Məhkəmə qərarları › İş №2(104)-1061/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1061/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1061/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(021)-654/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023-32- 07 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2300 manat əsas, 1058 manat faiz borcu olmaqla, cəmi 3358 manat borcun və ödənilmiş 54 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(021)-654/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia təmin edilərək, iddiaçı "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023-32-07 saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2300 manat əsas, 1058 manat faiz, cəmi 3358 (üç min üç yüz əlli səkkiz) manat kredit borcu və ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi; Ödənilmiş 0,40 (qırx qəpik) manat xidmət haqqının isə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ərizə ilə MMC-yə müraciət edərək kredit verilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023-32-07 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 32 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2300 manat istehlak krediti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində kredit məbləğini kreditora hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Eyni zamanda, həmin tarixdə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 zamin qismində kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyət daşıyır. Kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə Cavabdeh2 12 dekabr 2023cü il tarixə kredit müqaviləsi üzrə 2300 manat əsas, 1058 manat faiz borcu olmaqla, cəmi 3358 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27 iyul 2023-cü il tarixli 2023-32-07 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 18 ay müddətinə, illik 32 % ödəmək şərtilə 2300 manat məbləğində kredit verilmişdir. Borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Cəmiyyətə qaytarmağı öhdəsinə götürmüşdür; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023-32-07 saylı “Zaminlik” müqaviləsinə əsasən Zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısına cavabdehlik daşımağı öhdəsinə götürmüşdür; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 27 iyul 2023-cü il tarixli 2023-32-07 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 18 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. Həmin kredit borcuna görə borcalan 18 ay müddətində 1102 manat faiz borcu ödəməli olmuşdur. Lakin sonuncu həmin məbləği vaxtında ödəmədiyi üçün gecikdirilmiş kredit məbləğinə görə 145 manat cərimə borcu hesablanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə cəmi 189 manat ödəniş etmişdir ki, həmin məbləğin 145 manatı cərimə məbləğindən, 44 manatı isə faiz borcundan silinmişdir. Arayış verilən tarixə borcalan Cavabdeh2 2300 manat əsas, 1058 manat isə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi borcu 3358 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. İddianın qiyməti 5000 manatdan az olduğu üçün işə kiçik iddia kimi baxılmış və bu səbəbdən məhkəmə iclasına dəvət olunmamışdır. Məhkəmə iclasında iştirak edə bilsəydi, iddiaya etirazını bildirərdi. İddiaçı Prins Kredit İttifaqı ” MMC tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdə 3358 manat borcun hansı səbəblə ondan yenidən tələb edildiyini bilmir. Halbuki həmin məbləğ şişirdilmiş, qanunsuz olaraq 3358 manat hesablanaraq ondan tələb edilmişdir. Şişirdilmiş kredit borcu bank əməkdaşının səhlənkar hərəkəti nəticəsində hesablanmışdır. Məhkəmə iclaslarında iştirak edə bilsəydi, əsas və faiz borcunun düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini istəyərdi. Prosessual məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 394-1.1-ci maddəsinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə görə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını qanunamüvafiq hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, işə yazılı icraat qaydasında baxılmasını istisna edən iş üzrə əlavə araşdırma, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti kimi hallar mövcud deyildir. Hüquqi məsələlər: MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi tam təmin olunmuş və zamin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız borclu birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi hissədə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 kredit borcunun tutulması hissələri üzrə qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki qətnaməni zamin Cavabdeh1 mübahisələndirməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermədiyindən qətnamə ona aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclu Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin bütünlüklə və digər cavabdehə (zaminə) münasibətdə yoxlanılması sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilir. Beləliklə, qətnamənin əsaslığı və qanuniliyi iddia tələbinin təmin olunmuş “tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv olunması” hissəsində və digər Cavabdeh1 aid hissədə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla) Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında 27 iyul 2023-cü il tarixli 2023-32-07 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 18 ay müddətinə illik 32 faiz ödəmək şərtilə 2300 manat kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə kreditorla digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit və bank hesabı müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin kökündə tələb etmənin əsası 27 iyul 2023-cü il tarixli 2023-32-07 saylı kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas və əsas borcs hesablanmış faiz borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. İşin müəyyən olunmuş hallarına əsasən borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya apellyatorun borcun düzgün hesablanmaması və ekspertiza təyin edilməsi barədə vəsatəti ilə bağlı göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas MPM-nin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir. MPM-nin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi). Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Əksinə iş materiallarında olan maliyyə arayışı ilə borc məbləği dəqiqliklə göstərilmişdir. Həmin arayışı şübhə altına alacaq hər hansı əsas olmamaqla hər hansı xüsusi biliyin tətbiqinə zərurət yoxdur. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə müəyyən olunmuş 1058 manat faiz borcuna münasibətdə qeyd edir ki, tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və cavabdeh müqavilə üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsini üzərinə götürmüşdür. Bununla da tərəflər öz hüquq və vəzifələrini müəyyənləşdirmişlər. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq da faiz borcu hesablanmışdır. Faiz borcunun düzgün hesablanmasını şübhə altına alacaq hər hansı əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, qətnamənin yoxlanılan hissədə ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(021)-654/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar