Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1064/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Daşkəsən Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(030)-14/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhər DYPŞ-nin Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında 30 aprel 2022-ci il tarixli İXP ******* nömrəli protokolun surətindən görünür ki, Daşkəsən şəhəri 20 Yanvar küçəsi ev 4 mənzil 10-da yaşayan Cavabdeh idarə etdiyi “Mersedes Benz 240” minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 29 aprel 2022-ci il tarixdə saat 11:30 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətmişdir.
2. Gəncə şəhər DYPŞ-nin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 30 aprel 2022-ci il tarixli TP ******* nömrəli elektron qərarın surətindən görünür ki, Cavabdeh 29 aprel 2022-ci il tarixdə saat 11:30 radələrində Gəncə şəhəri Cavadxan küçəsi ilə Eminbəyli küçəsi kəsişməsi ərazisində “Mersedes Benz 240” minik markalı **- RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi, yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
3. Gəncə şəhəri “HYUNDAİ GƏNCƏ” Avtomobillərin Texniki Xidmət Stansiyasının 03 may 2022-ci il tarixli “Qüsur Aktı”ndan görünür ki, İddiaçı məxsus “X1” minik markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 7063 manat məbləğində qiymətləndirilmişdir.
4. 15 iyul 2022-ci il tarixli FJB**********512 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Gəncə filialı vasitəsi ilə 4975,12 manat məbləğində pul köçürülmüşdür.
5. Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına 51 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli 9/7006 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Hyundai Gəncə” tərəfindən tərtib edilmiş 03 may 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “X2" markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5080 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, vurulmuş ziyanın əvəzi kimi Cavabdeh 3043 manat məbləğində pulun və ödənilmiş 51 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi “Mersedes Benz 240” minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri Cavadxan küçəsi ilə Eminbəyli küçəsinin kəsişməsində yol nişanının tələblərinə riayət etməmiş, yolayrıcını keçərkən ona məxsus olan “X3” minik markalı **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilə 7063 manat məbləğində ziyan vurmuşdur. Bununla əlaqədar olaraq Gəncə şəhər DYPŞ-nin 30 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. Ona məxsus “X3” minik markalı **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalı olduğu üçün "xxxx" ASC tərəfindən ona 4975,12 manat məbləğində pul ödənilmişdir. Sığorta müqaviləsinə görə nəqliyyat vasitəsinə dəymiş ziyana görə maksimum 5000 manat pul ödənilir. Lakin nəqliyyat vasitəsinə dəymiş ziyan 5000 manatdan artıq olmuşdur. Avtomobilə dəymiş faktiki ziyanla yanaşı, avtomobilin kondisonerinin qazının dəyişməsi üçün 80 manat, yağının dəyişməsi üçün 120 manat, dövlət qeydiyyat nişanının dəyişməsi üçün 40 manat əlavə xərc çəkmişdir. Bundan basqa, qəzadan sonra avtomobilin daşınması üçün evakuator xidməti üçün 3 ay ərzində 700 manat pul xərcləmişdir. Həmin məbləğlər də, dəymiş ziyan kimi cavabdehdən alınıb ona verilməlidir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh qalıq məbləği ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Daşkəsən Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(030)-14/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş ziyanın əvəzi kimi 80 manat, və ödənilmiş 1,30 manat dövlət rüsumu olmaqla, cəmi 81 (səksən bir) manat 30 (otuz) qəpik məbləğinin alınıb İddiaçı verilməsi, İddiaçı 97 (doxsan yeddi) manat 40 (qırx) qəpik, Cavabdeh 2 (iki) manat 60 (altmış) qəpk məbləğində pul vəsaitinin tutulması Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, ödənilmiş dövlət rüsumunun 49 (qırx doqquz) manat 70 (yetmiş) qəpiyin İddiaçı Müzdail oğluna aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən İddiaçı 5080 manat məbləğində ziyan vurulmuşdur. Ziyanın vurulması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli 9/7006 nömrəli ekspert rəyi ilə təsdiq olunur. "xxxx" ASC-nin Gəncə filialı vasitəsi ilə 15 iyul 2022-ci il tarixdə vurulmuş ziyanın əvəzi kimi İddiaçı 4975,12 manat məbləğində pul köçürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş ziyanın əvəzi kimi 80 manat məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 1096.1, 1097.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52-1.1, 52-1.2, 52-1.3, 56.1.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(030)-14/2023 nömrəli qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tətbiq olunan hüquq normalarına görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. O avtomobilin tam təmiri üçün xərclədiyi pulları cavabdehdən tələb etmişdir. Zərər illik 4% aşınma dərəcəsi ilə hesablanmışdır. Məhkəmə dəymiş faktiki ziyanla yanaşı avtomobilin kondisionerin qazının dəyişməsi, evakuator xidməti üçün çəkdiyi xərcləri, dövlət qeydiyyat nömrəsinin bərpası üçün ödədiyi pulu və avtomobilsiz olduğu müddət taksilərə xərclədiyi pullarla bağlı sübutları araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək məzmununa uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanun
22. Maddə 52–1.1. Zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə və yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir.
23. Maddə 52–1.2. Zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir.
24. Maddə 52–1.3. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
25. Maddə 56.1.2. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(030)-14/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. İşin halları ondan ibarətdir ki, Cavabdeh 29 aprel 2022-ci il tarixdə saat 11:30 radələrində Gəncə şəhəri Cavadxan küçəsi ilə Eminbəyli küçəsi kəsişməsi ərazisində “Mersedes Benz 240” minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş, yolayrıcını keçmə qaydalarının pozaraq İddiaçı məxsus olan “X3” minik markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Gəncə şəhər DYPŞ-nin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 30 aprel 2022-ci il tarixli TP ******* nömrəli elektron qərar ilə Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, 60 manat məbləğində cərimə edilmişdir. Gəncə şəhəri “Hyundai Gəncə” Avtomobillərin Texniki Xidmət Stansiyasının 03 may 2022ci il tarixli “Qüsur Aktı” ilə İddiaçı məxsus “X2” minik markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 7063 manat məbləğində müəyyən edilsə də, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli 9/7006 nömrəli ekspert rəyi ilə nəzəri hesablama yolu ilə “Hyundai Gəncə” tərəfindən tərtib edilmiş 03 may 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “X2" markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5080 manat müəyyən edilmişdir. “X3” minik markalı **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalı olduğu üçün "xxxx" ASC tərəfindən İddiaçı 4975,12 manat məbləğində pul ödənilmişdir.
41. İddiaçı apellyasiya şikayətinin dəlillərində ekspert rəyi ilə razılaşmadığını, maddi ziyan tələbinə avtomobilə dəyən ziyandan əlavə çəkdiyi digər xərclərin də daxil olduğunu bildirsə də qeyd etdiklərinə dair sübut təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilmişdir ki, 2014-cü il buraxılışlı “X2" markalı **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə ekspert rəyi ilə dəymiş ziyan təxminən 5080 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı 4975,12 manat pul ödənilmişdir.
42. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.
45. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Daşkəsən Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(030)-14/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz . ev