Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1052/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-1921/2025 nömrəli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra ASC) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3191,40 manat məbləğində pul vəsaitinin və ödənilmiş 51,40 manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-1921/2025 nömrəli qərardadı ilə (hakim Fuad Babaşov), iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı "xxxx" ASC şikayət verərək, qərardadın ləğv olunması və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3191,40 manat və iddianın qaldırılması üçün ödənilmiş 51,40 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1921/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Aşağıdakı əsaslara görə hesab edirlər ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1921/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülməsi barədə qərardad qəbul edilməlidir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1921/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərardadında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavahlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasıa riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında hər hansı bir müqavilə bağlanmamışdır. Həmin avtomobilin mülkiyyətçisi X3 arasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh ilə iddiaçı arasında yaranmış məhkəmə çəkişməsi müqavilə üzrə yaranmış öhdəlik deyil, sonuncu yəni Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində yaranmış öhdəlikdir. Həmçinin Cavabdeh xx.xx.2024-cü il tarixdə "Hyundai Galloper" markalı, 90 OA109 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “VAZ 21074” markalı, 10 GR245 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E280” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə zərər vurmuş və iddiaçı "xxxx" ASC tərəfindən zərər vurulan tərəflərə 3191,40 (üç min yüz doxsan bir manat qırx qəpik) manat ödəniş etmişdir. Bundan əlavə yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində pretenziya qaydasını nizama salınmasına riayət edilməsi ilə bağlı hər hansı bir maddə nəzərdə tutulmamışdır. Lakin bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsinin hakimi tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin icraata götürülməsi barədə qərardad qəbul etməli olduğu halda, əsassız olaraq iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-1921/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-1921/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarının iddia ərizəsinin geri qaytarılması barədə MPMnin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Avropa Məhkəməsi «X2rşı» 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Azərbaycan Respublikasının MPM-in 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsində məhkəməyə müraciət qaydası kimi nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa dair konkret tələblər irəli sürülərək göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1-ci maddə). Azərbaycan Respublikasının MPM-in 149.2.4-cü maddəsində göstərilmişdir ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Məhkəmə kollegiyası göstərir ki, iddiaçı "xxxx" ASC baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş ziyanı ödəməsi və geriyə tələb (subroqasiya) hüququ yarandığını və zərərin ona 10 gün müddətinə geri ödənilməsi, zərər ödənilmədikdə məhkəməyə müraciət edəcəyi barədə Cavabdeh geriyə tələb (subroqasiya) məktub göndərmiş, lakin həmin məlumatın cavabadeh tərəfindən alınmasını və ya cavabdehə göndərilməsini təsdiq edən sübutları (xəbərnaməni) iddia ərizəsinə əlavə etməmişdir. Göründüyü kimi, iş üzrə təqdim olunmuş sənədlərdən aydın olur ki, iddiaçı cavabdehə iddia qaldırmazdan əvvəl yazılı müraciət ünvanlamış, lakin həmin müraciətin cavabdeh tərəfindən qəbul edilməsinə dair heç bir sübutun mövcudluğu müəyyən edilməmişdir. Bu hal isə tərəflər arasında bağlanmış Azərbaycan Respublikasının MPM-in 149.2.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə görə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Qeyd olunanlara görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instasiya məhkəməsi ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Odur ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 263, 264, 398 və 402-cı maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-1921/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1052/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1052/2025
14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver