Məhkəmə qərarları › İş №2(104)-1049/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1049/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1049/2024 11.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2(043)- 4323/2017 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kreditor "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2014-cü il tarixli əsas kredit müqaviləsindən görünür ki, sonuncuya 60 ay müddətinə 30000 manat kredit ayrılmış və həmin tarixli əlavə kredit müqaviləsinə əsasən bank borcluya 27 ay müddətinə, illik 23 faiz olmaqla 5970 manat məbləğində kredit vermişdir.

2. Zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 "xxxx" KB ASC-yə olan borcunun ödənilməsinə görə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 öz üzərlərinə tam məsuliyyət götürmüşlər.

3. 27 mart 2017-ci il tarixli maliyyə arayışmdan görünür ki, borclular kredit müqaviləsi bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtmda icra etmədikləri üçün onlarm banka 5970 manat əsas, 1924,21 manat faiz, 3215,06 manat cərimə məbləğində borcları yaranmışdır.

4. Xəbərdarlıqdan görünür ki, cavabdehlərə kredit borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, bankın xeyrinə 5970 manat əsas, 1924,21 manat faiz, 3215,06 manat cərimə maqla, cəmi 11109,27 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı "xxxx" KB ASC tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında bağlanmış 10 iyun 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən, sonuncuya 60 ay müddətinə 30000 manat kredit ayrılmış və həmin tarixli əlavə kredit müqaviləsinə əsasən bank borcluya 27 ay müddətinə, illik 23 faiz olmaqla 5970 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2, Cavabdeh3 Rafıq qızı və Cavabdeh4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışlar. Nəticədə cavabdehlərin sözügedən kredit müqaviləsi üzrə banka 5970 manat əsas, 1924,21 manat faiz, 3215,06 manat cərimə olmaqla, cəmi 11109,27 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclular borclarını ödəməkdən yayınmışlar.

7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2(043)- 4323/2017 nömrəli qətnaməsi ilə (hakim Vəli Abdullayev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rafıq qızı və Cavabdeh4 müştərək qaydada kredit müqaviləsi üzrə 5970 manat əsas, 1924 manat 21 qəpik faiz, 715 manat 06 qəpik cərimə olmaqla, cəmi 8609 manat 27 qəpik (səkkiz min altı yüz doqquz manat, iyirmi yeddi qəpik) borc və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386, 425, 427, 442, 443, 445, 448, 449, 462, 470 və 472-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə ekspertiza təyin edilməklə ödədiyi kredit borcunun nəzərə alınaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, kredit müqaviləsi üzrə 5970 manat kredit borcu götürmüşdür. Həmin borcdan 1762 manat ödəsə də, lakin məhkəmə borc məbləğini 6857 manat müəyyən etmişdir. Bu hal isə onu göstərir ki, kredit müqaviləsi üzrə borc məbləği müəyyən edilərkən kredit borcu üzrə etdiyi ödənişlər nəzərə alınmamışdır. Ona görə də iş üzrə mühasibatlıq ekspertizası təyin edilib, ödədiyi məbləğ ümumi borcundan çıxılaraq iddia tələbini yerdə qalan məbləğ hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya instansiyasında icraat:

11. Apellyasiya baxışı zamanı "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC aoellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Cavabdeh1 apellyasiya şikayətinin başlıca dəlili kredit müqaviləsi üzrə edilmiş ödənişlərin nəzərə alınmamasıdır. Halbuki, Cavabdeh1 "xxxx" ASC-dən götürdüyü 5970 manat kredit borcu ilə xarici valyutada olan borcunu bağlamışdır. Kredit borcunun verildiyi tarixdən birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək olan dövr ərzində cavabdeh tərəfindən kredit borcu üzrə ödəniş edilməmişdir. 22 noyabr 2021-ci il tarixdə tələb hüququ "xxxx" ASC-yə keçdikdən sonra kredit müqaviləsi üzrə 1095,24 manat ödəniş edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş kredit borcundan hazırkı vaxtadək cəmi 2683,86 manat ödənilmişdir və qalıq borc məbləği 5955,41 manat təşkil edir. Ona görə də xahiş edir ki, apellyasiya şikayəti təmin edilməsin, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın.

e) Prosessual məsələlər

13. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

19. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

32. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdeh (əsas borclu) Cavabdeh1 borcun tutulması hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki borclu əsas borcundan ödədiyi 1762 manat məbləğin nəzərə alınmadığını bildirir. Eyni zamanda qətnaməni iddiaçı və digər cavabdehlər (zaminlər) mübahisələndirməmişlər.

33. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən digər cavabdehlər (zaminlər) apellyasiya şikayəti vermədiyindən qətnamə onlara münasibətdə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borclu və zaminlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun verdiyi şikayətə əsasən qətnamənin bütünlüklə və digər şəxslərə münasibətdə yoxlanılması sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər.

34. Beləliklə, qətnamə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə, eyni zamanda qətnamənin digər hissələri hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 10 iyun 2014-cü il tarixli əsas kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə 30000 manat kredit ayrılmış, həmçinin qeyd olunan tarixli əlavə kredit müqaviləsinə əsasən bank borcluya 27 ay müddətinə, illik 23 faiz olmaqla 5970 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə bankla Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. Buna baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

37. Hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası 10 iyun 2014-cü il və xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehlərdən əsas və ona hesablanmış faiz borcu tələb edir və əsas kimi göstərir ki, borcalanlar kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişlər, apellyator isə kredit borcunun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir.

38. Cavabdeh1 apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, kredit müqaviləsi üzrə görürdüyü 5970 manat borcdan 1762 manat ödəsə də, lakin məhkəmə borc məbləğini 6857 manat müəyyən etmişdir. Yəni, cavabdeh onun tərəfindən ödənilmiş 1762 manat borcun nəzərə alınmadığını bildirmişdir.

39. İşin halları əsasında müəyyən olunmuşdur ki, borcalan aldığı pul vəsaitini müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora 5970 manat əsas, 1924,21 manat faiz, 715,06 manat isə cərimə borcu yaranmışdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də faiz borcunun kredit müqaviləsi üzrə borclu olan Rəşad Rağıyevdən tələb edilməsi əsaslıdır.

41. Bu qənaətinə uyğun olaraq kollegiya apellyatorunın borcun düzgün hesablanmaması və ekspertiza təyin edilməsi barədə dəlili ilə bağlı göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.

43. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi).

45. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Əksinə iş materiallarında olan maliyyə arayışı ilə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılan tarixə borc məbləği dəqiqliklə göstərilmişdir. Həmin arayışın mötəbərliyini şübhə altına alacaq hər hansı əsas olmamaqla məsələnin həlli baxımından hər hansı xüsusi biliyin tətbiqinə zərurət yoxdur.

46. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra kredit borcundan ödənişlər edilmişdirsə, bu məhkəmə qətnaməsi əsasında aparılan icra hərəkətləri ilə bağlı olmuşdur ki, həmin ödənişlər icra orqanı tərəfindən qətnamənin icrası zamanı nəzərə alınır.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. 48 Həmçinin qeyd edilməlidir ki, yuxarıda göstərildiyi kimi Cavabdeh1 apellyasiya şikayətində kredit müqaviləsi üzrə götürdüyü borcdan ödədiyi 1762 manatın məhkəmə tərəfindən nəzərə alınmadığı barədə dəlil irəli sürməklə qətnaməni həmin hissədə mübahisələndirmişdir. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan məhkəmə kollegiyası hesab edir ki, bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2(043)- 4323/2017 nömrəli qətnaməsi yoxlanılan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar