Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1077/2024 07.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-3697/2023 nömrəli qətnaməsindən Cavabdeh adından vəkil X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 33.634 (otuz üç min altı yüz otuz dörd) manat məbləğində borcun, 3 il ərzində əldən çıxmış fayda 5.043 (beş min qırx üç) manat məbləğində pul olmaqla, ümumilikdə 38.677 (otuz səkkiz min altı yüz yetmiş yeddi) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə, məhkəmə xərci olaraq ödədiyi 207 (iki yüz yeddi) manat dövlət rüsumu və iddia ərizəsinin tərtibi üçün 100 (yüz) manat xidmət haqqının iddiaçı olaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-3697/2023 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 33.634 (otuz üç min altı yüz otuz dörd) manat pul və dövlət rüsumuna görə ödənilmiş 207 (iki yüz yeddi) manat, 100 manat xidmət haqqı alınaraq İddiaçı verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh adından vəkil X1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2024-cü il tarixli 2(104)-1077/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, işdən göründüyü kimi Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-3697/2023 nömrəli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə vəkil X1 Cavabdeh adından apellyasiya şikayəti vermiş və şikayət vəkilin asan imzası vasitəsilə imzalanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdəki sənədlərə nəzər saldıqda Cavabdeh tərəfindən vəkil Seymur Zeynalova etibarnamə verilmiş olması müəyyən edilir. Lakin adı qeyd olunan vəkil tərəfindən Cavabdeh hüquqi yardım göstərilməsi barədə vəkil orderi apellyasiya şikayətinə əlavə edilməmişdir. Yəni, nümayəndə qismində apellyasiya şikayətini imzalayan vəkilin məhkəmədə iş aparmaq səlahiyyəti rəsmiləşdirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkün hesab edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 74, 361, 363, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-3697/2023 nömrəli qətnaməsindən Cavabdeh adından vəkil X1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2024cü il tarixli 2(104)-1077/2024 nömrəli qərardadı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-3697/2023 nömrəli qətnaməsindən Cavabdeh adından vəkil X1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün edilsin və iş apellyasiya baxışından çıxarılsın. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1077/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1077/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver