Məhkəmə qərarları › İş №2(104)-1047/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1047/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1047/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina; müqavilənin ləğvinin hüquqi nəticələri Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(021)-555/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 407nkBRD/23 nömrəli kredit müqaviləsindən görünür ki, borcalana istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixədək illik 25 faiz ödəmək şərtilə 9868 manat kredit verilmişdir;

2. Kreditor "xxxx" KB ASC tərəfindən borcalana göndərilmiş 23 sentyabr 2024-cü il tarixli bildirişdən görünür ki, tərəflər arasındakı kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir (bildiriş xx.xx.2024-cü il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir);

3. Kreditor "xxxx" KB ASC tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli BANK/PİKMD/1234828 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, borcalan Cavabdeh 28 oktyabr 2024-cü il tarixə "xxxx" KB ASC-yə 9624,18 manat əsas, 1594,16 manat faiz, 119,96 manat cərimə olmaqla, cəmi 11338,30 manat borcu yaranmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9624,18 manat əsas, 1594,16 manat faiz, 119,96 manat cərimə borcu olmaqla, cəmi 11338,30 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 124,44 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı "xxxx" KB ASC tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixədək illik 25 faiz ödəmək şərtilə 9868 manat kredit verilmişdir. Lakin, cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu iləhəll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

6. Bərdə Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(021)-555/2025 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia qismən təmin edilərək, Cavabdeh 9624,18 manat əsas, 1594,16 manat faiz, 10 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11228,34 manat kredit borcu və ödənilmiş 123 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməsi; Ödənilmiş dövlət rüsumunun 1,04 manat hissəsinin iddiaçının özünə aid edilməsi; İddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449.1, 462.1, 462.2, 467, 739.2, 743.1 və 743.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə mühasibatlıq ekspertizası təyin edilməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, kreditor iddiaçı "xxxx" KB ASC onu əvvəlcədən xəbərdar etmədiyi üçün və müqavilə üzrə şərtlərin yerinə yetirilməsi ilə bağlı tərəf olaraq danışıqlar yolu ilə mübahisənin həllinə üstünlük vermək haqqını tanımamışdır və birinci instansiya məhkəməsi də tərəflər arasında müqavilə hüququnun üstünlüyü prinsipinə əhəmiyyət verməyərək işin məhkəməyə qədər həlli üçün iddiaçının etməli olduğu hərəkətlərin real olaraq nədə ifadə olmasına dair mötəbər sübutlar üzərindən qiymətləndirmə aparmamışdır. Ödənişləri gecikdirməyi lə bağlı iddiaçının mülahizələri iddiaçının nöqteyi nəzərindən məhkəməyə təqdim olunan ümumi mülahizələr olmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığından məhkəmə iclasında iştirak edə bilməmişdir. Nəticədə borcun düzgün hesablanması üçün mühasibatlıq ekspertizası təyin edilməsi barədə məhkəməyə vəsatət vermək hüququndan mərhum olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı "xxxx" KB ASC apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, cavabdeh şikayətində yaranmış mübahisənin məhkəmədən kənar qaydada həlli üçün heç bir təşəbbüs göstərilmədiyini, onun yaranmış mübahisə barədə xəbərdar edilmədiyini bildirmişdir. Bununla bağlı qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(021)-555/2025 nömrəli qətnaməsinin 2-ci səhifəsinin aşağıdan 3-cü abzasında iş materiallarında Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıqlar edildiyi barədə bildirişlərin olduğu qeyd olunmuşdur. Apellyasiya şikayətində borc məbləği də mübahisələndirilmişdir. Bununla bağlı qeyd edir ki, borc məbləğini mübahisələndirdiyinə görə sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdehə məhkəmə iclası barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, habelə borc məbləğinin fərqli olduğunu, hesablamaların artıq olduğunu təsdiq edən heç bir sübutu nə iclasa təqdim etmiş, nə də apellyasiya şikayətinə qoşmuşdur. Sübutlar təqdim edilməməsi ilə yanaşı, hesablamaların dürüstlüyünü şübhə altına alan heç şərh də verməmişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətində qətnamə qəbul edilərkən məhkəmə tərəfindən borc məbləğinin araşdırılmadığını qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən cərimə məbləği 119,96 manatdan 10 manata azaldılmışdır. Buradan da görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə tələb olunan məbləğə münasibət bildirmiş, cərimə məbləğini azaltmış, əsas və faiz məbləğini isə əsaslı hesab etmişdir. Yuxarıda qeyd edilənlər apellyasiya şikayəti ilə cavabdehin borcun ödənilməsindən yayınmaq üçün müddətin uzadılmasına cəhd etdiyi görünür. Diqqətə çatdırır ki, mübahisənin aid olduğu 407nkBRD/23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüququ müqavilə əsasında Unibank” KB ASC-dən "xxxx" ASC-yə (VÖEN **********) keçmişdir (xx.xx.2022-ci il tarixli 02/22 UB №-li müqaviləyə xx.xx.2025-ci il tarixli, 34 saylı Əlavə). Həmin tarixdən də bu borc üzrə ödənişlər "xxxx" ASC-yə yönəldilməli idi. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

d) Prosessual məsələlər

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı bank “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

28. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və kreditor birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Borclu birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh 1594,16 manat faiz, cəmi 11228,34 manat kredit borcu alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməsi» hissədə dəyişdirilməli, kredit müqaviləsi üzrə faiz borcu 1366,7 manat, cəmi borc isə 11000,88 manat müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 407nkBRD/23 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixədək illik 25 faiz ödəmək şərtilə 9868 manat kredit verilmişdir. Buna baxmayaraq, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

31. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

32. Hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2023-cü il tarixli 407nkBRD/23 nömrəli kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir.

33. İşin halları əsasında məlum olmuşdur ki, iddiaçı bank məhkəməyə xx.xx.2024-cü il tarixli maliyyə arayışı təqdim etmiş və həmin maliyyə arayışı əsasında birinci instansiya məhkəməsi cavabdehdən kredit müqaviləsi üzrə kredit borcu tutmuşdur. Halbuki, iş materiallarından aydın olur ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Borcalan ona bu barədə bildiriş ünvanlanmadığı barədə arqument irəli sürsə də, lakin iş materialları ilə bildirişin xx.xx.2024-cü il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə qəbul edildiyi məlum olmuşdur. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixdən sonra da faiz borcu hesablanmağa davam etmiş və xx.xx.2024-cü il tarixə maliyyə arayışında göstərilən 1594,16 manat faiz borcu cavabdehdən tələb edilmişdir.

34. Məhkəmə kollegiyası şərh olunan halları nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli maliyyə arayışı əsasında müəyyən olunmuş məbləğdə cavabdehdən faiz borcu tutmaqda haqlı olmamışdır.

35. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

36. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-X1 qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

37. Yuxarıda da göstərildiyi kimi cavabdehə kredit müqaviləsi üzrə borcun tam ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Bununla da iddiaçı bank müqavilənin hissə-hissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir.

38. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

39. Şərh edilənləri ümumiləşdirərək kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçı bank cavabdehdən kredit müqaviləsinin qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixədək faiz borcu hesablamaqda haqlı olmamışdır.

40. Kreditor "xxxx" KB ASC-nin borcalan Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, həmin tarixə kredit müqaviləsi üzrə 1366,7 manat faiz borcu hesablanmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcu 1366,7 manat məbləğdə müəyyən edilməlidir.

41. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

42. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

43. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.

44. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

45. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

46. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq 10 manat məbləğdə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur. Ona görə də kollegiya hesab edir ki, cərimə borcuna dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

51. Göstərilənlərin yekunu olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə faiz borcuna dair hissədə dəyişdirilməli və müqavilə üzrə faiz borcu 1366,7 manat müəyyən edilməlidir. Kredit müqaviləsi üzrə faiz borcunun məbləği dəyişdirildiyindən cəmi borc məbləği hissədə də qətnamə dəyişdirilərək kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulan cəmi borc məbləği 11000,88 manat məbləğində müəyyən edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(021)-555/2025 nömrəli qətnaməsi «Cavabdeh 1594,16 manat faiz, cəmi 11228,34 manat kredit borcu alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməsi» hissədə dəyişdirilsin. Kredit müqaviləsi üzrə faiz borcu 1366,7 (bir min üç yüz altmış altı manat, yeddi qəpik) manat, cəmi borc isə 11000,88 (on bir min səksən səkkiz qəpik) manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar