Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1049/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 001R********** saylı kredit razılaşmasının və 001R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 001R********** saylı kredit razılaşması üzrə 3725,52 manat əsas, 1066,2 manat faiz, 1056,85 manat cərimə, 001R********** saylı kredit razılaşması üzrə 2876,5 manat əsas, 755,54 manat faiz, 747,88 manat cərimə borcu olmaqla ümumilikdə 10228,49 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 120.68 manat pulun alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(062)-386/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 07 aprel 2017-ci il tarixli 001L**********93 saylı uzunmüddətli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. 30 oktyabr 2018-ci il tarixli 001R********** saylı kredit razılaşmasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 2,1667% olmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə, 10000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 13 may 2020-ci il tarixli sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir.
3. 18 oktyabr 2019-cu il tarixli 001R********** saylı kredit razılaşmasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 1,9167% olmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 3900 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 13 may 2020-ci il tarixli sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir.
4. 07 aprel 2017-ci il tarixli, 30 oktyabr 2018-ci il tarixli və 10 may 2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqavilələri bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 001R********** saylı kredit razılaşmasının və 001R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 001R********** saylı kredit razılaşması üzrə 3725,52 manat əsas, 1066,2 manat faiz, 1056,85 manat cərimə, 001R********** saylı kredit razılaşması üzrə 2876,5 manat əsas, 755,54 manat faiz, 747,88 manat cərimə borcu olmaqla ümumilikdə 10228,49 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 120.68 manat pulun alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 07 aprel 2017-ci il tarixli 001L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2018-ci il tarixli 001R********** saylı kredit razılaşmasına əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 2,1667% olmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 13 may 2020ci il tarixli sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli 001R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,9167% olmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 3900 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 13 may 2020-ci il tarixli sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Borcalanın öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqavilələri bağlanmışdır.
7. Tovuz Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(062)-386/2022 nömrəli qətnaməsi ilə (hakim Nofəl Mustafayev) iddianın qismən təmin edilməsi, 001R********** və 001R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 001R********** saylı kredit razılaşması üzrə 3725,52 manat əsas, 1066,2 manat faiz, 106 manat cərimə, 001R********** saylı kredit razılaşması üzrə 2876,5 manat əsas, 755,54 manat faiz, 75 manat cərimə borcu olmaqla ümumilikdə 8604,76 (səkkiz min altı yüz dörd manat yetmiş altı qəpik) manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 120,68 (bir yüz iyirmi manat altmış səkkiz qəpik) manat pulun alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 442, 445.1, 449.1, 465.2, 467, 472.2 və 739-cu maddələrinə və Mülki Prosessual Məcəllənin 216-220, 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(062)-386/2022 nömrəli qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamışdır. Belə ki, 13 may 2020-ci il tarixli sazişli müqaviləyə əsasən ödəniş planına dəyişiklik edilmişdir. Onun həmin müqavilədən xəbəri olmamış və zamin qismində təkrar olaraq müqavilə bağlamamışdır. Göründüyü kimi, o 10000 manat kreditə zamin durmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmişlər, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciətləri daxil olmamışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasına cavabdehlər gəlməmiş, mülki işin baxılmasını başqa vaxta təxirə salınmasını xahiş etmişlər. Bu əsasla iş təxirə salınmışdır. Tərəflərə yenidən məhkəmə bildirişi göndərilmiş, telefonoqrama vasitəsilə onlara-Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin, cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
20. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
23. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
24. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh2 qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunu ilə müəyyən edilir ki, o qətnamənin yalnız özünə aid olan hissəsindən şikayət vermişdir. Ona görə də hazırki iş üzrə apellyasiya baxışının hədləri qətnamənin zamin Cavabdeh2 aid mübahisələndirilən hissədə qanuniliyi və əsaslılığı tam qaydada yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, xx.xx.2017-ci il tarixli, 001L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Sonuncunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 001S**********01 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Bundan sonra xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit razılaşmasına əsasən, Cavabdeh1 aylıq faiz drəcəsi 2,1667% olmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə, 10000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən Bank kredit borcunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir, həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayətinin dəlillərində - 10.000 manat məbləğində olan kreditə zamin durmadığını bildirmişdir.
39. xx.xx.2018-ci il tarixli 001R********** nömrəli kredit razılaşması müqaviləsinin bağlanmasının zamin olaraq Cavabdeh2 iradəsini əks etdirməməsi barədə apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız sayır.
40. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001S**********01 saylı zaminlik müqaviləsin 3.1-ci bəndinə əsasən, borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz va bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədər hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun uzunmüddətli kredit müqaviləsi üzra icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. 3.1.4-cü bəndinə əsasən, uzunmüddətli kredit müqaviləsi üzrə verilən kreditlar barədə borclu va bank arasında istənilən razılaşma, o cümlədən faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə Borclunun öhdəliklərinin icrası üçun borclu ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilə zamin kimi Cavabdeh2 tərəfindən könüllü olaraq imzalanmış və müqavilənin şərtləri qəbul edilmişdir. Eyni zamanda uzunmüddətli kredit müqaviləsində əlavə kredit müqaviləsinin zaminlərin iştirakı və ya razılığı ilə bağlanması barədə hər hansı şərt müəyyən olunmamışdır. Və həmin müqavilə mübahisələndirilməmişdir.
41. Göründüyü kimi, bank ilə borclu arasında bağlanmış kredit razılaşması əsasında sonuncuya 2,1667% olmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə, 10.000 manat məbləğində kredit verilmiş və Cavabdeh2 isə uzunmüddətli kredit müqaviləsinin əsasında borclunun 50.000 ABŞ dolları həcmində olan məbləğədək kredit xətti üzrə qəbul etdiyi öhdəliklərə qədər birgə məsuliyyət götürmüşdür. Bununla da, hazırki mübahisə üzrə zaminin məsuliyyətini aradan qaldıran hər hansı əsas müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, iddia tələbinin zaminə qarşı olan hissəsi hüquqi əsaslara malikdir.
42. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(062)-386/2022 nömrəli qətnaməsi Cavabdeh2 aid mübahisələndirilən - Cavabdeh2 001R********** saylı kredit razılaşması üzrə 3725,52 manat əsas, 1066,2 manat faiz, 106 manat cərimə, 001R********** saylı kredit razılaşması üzrə 2876,5 manat əsas, 755,54 manat faiz, 75 manat cərimə borcu olmaqla ümumilikdə 8604,76 (səkkiz min altı yüz dörd manat yetmiş altı qəpik) manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 120,68 (bir yüz iyirmi manat altmış səkkiz qəpik) manat pulun alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməsi - hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.