Məhkəmə qərarları › İş №2(104)-1067/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1067/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1067/2024 16.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-275/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X9 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X7 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X3 iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 6277.80 manat əsas borc olmaqla cəmi 6277.80 (altı min iki yüz yetmiş yeddi manat səksən qəpik) manat kredit borcunun, kart kredit limiti üzrə 894.97 manat əsas, 105.03 manat faiz borcu olmaqla cəmi 1000 (bir min manat) manat kredit borcunun, ödənilmiş 93.18 (doxsan üç manat on səkkiz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, borclu X14 "xxxx" ASC-nin Gəncə filialı ilə bağladığı BPM**********42 saylı, xx.xx.2019-cu il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 7300 manat nağd və 1000 manat məbləğində kart krediti limiti verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu X14 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1421 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X9 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2, X13, X7 və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 2V-1737 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən, X9 Banka ödənilməmiş qalan 6277.80 manat əsas borcu qalmışdır. xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən, X9 Banka ödənilməmiş qalan 894.97 manat əsas, 105.03 manat faiz borcu qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X13 və X10 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-275/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən Mustafa Mustafayev) iddia qismən təmin edilmiş, X9 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X3 müştərək qaydada 883.40 (səkkiz yüz səksən üç manat qırx qəpik) manat əsas borc, 11,3 (on bir manat otuz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-275/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vərəsələrin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq, 833.40 manat məbləğində olmasını əsas götürərək iddianı qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdehlər sübut etməli olsa da, məhkəməyə heç bir sübut təqdim etməmişlər. Göründüyü kimi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X13 və X10 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmişlər və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X13 və X10 mirası qəbul etmişlər. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də, vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X13 və X10 tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Cavabdehlər Cavabdeh1, X13 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə kollegiyaya məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, borclu X14 "xxxx" ASC-nin Gəncə filialı ilə bağladığı BPM**********42 saylı, xx.xx.2019-cu il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 7300 manat nağd və 1000 manat məbləğində kart krediti limiti verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu X14 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən, X9 Banka ödənilməmiş qalan 6277.80 manat əsas borcu qalmışdır. xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən, X9 Banka ödənilməmiş qalan 894.97 manat əsas, 105.03 manat faiz borcu qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X13 və X10 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Miras qoyanın vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlakının olması barədə sübutları yoxdur. Bununla belə, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-275/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq isə bildirdi ki, miras qoyanın əmlakları barədə onların məlumatı yoxdur. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, oğlu X14 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Onun ölümündən sonra 883.40 manat dəyərində qızıl zinyət əşyalarını almaq üçün miras əmlakı qəbul edilməsi barədə şəhadətnamə almışlar. Digər vərəsələr miras qoyanın uşaqları olmaqla, vərəsələrdən Nəzər 12, Aydan və Cavidan 8 yaşındadırlar. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-275/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, X2 vərəsələri olan Cavabdeh2 və cavabdehlər Cavabdeh1, X13 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə 6277.80 (altı min iki yüz yetmiş yeddi manat səksən qəpik) manat məbləğində əsas kredit borcu, kart kredit limiti üzrə 894.97 manat əsas, 105.03 manat faiz borcu olmaqla, cəmi 1000 (bir min manat) manat, ümumilikdə isə cəmi 7277,80 manat kredit borcu, ödənilmiş 93.18 (doxsan üç manat on səkkiz qəpik) manat dövlət rüsumu onların qəbul etdiyi miras payı həcmində tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: iddiaçı X4 arasında bağlanmış BPM**********42 saylı, xx.xx.2019-cu il tarixli Tam kart çərçivə müqaviləsindən görünür ki, Bank cavabdehə 15000 manadək məbləği istifadə etmək imkanı ilə tam kart verməyi, cavabdeh isə həmin kreditdən istifadəyə görə illik 24 faiz ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı X4 arasında bağlanmış BPM**********93 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank cavabdehə 48 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 7900 manadək məbləği kredit verməyi, cavabdeh isə həmin krediti qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, X14 iddiaçı Bankdan götürdüyü krediti və ona hesablanmış faizləri xx.xx.2020-ci ildən xx.xx.2024-cü il tarixə kimi hər ay 257.56 manat ödəməyi öhdəsinə götürmüşdür. maliyyə arayışlarından görünür ki, X9 iddiaçı Banka xx.xx.2023-cü il tarixli nağd kredit üzrə ödənilməmiş qalan 6277.80 manat əsas borcu, xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə ödənilməmiş qalan 894.97 manat əsas, 105.03 manat faiz borcu olmaqla cəmi 1000 (bir min manat) manat qalmışdır. ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi trərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “V1737 reyestr nömrəli V-1028/2021 nömrəli vərəsəlik işi üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X9 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X10 hər biri miras əmlakdan bərabər pay almalıdır. Miras əmlak "xxxx" QSC-nin məktubuna əsasən X11 məxsus ümumi dəyəri 883.40 manat qızıl zinyət əşyalarından ibarətdir. Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2023-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 93,18 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı X4 arasında bağlanmış BPM**********42 saylı, xx.xx.2019-cu il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən Bank cavabdehə 15000 manadək məbləği istifadə etmək imkanı ilə tam kart verməyi, cavabdeh isə həmin kreditdən istifadəyə görə illik 24 faiz ödəməyi öhdəsinə götürmüş, BPM**********93 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsiə əsasən Bank cavabdehə 48 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 7900 manadək məbləği kredit verməyi, cavabdeh isə həmin krediti qaytarmağı öhdəsinə götürmüşdür. X14 iddiaçı Bankdan götürdüyü krediti və ona hesablanmış faizləri xx.xx.2020-ci ildən xx.xx.2024-cü il tarixə kimi hər ay 257.56 manat ödəməyi öhdəsinə götürmüşdür. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən, X9 iddiaçı Banka xx.xx.2023-cü il tarixli nağd kredit üzrə ödənilməmiş qalan 6277.80 manat əsas borcu, xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə ödənilməmiş qalan 894.97 manat əsas, 105.03 manat faiz borcu olmaqla cəmi 1000 (bir min manat) manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X9 iddiaçı Banka ödənilməmiş nağd kredit üzrə 6277.80 manat kredit borcunun, kart kredit limiti üzrə 894.97 manat əsas, 105.03 manat faiz borcu olmaqla, cəmi 1000 (bir min manat) manat ödənilməmiş borcunun qalması təsdiq edilir və həmin məbləğin həqiqiliyi heç bir şübhə doğurmur. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi trərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “V1737 reyestr nömrəli V-1028/2021 nömrəli vərəsəlik işi üzrə vərəsəlik şəhadətnaməsinə əsasən, X1 miras qalmış 883.40 manat pul məbləğinə dair Cavabdeh2, Cavabdeh1, X13 və X7 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, cavabdeh X9 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X3 883.40 manat əsas borc pul alınaraq iddiaçıya verilməsi qət edilmişdir Məhkəmə kollegiyasının iclasında vərəsə Cavabdeh2 öz izahatında oğlu X9 xx.xx.2021-ci il tarixdə vəfat etməsi, onun ölümündən sonra 883.40 manat dəyərində qızıl zinyət əşyalarını almaq üçün miras əmlakı qəbul edilməsi barədə şəhadətnamə aldıqlarını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycana Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun ölümü halında, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hazırki iddia tələbində isə iddiaçı bank tərəfindən X8 qalmış mirası Cavabdeh2, Cavabdeh1, X13 və X5 qəbul etməsi müəyyən edildikdən sonra, cavabdeh X9 vərəsələri olan anası Cavabdeh2 və uşaqları Cavabdeh1, X13 və X7 qarşı iddia qaldırsa da, vərəsələr Cavabdeh2 və uşaqları Cavabdeh1, X13 və X10 tərəfindən miras əmlakın hansı həcmdə qəbul edilməsi iş materialları ilə müəyyən edilsə də, onun başqa miras əmlaklarının olmaması tam müəyyən deyildir. X1 miras qalmış miras əmlakın Cavabdeh2, Cavabdeh1, X13 və X10 tərəfindən qəbul edildiyi müəyyən edilsə də, miras qoyanın öldüyü məqamadək mövcud olan əmlak hüquqlarının (miras aktivi) həcmi iş materialları ilə tam müəyyən edilmədiyindən, həmin miras əmlakın vərəsə Cavabdeh2, Cavabdeh1, X13 və X10 tərəfindən hansı həcmdə qəbul edilməsinin müəyyən edilməsi isə yalnız qətnamənin icra mərhələsində mümkündür. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, mirasqoyanın vərəsələri olan uşaqları Cavabdeh1, X13 və X10 azyaşlı olduğundan, onların qanuni nümayəndəsi qismində X12 birinci instansiya məhkəməsində icraat zamanı cəlb edilsə də, borc məbləği Cavabdeh1, X13 və X3 tutularaq, mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də, kollegiya hesab edir ki, mirasqoyanın vərəsələri olan uşaqları Cavabdeh1, X13 və X10 azyaşlı olduğundan, onlara münasibətdə, iddia olunan məbləğ onların qanuni nümayəndəsi qismində X6 mirası qəbul etdikləri həcmdə tutulmalıdır. Belə ki, MPM-in 72.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. 72.4-cü maddəsinə əsasən, qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-275/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, X2 vərəsələri olan Cavabdeh2 və cavabdehlər Cavabdeh1, X13 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə 6277.80 (altı min iki yüz yetmiş yeddi manat səksən qəpik) manat məbləğində əsas kredit borcu, kart kredit limiti üzrə 894.97 manat əsas, 105.03 manat faiz borcu olmaqla, cəmi 1000 (bir min manat) manat, ümumilikdə isə cəmi 7277,80 manat kredit borcu, ödənilmiş 93.18 (doxsan üç manat on səkkiz qəpik) manat dövlət rüsumu onların qəbul etdiyi miras payı həcmində tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-275/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. X2 vərəsələri olan Cavabdeh2 və cavabdehlər Cavabdeh1, X13 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə 6277.80 (altı min iki yüz yetmiş yeddi manat səksən qəpik) manat məbləğində əsas kredit borcu, kart kredit limiti üzrə 894.97 manat əsas, 105.03 manat faiz borcu olmaqla, cəmi 1000 (bir min manat) manat, ümumilikdə isə cəmi 7277,80 manat kredit borcu, ödənilmiş 93.18 (doxsan üç manat on səkkiz qəpik) manat dövlət rüsumu onların qəbul etdiyi miras payı həcmində tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar