isə İddiaçı məxsusdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)114/2019 saylı qətnaməsinin surətindən görünür ki, X1 və İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, RX seriyalı ******* və ******* №-li Çıxarışlara əsasən xüsusi mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına qeydə alınmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.12 ha və 0.24 ha torpaq sahələrindən çıxarılması, Cavabdeh1 9000 (doqquz min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan manatına olan məzənnə hesabı ilə alınaraq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 maddələrinə, həmçinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68ci maddəsinə istinad edərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə müvafiq olaraq, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin həmin Məcəllənin 144.5-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 sentyabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edildi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında ½ hissələri ona məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahələrinin ½ hissəsindən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahələrinin ½ hissəsi iddiaçının ½ hissəsi isə Cavabdeh2 ümumi paylı mülkiyyətindədir. Lakin onların həmin əmlaklarda payları naturada müəyyən edilməmişdir. Yəni tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin onlara aid hissədə koordinatları müəyyən deyil. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsi bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsinin müəyyənləşdirilməsi mümkün deyildir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, Gədəbəy rayonu Slavyanka kəndində yerləşən mübahisəli torpaq sahələri tərəflərin ümumi birgə mülkiyyətində olduğundan birgə mülkiyyətçi kimi onların həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirməsi qanunsuz hərəkət hesab edilə bilməz. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır və iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikləri təqdirdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Hazırkı iddianın təmin edilməməsi iddiaçıların həmin iddia ilə məhkəməyə müraciət etmək hüquqlarını istisna etmir. Azərbaycan Respublikası MPM-in 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1. maddəsinə əsasən, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏTETDİ: Gədəbəy Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(042)-1096/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(042)-1096/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar