Məhkəmə qərarları › İş №2(104)-105/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-105/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-105/2023 05.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosessində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “X13 Azqida” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(021)-56/2021 saylı qətnaməsindən cavabdeh “X13 Azqida” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “X13 Azqida” MMC-yə və Cavabdeh3 qarşı iddia qaldıraraq cavabdeh “X13 Azqida” MMC-dən Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 629.796.17 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 213 nömərli kredit müqaviləsi üzrə 1.552.000 manat əsas borc, 221.071.054 manat faiz borcu olmaqla, cəmi 4402.867.71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, 71 qəpik) manat kredit borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, borcun tam mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətidə olan ünvan 1 ünvanında olan 0.0157 ha torpaq sahəsində yerləşən 426.10 kv.m ümumi, 274. kv.m yardımçı, 152.1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin Ləğv prosesində olan "xxxx" KB ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sontra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC tərəfindən X13 Azqida MMC-yə xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsinə əsasən 84 ay müdddətinə, ilik 6% olmaqla 2000 000 (iki milyon) manat məbləğində, xx.xx.2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsinə əsasən Cəmiyyətə 10 ay müddətinə illik 4% ilə ******* (bir milyon beş yüz əlli iki min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq Cavabdeh3 mülkiyyətidə olan ünvan 2 ünvanında olan 0.0157 ha torpaq sahəsində yerləşən 426.10 kv.m ümumi, 274. kv.m yardımçı, 152.1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi "xxxx" KB ASC-yə ipoteka qoyulmuşdur. Həmin fərdi yaşayış evinin ipoteka qoyulması barədə bank ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh öz üzərinə düşən kredit öhdəliklərini lazımınca icra etməmişdir. Dəfələrlə cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq edilib bildiriş verilməsinə baxmayaraq, cavabdeh banka olan borcunu ödəməmişdir. Hazırda xx.xx.2019-cu il tarixə X13 Azqida MMC-nin xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə 200000 manat əsas borc, 629.796.17 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 213 nömərli kredit müqaviləsi üzrə 1.552.000 manat əsas borc, 221.071.054 manat faiz borcu olmaqla, cəmi 4402.867.71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, 71 qəpik) manat kredit borcu yaranmışdır. Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(021)-56/2021 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia qismən təmin edilərək, cavabdeh “X13 Azqida” MMCdən xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat əsas, 629796.17 (altı yüz iyirmi doqquz min yeddi yüz doxsan altı manat on yeddi qəpik) manat faiz borcu, xx.xx.2015-ci il tarixli 213 saylı kredit müqaviləsi üzrə ******* (bir milyon beş yüz əlli iki min) manat əsas borc, 221071.54 (iki yüz iyirmi bir min yetmiş bir manat əlli dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4402.867,71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, yetmiş bir qəpik) manatın və 30 manat dövlət rüsumunun cavabdeh “X13 Azqida” MMC-dən tutularaq, Ləğv prosesində olan Dekabank» ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh “X13 Azqida” MMC-yə 84 ay müddətinə illik 6% olmaqla ******* (iki milyon) manat məbəğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 213 saylı saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh X13 Azqida MMC-yə 120 ay müddətinə illik 4% olmaqla, ******* (bir milyon beş yüz əlli iki min) manat məbəğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X13 Azqida MMC-nin xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə 2000000.00 manat əsas borc, 629796.17 manat faiz borcu olmaqla, ümumilikdə 2629796.17 manat borcu vardır. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X13 Azqida MMC-nin xx.xx.2015-ci il tarixli 213 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə 1552000.00 manat əsas borc, 221071.54 manat faiz borcu olmaqla, ümumilikdə 1773071.54 manat borcu vardır. Mülki işə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 4/776-5/602 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 30 iyul 2014-cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətlərinin 1-3-cü vərəqlərində “borc alan” qrafasında əks olunmuş imzalar; 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzalar (05 ədəd); 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarında Cavabdeh1 MMC-nin direktoru X7” yazıları qarşısında yerləşən “İmza” qrafasındakı imzalar; 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındaki imzadan, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasında imzalar-X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan “Azərbaycan Respublikası Bərdə rayonu Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli 4/1546 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh1 MMC-nin direktoru X4 ünvanlanmış 30 iyul 2014-cü il tarixli 452A saylı bildirişdə “Bildirişi qəbul etdim” yazılarından aşağıda “Əliyev S.Ə.” sözlərinin qarşısındakı imza, 30 iyul 2014-cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətininin 1-3-cü vərəqlərində “Borc alan” qrafasında əks olunmuş imzalar, 30 iyul 2014-cü il tarixli ərizə blankında Cavabdeh1 MMC-nin direktoru X7” yazıları qarşısında yerləşən “İmza” qrafasındakı imza, 30 iyul 2014-cü il tarixli l"1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 24 dekabr 2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan”” qrafalarındakı imzalar (05 ədəd), 24 dekabr 2015-ci il tarixli ərizə baiankında Cavabdeh1 MMC-nin direktoru X7” yazıları qarşısında yerləşən “İmza” qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 01 dekabr 2015-ci il tarixli 128 saylı, 03 dekabr 2015ci il tarixli 129 nömrəli (02 ədəd), 04 dekabr 2015-ci il tarixli 130 nömrəli (05 ədəd) və 05 dekabr 2015-ci il tarixli 131 nömrəli (02 ədəd) əmrlərdə Cavabdeh1 MMC-nin direktoru” qrafalarındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh1 MMC-nin direktoru X4 ünvanlanmış 30 iyul 2014-cü il tarixli 452A saylı Bildirişdə “Bildirişi qəbul etdim” yazılarından aşağıda “Əliyev S.Ə.” sözlərinin qarşısındakı imza - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Nəticənin “1.1”, “1.2” və “1.3” bəndlərində göstərilən tədqiq olunan imzalar müvafiq olaraq öz aralarında - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X2 03 vərəqədə olan eksperimental imza nümunələrində - imzaların hər hansı qeyri-adi vəziyyətdə və ya qeyri-adi şəraitdə (yorğunluq, ayaq üstə, qəsdən dəyişdirmə, xəstəlik və s.) icra olunma əlamətləri müşahidə olunmadı. İddiaçı Ləğv prosessində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi siyahıdan görünür ki, Cavabdeh1 MMC"xxxx" X8 Səhmdar Cəmiyyətindən 30 iyul 2014-cü il tarixdə ******* manat, 30 iyun 2014-cü il tarixdə ******* manat (həmin müqavilə üzrə qalıq borc mövcud deyildir), 24 dekabr 2015-ci il tarixdə ******* manat, 28 dekabr 2015-ci il tarixdə 100000 manat, 18 yanvar 2016-cı il tarixdə 88118 manat, 06 may 2016-cı il tarixdə isə ******* manat kredit götürmüşdür. Cavabdeh1 MMC-nin vergi orqanına təqdim etdiyi 2014-2017-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin 1 saylı Əlavələrinin bank kreditləri üzrə öhdəliklərinə dair 2.2.1.1ci bəndlərindən görünür ki, 2014-cü il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2015-ci il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2016-cı il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-2(104)-35/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh1ndən ******* (üç milyon dörd yüz min) manat əsas borc, 84999 (səksən dörd min doqquz yüz doxsan doqquz) manat faiz, 200000 (iki yüz min) manat cərimə məbləği olmaqla, cəmi ******* (üç milyon altı yüz səksən dörd min doqquz yüz doxsan doqquz manat) manat borc məbləği və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(021)-56/2021 saylı qətnaməsindən narazı qalan cavabdeh “X13 Azqida” Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh “X13 Azqida” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini (apellyasiya şikayətinin dəqiqləşmədi ilə birlikdə) onunla əsaslandırmışdır ki, proses iştirakçılarının hər iki subyekt tərkibi - istər iddiaçı Ləğv Prosesində olan "xxxx" KB ASC və istərsə də Cavabdeh1 MMC kommersiya hüquqi şəxlərdir. Belə olan təqdirdə onlar arşında yaranmış mübahisənin predmetini müqavilə öhdəliklərinin yerinə yetirilmədiyi təşkil etdiyi və tərəflər arasında hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu üçün həmin mübahisə yalnız Kommersiya Məhkəmələrinin yurisdiksiyasına aid edilməli və işin baxılıb həll edilməsi məqsədi ilə o, Gəncə Kommersiya Məhkəməsinə göndərilməli idi. Bundan başqa vəkil sorğusu ilə əldə etdikləri sənədlərə əsasən müəyyən edilmişdir ki, 200000 (iki yüz min) manat dəyərində qiymətləndirilən Bakı şəhər, Akim Abbasov küçəsi, ev 12, mənzil 1 saylı fərdi yaşayış evi X5 tərəfindən ipoteka qoyularaq 26 iyul 2013-cü il tarixli, “Kredit müqaviləsi № 605”-ə əsasən "xxxx" KB ASC-dən 200000 (iki yüz min) manat həcmində kredit götürülmüşdür. Göründüyü kimi "xxxx" KB ASC-nin məsul şəxsləri Bakı şəhər, Akim Abbasov küçəsi, ev 12, mənzil 1 saylı fərdi yaşayış evinin X5 tərəfindən həmin banka ipoteka qoyulduğunu bildikləri halda, sənədləri və imzaları saxtalaşdıraraq 30 iyul 2014-cü il tarixli, “Kredit müqaviləsi № 24”-ün təminatı kimi həmin fərdi yaşayış evinin güya Cavabdeh3 tərəfindən “ipoteka qoyulması”-na dair görüntü yaratmışdırlar. Bununla da onlar X1 aldadaraq həmin fonddan külli miqdarda - ******* (iki milyon) manat həcmində dövlət vəsaitini mənimsəmişdirlər. 30 iyul 2014-cü il tarixli, “Kredit müqaviləsi № 24” və 30 iyul 2014-cü il tarixli, “Kredit müqaviləsi №213”-nin hansısa birində və yaxud da hər ikisində və ÇEK T № 105387 çekdə də (hətta həmin çekdə Sücayət adı səhv olaraq Sucaət kimi göstərilmişdir) borc alan olaraq Cavabdeh1 MMC-nin direktoru X2 imzası saxtalaşdırılmışdır. İşin mühüm faktiki halını təşkil edən bu xüsusat birinci instansiya məhkəməsinin diqqətindən yayınmışdır. Belə saxtalaşdırma əsas verir ki, 30 iyul 2014-cü il tarixində Cavabdeh1 MMC tərəfindən "xxxx" KB ASC-dən ******* (iki milyon) manat məbləğində pul vəsaiti kredit kimi götürülməmişdir. Digər tərəfdən “Vəkil sorğusu”-n a əsasən əldə edilmiş “Kredit dosye”-lərində 24 dekabr 2015-ci il tarixli, “Kredit müqaviləsi № 213” üzrə ******* (bir milyon beş yüz əlli iki min) manat həcmində kredit məbləğinin "xxxx" KB ASC tərəfindən Cavabdeh1 MMC-nə verilməsini sübut edən hərhansı bir sənəd olmamışdır. Bu da öz növbəsində həmin kredit müqaviləsi üzrə iddiaçı Ləğv Prosesində olan "xxxx" KB ASC-nin Ləğvedicisi, Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı iddiasının əsassız olduğunu sübut edir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gələməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X13 Azqida” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi vəkil X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, rədd edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb sürməyən üçüncü şəxs qismində işə cəlb edilm “X13 Azqida” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki ditektoru X7 24 dekabr 2015-ci il tarixli, 213 nömrəli, 30 iyul 2014-cü il tarixli, 24 nömrəli kredit müqavilələrindəki və 105387 nömrəli çekdəki imzaların isə onun imzasına oxşadılmaqla icra edildiyini, onun direktor olduğu dövrdə həmin kredit müqavilələri üzrə borc götürülməsindən məlumatsız olduğunu bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(021)-56/2021 saylı qətnaməsindən cavabdeh “X13 Azqida” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə birinci instansiya məhkəməsinin məhkəmə aidiyyəti qaydalarını pozmaqla işə baxmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsi 20 avqust 2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsinə verilmişdir ki, həmin vaxt qüvvədə olmuş Mülki Prosessual Məcəllnin 30-cu maddəsinin tələbinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi inzibati-iqtisadi məhkəməyə aid idisə həmin tələblərə ümumi məhkəmədə baxılmalı idi. Hazırkı iş üzrə isə ipoteka predmetinin yönəldilməsinə dair tələb Cavabdeh3 qarşı yönəldiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməklə məhkəmə aidiyyəti qaydasını pozmamışdır. Mülki Prosessual Məcəllnin 30-cu maddəsi 09 iyul 2019-cu il tarixli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilmişdir ki, həmin qanun 2-ci maddəsinə əsasən qanun 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. İddia ərizəsi məhkəməyə verildiyi vaxt, o cümlədən hazırda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə görə isə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Buna görə də məhkəmə kollegiyası məhkəmə aidiyyəti qaydalarının pozulması ilə birinci instansiya məhkəməsi tərəfindən işə baxılması ilə əlaqədar cavadbehin apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. İddiaçı tərəfindən tələb edilən borc məbləğlərinin cavabdeh tərəfindən götürülməməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2022-ci il tarixli 4/776-5/602 saylı ekspert rəyi ilə 30 iyul 2014-cü il tarixli 24 nömrəli Kkedit müqaviləsinin kserosurətlərinin 1-3-cü vərəqlərində “borc alan” qrafasında əks olunmuş imzaların, 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan” qrafalarındakı 05 ədəd imzaların, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarında Cavabdeh1 MMC-nin direktoru X7” yazılarının qarşısında yerləşən “İmza” qrafasındakı imzaların, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındaki imzanın, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasında imzaların X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilsə də 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan möhür əkslərinin relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulması, tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan “Azərbaycan Respublikası Bərdə rayonu Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 məzmunlu möhürün əksi ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etməsi müəyyən edilmişdir ki, bununla da qeyd olunan sənədlərdəki möhürün Cavabdeh1 MMC-yə məxsus möhür vasitəsi ilə möhürlənməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda qeyd olunan sənədlərdəki imzanın həmin vaxt Cavabdeh1 MMC-nin direktoru olmuş X4 məxsus olmaması, o cümlədən 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsi üzrə kassa məxaric çekinin mövcud olmamasını apellyasiya şikayətinin əsaslı olması və iddianın rədd edilməli olması nəticəsinə gəlməyə əsas verməməklə, kredit təşkilat tərəfindən tələb edilən borc məbləğinin cavabdeh tərəfindən götürülməsini istisna etməmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC-nin vergi orqanına təqdim etdiyi 2014-2017-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin 1 saylı Əlavələrinin bank kreditləri üzrə öhdəliklərinə dair 2.2.1.1-ci bəndlərindən görünür ki, Cavabdeh1 MMC-yə 2014-cü il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2015-ci il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2016-cı il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. İddiaçı Ləğv prosessində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi siyahıdan görünür ki, Cavabdeh1 MMC Dekabank” X8 Səhmdar Cəmiyyətindən 30 iyul 2014-cü il tarixdə ******* manat, 30 iyun 2014-cü il tarixdə ******* manat, 24 dekabr 2015-ci il tarixdə ******* manat, 28 dekabr 2015-ci il tarixdə 100000 manat, 18 yanvar 2016-cı il tarixdə 88118 manat, 06 may 2016-cı il tarixdə isə ******* manat kredit götürülməsi qeyd olunmuşdur ki, həmin siyahıda göstərilən, o cümlədən hazırkı iddia üzrə tələb olunan kredit müqavilələri üzrə məbləğlər barədə Cavabdeh1 MMC tərəfindən vergi orqanına bəyannamələrlə məlumat verməsi təsdiq olunmuşdur. Məhkəməyə təqdim edilmiş siyahıda 30 iyun 2014-cü il tarixli müqavilə üzrə ******* manat götürülmüş kredit müqaviləsi üzrə qalıq borcun mövcud olmaması nəzərə alındıqda, 2015-ci il üzrə hesabat dövrünün sonuna olan ******* manat kredit borcu məhz hazırkı idda tələbinin premeti olan xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə götürülmüş ******* (iki milyon) manat və xx.xx.2015-ci il tarixli, 213 saylı saylı kredit müqaviləsi üzrə isə götürülmüş ******* (bir milyon beş yüz əlli iki min) manat, o cümlədən hazırkı iddianın predmeti olmayan 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi 100000 manat kredit məbləğinin cəmi olmuşdur. Əlavə olaraq isə qeyd olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-2(104)-35/2020 saylı qətnaməsi ilə də Cavabdeh1 MMC-dən iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin xeyrinə 06 may 2016-cı il tarixli 08/06 nömrəli kredit müqaviləsi üzrə ******* (üç milyon dörd yüz min) manat məbləğində borcun tutulması qət edilmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlarla cavadbehin iddiaçı Ləğv prosessində olan "xxxx" X8 Səhmdar Cəmiyyətindən xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat, xx.xx.2015-ci il tarixli, 213 saylı kredit müqaviləsi üzrə isə ******* (bir milyon beş yüz əlli iki min) manat borc pul götürməsi sübut olunmuşdur. Məhkəmə kollegiyası həmçinin əlavə olaraq qeyd edir ki, xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat borc məbləği illik 6 faiz, xx.xx.2015-ci il tarixli, 213 saylı kredit müqaviləsi üzrə isə ******* (bir milyon beş yüz əlli iki min) manat borc məbləği illik 4 faiz ödənilməklə verilmişdir ki, həmin kredit müqavilələri üzrə ödənişlərin demək olar ki, olmaması nəzərə alındıqda həmin kredit müqavilələri üzrə hesablanmış faiz məbləğlərinin də əsaslı olması öz təsdiqini tapmışdır. Belə ki, əsas borcdan ödənilmədiyi təqdirdə ******* manat üçün illik ödənilməli olan faiz məbləği 120000 manat, ******* manat üçün isə 62080 manat təşkil edir ki, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni 22 iyul 2019-cu il tarixnə tələb olunan faiz məbləğlərinin əsassız olması da şübhə doğurmamışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavadbehin apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(021)-56/2021 saylı qətnaməsindən cavabdeh “X13 Azqida” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(021)-56/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 248 (iki yüz qırx səkkiz) manat “X13 Azqida” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar