Məhkəmə qərarları › İş №2(104)-1070/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1070/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1070/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, cavabdehin vəkili X1 iştirakları ilə, “ödənilməmiş əsas borcun əvəzi qismində 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2170/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 oktyabr 2021-ci il tarixdə Cavabdeh 6 ay müddətində qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq vermişdir. Bununla bağlı Cavabdeh öz xətti ilə qəbz yazaraq onu imzalamışdır. Həmin qəbzdə cavabdeh göstərmişdir ki, borcu ödəmədiyi təqdirdə ona məxsus olan mərasim xidmət sexini iddiaçının adına qeydiyyata keçirəcəkdir. Cavabdeh hazırki tarixədək borcunu ödəməmiş və öz öhdəliklərini icra etməmişdir. 21 sentyabr 2022ci il tarixdə Cavabdeh yazılı qəbz təqdim edərək İddiaçı ona 2 ay müddətinə möhlət verməsini xahiş etmişdir. Lakin həmin müddət artıq sona çatmışdır, cavabdeh isə 10.000 ABŞ dolları məbləğində borcunu İddiaçı ödəməmişdir. Buna görə də İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-c il tarixli, 2(125)-2170/2022 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 8.000 (səkkiz min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 112 (bir yüz on iki) manat 80 (səksən) qəpik manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və onunla əsaslandırılmışdır ki, 1988-ci ildən qəbir daşlarına şəkil çəkməklə məşğul olur. Onun İddiaçı ilə tanışlığı işinin icrası ilə bağlı olmuşdur. Belə ki, İddiaçı qəbir daşlarının düzəldilməsi və satışı ilə məşğul olur. Onunla 2010-cu il tarixdən iş birliyinə başlamış və ondan yararsız daşlar almaqla rəssam olduğu üçün onlardan yaxşı gəlir götürmüşdür. Sonradan İddiaçı həmin daşları ona pulla satmağa başlamış və qiymətini süni şəkildə artırmışdır. Bu isə onun sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərirdi. 2021-ci ilin payız ayında ona bildirdi ki, daşı Ukraynadan aldığından və ödənişi də dollarla etdiyindən daşların qiymətini qaldıracaqdır. Buna görə də bir şərtlə daşın qiymətini qaldırmayacaq ki, əvvəlcədən qəbzə imza edərək ondan 10000 ABŞ dolları borc aldığını qeyd etsin. Onunla razılaşdı, çünki, işin gedişatına və sifarişə uyğun daş alırdı. Elə ay olurdu ki, 10-14 ədəd, elə ayda olurdu ki, ümumiyyətlə ondan daş almırdı. Qəbz ona təqdim olunduqdan sonra 2000 ABŞ dolları həcmində daş almış və onu da xx.xx.2022-ci il tarixdə qaytarmışdır. Hazırda onun İddiaçı hər hansı borcu yoxdur. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında yaranan öhdəlik münasibətləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı və cavabdeh sahibkardır. Bu isə mübahisənin mülki deyil, kommersiya mübahisəsi olmasını ehtiva edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, illərdir iddiaçını tanıyır və onunla sahibkarlıq münasibəti vardır. Belə ki, ondan daş alıb istifadə etməklə gəlir əldə edir. İddiaçıdan pul şəkilində heç vaxt borc almamış, yalnız daş götürmüşdür. Cavabdehin vəkili N.Əliyev apellyasiya şikayətinə uyğun izahat verərək işin məhkəmə aidiyyəti üzrə göndərilməsini xahiş etdi. İddiaçının vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da, hazırki mübahisə sahibkarlıqla bağlı deyildir və sadə borc münasibətidir. Belə olan halda işə səlahiyyətli məhkəmə tərəfindən baxılmışdır. İş üzrə iddiaçıya məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə nəlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hakimin məruzəsini dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığından qətnamə ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsində göstərilmişdir ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsində məhkəmə aidiyyətinin ümumi qaydası müəyyən edilərək deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı fərdi sahibkardır və vergi uçotuna alınmaqla vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair Vergi Xidmətinin “Bir pəncərə” sistemində vergi ödəyicisi eyniləşdirmə nömrəsi (VÖEN **********) qeyd edilmişdir. Habelə, iş materiallarına əlavə edilmiş nizamnamədən görünür ki, Cavabdeh hüquqi şəxs “Tengiz” firmasının (VÖEN **********) təsisçisidir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli qəbzdə qeyd olunur ki, “Cavabdeh (mərasim sexinin icraçısı) İddiaçı 10.000 ABŞ dolları borcum var. Mən 6 ay müddətinə həmin borcu ödəməyə söz verirəm. Ödəməsəm mənə məxsus olan mərasim xidmət seximi İddiaçı verməyə söz verirəm”. İşdə olan Cavabdeh tərəfindən imzalanan və «Tengiz» firmasının möhürü ilə təsdiqlənən xx.xx.2021-ci il tarixli qəbzdə qeyd olunur ki, “Ziyəddin Nuru oğluna olan borcumu, yəni 10000 ABŞ dolarını ödəyə bilmədiyim üçün, 2 ay müddəti uzatmağı xahiş etdim. Sentyabr ayına qədər möhlət aldım. Öz xəttim ilə yazdım. VÖEN nömrəm **********. Bundan sonra ödəyə bilməsəm adıma olan mülkün mərasim xidməti sexini heç bir bəhanəsiz İddiaçı təhvil verəcəm. Heç bir şikayətim qəbul olunmasın”. Cavabdeh tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 8.000 ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmiş və ona 2 ay müddətinə borcu tam ödəmək üçün möhlət verilməsini xahiş etmişdir. Göründüyü kimi hər iki tərəf sahibkarlıq fəaliyyətinin subyektləridir və tərəflər arasında yaranan hüquq münasibəti sahibkarlıq fəaliyyəti əsasında yaranmışdır. Belə ki, iddiaçı cavabdehi müvafiq xammal ilə təmin etmiş, cavabdeh isə bu xammaldan istifadə edərək gəlir əldə etməklə müvafiq fəaliyyətini davam etdirmişdir. Belə olan halda işin kommersiya mübahisəsi olması üçün zəruri olan hər üç şərt: subyekt, predmet və hüquq münasibətinin növü yerinə yetirilmişdir, hazırki mübahisə prosessual qanunvericiliyə əsasən kommersiya mübahisəsi hesab olunur və işin baxılması kommersiya məhkəməsinə aiddir. Lakin qeyd edilən xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmiş və nəticədə qanunla müəyyən edilmiş məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1, 32.2 və 32.3-cü maddələrinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətının dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyətı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsidir. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsi). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd olunur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. 12-ci bəndində qeyd olunur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər 8-ci bəndində apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki işə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti pozulmaqla baxıldığından apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-c il tarixli, 2(125)- 2170/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26, 44, 263, 264, 387 və 402-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-c il tarixli, 2(125)-2170/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar