Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1067/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-6187/2017 saylı qərardadından borclu Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(021)-6187/2017 nömrəli məhkəmə əmrinə əsasən Cavabdeh1 və Cavabdeh2 Hüseynqulu oğlundan müştərək qaydada 15.000 manat əsas, 2886 manat faiz borcu, 1443 manat cərimə borcu olmaqla cəmi 16879 manat məbləğində pul vəsaiti və ödənilmiş 20 manat ödənilmiş dövlət rüsumu tutularaq “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyytli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi müəyyən edilmişdir. Borclular Cavabdeh1 və Cavabdeh2 Hüseynqulu oğlu qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(021)-6187/2017 saylı qərardadının ləğv olunmasını və mühasibatlıq ekspertizasının keçirilməsini barədə yeni əmr qəbul eidlməsini xahiş etmişdir. Həmçinin, borclu Cavabdeh1 şikayət ilə birlikdə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(021)- 6187/2017 saylı qərardadı üzrə şikayətinin verilməsi üzrə buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-6187/2017 saylı qərardadı ilə (hakim F.Babaşov), ərizənin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(021)-6187/2017 nömrəli məhkəmə əmrindən Cavabdeh1 tərəfindən verilmiş prosessual müddətin bərpa edilməməsi qərara alınmışdır. Daha sonra borclular qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, qərardadın ləğv olunmasını və verdikləri ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, onlara məhkəmə qərardadı rəsmi qaydada verilməmişdir. Hesab edirlər ki, vaxtında ərizələrini vermişlər. Buna görə də qərardadı əsassız hesab edirlər. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-6187/2017 saylı qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-6187/2023 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən, məhkəmə qərardadı tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Bu normadan göründüyü kimi, şikayət vermə müddətinin əvvəli qərardadın rəsmi qaydada verildiyi gündən sonrakı gün başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-nin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qərardaddan şikayət vermə müddətinin axımı qərardadın surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qərardadın rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikası MPMnin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilmə qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, məhkəmənin qərardadı poçt vasitəsi ilə borclular Cavabdeh1 xx.xx.2017-ci il tarixdə və Cavabdeh2 Hüseynqulu oğluna isə xx.xx.2017-ci il tarixdə təqdim edilmişdir. Həmçinin, borclu Cavabdeh1 birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədə mhəkəmə əmrindən xx.xx.2022-ci il tarixdə icra orqanından məlumat aldığını bildirmişdir. Belə olduğu halda da borclu tərəfindən qanunla müəyyən olunmuş on günlük müddət ötürülmüşdür. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, borclu tərəfindən mübahisələndirilən qərardaddan şikayət yalnız xx.xx.2023-cü il tarixdə rabitə orqanına təhvil verilmişdir. Göründüyü kimi, hər iki halda borclu Cavabdeh1 tərəfindən apellyasiya şikayəti qanunla nəzərdə tutulan müddət ötürülməklə verilmişdir. Bununla yanaşı ərizəçi apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmaqla, prosessual hüqüq normaları düzgün tətbiq edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 6187/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-6187/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1067/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1067/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver