Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1056/2023 25.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: borcun silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1178/2022 saylı mülki iş üzrə 20 dekabr 2022ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abonentin saldosu adlı çıxarışdan görünür ki, X2 kəndində yaşayan İddiaçı ilə Qazax MQKS arasında təbii qazdan itifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********07260-dır, onun ailə tərkibi 4 nəfərdən ibarətdir. Həmin evdə 4 gözlü qaz plitələri, qızdırıcı radiator peçi və su qızdırıcı kalonka vardır.
2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, abonent kodu **********07260 olan İddiaçı məxsus X2 kəndində yerləşən evdə aid G-4 markalı **********0 zavod nömrəsi olan sayğacının quraşdırıldığı qeyd edilir. Baxış zamanı aşkar edilmişdir ki, ******* nömrəli sayğaca baxş keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Həmin akt TQQ və SX-nın mühəndisi Rzayev Bayram, texnik Vüsal Əsgərov və çilingər Elnur Tanrıverdiyev tərəfindən imzalanmış və istehlakçı tərəfindən imza edilməmişdir.
3. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz sayğacının normal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x12x90=4320m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qanunsuz hesablanmış 518,4 manat borcun silinməsinə dair iddia ərizəsi ilqətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı ilə birlikdə Ağstafa rayonu Göycəli kəndində yaşayır. X4 istismar idarəsinin əməkdaşları onun qaz sayğacının müddətinin başa çatması və dəyişmək adı ilə yoxlama keçirmişlər. Həmin vaxt xəstəliyi ilə əlaqədar Bakı şəhərində olduğu üçün, qardaşı X3 Regional Qaz istismar idarəsinin əməkdaşlarına inanıb akta imza etmişdir. Sonradan ona sayğaca müdaxilə olunması barədə məlumat vermişlər. Bundan bir müddət sonra cavabdeh təşkilat tərəfindən dəymiş ziyana dair akt tərtib olunmuş, həmin aktda qaz sayğacına müdaxilə nəticəsində qaz itkisinə görə ona 518,40 manat ziyan hesablanmışdır. O, X1 iştirakçısı olduğuna görə təqaüd alır. Hazırda onkoloji xəstəlikdən əziyyət çəkir. Təbii qaz abunəçisi olmaqla adına abonent saldosu vardır. O, heç bir vaxt qaz sayğacına və ya onun plombuna müdaxilə etməmişdir. Eyni zamanda qaz sayğacı əvəzləşdirilərkən həmin halların olmasına dair aktda hər hansı bir nöqsan qeyd edilməmiş, sayğac sağlam şəkildə götürülmüşdür. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
8. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1178/2022 saylı mülki iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Z.Rəsulov) iddia təmin edilmiş, “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 08 fevral 2022-ci il tarixli ******* №-li aktı ilə İddiaçı hesablanmış 518,40 manat borcun silinməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1178/2022 saylı mülki iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna saxyğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş 2022-ci ilin aprel ayında iddiaçının abonent hesabına işlənilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə İnformasiya Texnologiyaları və rabitə idarəsinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Beləki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməklə müdaxilə olunmuşdur. Nəzərə alınamamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institutunun nümayəndələri də iştirak etmişdir. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2022-ci il il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 518.40 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Abonentin ünvanına quraşdırılmış, sonradan abonent tərəfindən müdaxilə olunmuş qaz sayğacı əhali qrupuna aid olduğundan ilkin quraşdırılması “Azəriqaz” İB-nin hesabına aparılmışdır. Lakin sayğacın işlək vəziyyətdə saxlanılması abonent tərəfindən təmin edilməmiş, ona görə də ünvanda sayğaca müdaxilə halı qeydə alınmışdır. Sayğaca müdaxilə tarixi qeyri-müəyyən olduğundan müdaxilə halı aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2022-ci ilin aprel ayında müəyyən edilmiş məbləğin hamısının silinməsi qət edilmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə səhvdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat
12. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı və “Azəriqaz” İB-nin nümayəndəsi məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, “Azəriqaz” İB-nin nümayəndəsi isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:
13. Maddə 13.9 – Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydaları:
14. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
15. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
16. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Tətbiq edilməli olan prosessual hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;
17. Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
18. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
19. Maddə 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. Maddə 217.4 - Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
21. Maddə 372.1 - Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. Maddə 372.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Maddə 372.7 - Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 385.2 - Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Maddə 402.1 - Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, cavabdeh təşkilat tərəfindən İddiaçı yaşadığı ünvan qaz xətti ilə təmin edilmiş, tərəflər arasında olan müqaviləyə əsasən cavabdeh təşkilat iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçı isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlıvaxtında ödəməyi öhdəsinə götürmüşdür. 26 aprel 2021-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş və sayğac başqası ilə əvəzlənmişdir. Bu barədə akt da tərtib olunmuşdur. Həmin zaman qaz sayğacında hər hansı nöqsan olması aşkar olunmamış və bu barədə hər hansı bir qeyd aktda mövcud deyildir. Bundan sonra 08 fevral 2022-ci il tarixdə iddiaçının evində yenidən qaz sayğacına baxış zamanı, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi nəticəsində itirilmiş qaz sərfiyyatına görə 518,40 manat ziyan hesablanaraq bu barədə akt tərtib olunmuşdur. Lakin həmin akt tərtib olunarkən iddiaçının iştirakı təmin edilməmiş və iddiaçının qeyd edilən aktdan məlumatı olmamışdır. İddiaçı həmin cərimənin silinməsi üçün məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir.
28. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayətində iddiaçı tərəfindən qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatını düzgün qeyd etmədiyini, məsrəf olunmuş qaz sərfinin dəymiş ziyan kimi müəyyənləşdirildiyini, məhkəmə tərəfindən əsassız olaraq hesabata alınmamış məbləğin hamısının silindiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” də itirilmiş qazın bərpası üçün 4320 m3, yəni 432 manat cərimə hesablandığı, xx.xx.2023-cü il tarixli “Abonentin saldosu”nda iddiaçının aktlar üzrə 518.40 manat borcu olduğu qeyd edilmişdir. Hər iki sənəd cavabdeh tərəfindən tərtib edilməklə, saldoda “qalıq və aktlar” qrafasında 2022-ci il üzrə 518.40 manat qeyd edilmiş, həmin məbləğin hansı əsasla qeyd edildiyi bəlli olmadığından düzgün olaraq həmin məbləğdə borc məhkəmə tərəfindən silinmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında İddiaçı borcunun olması barədə heç bir sübut yoxdur, həmçinin qaz sayğacında yaranmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.
31. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.
33. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 518.40 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1178/2022 saylı mülki iş üzrə 20 dekabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.