Məhkəmə qərarları › İş №2(104)-1079/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1079/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1079/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: borcun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(125)-418/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin təhqiqat bölməsinin 15 iyun 2021-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 Zülfüqar qızı İddiaçı pul borcludur və onlar arasında mülki mübahisə vardır.

2. Cavabdeh1 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə verdiyi xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı 10000 ABŞ dolları, 5000 manat və 4420 manat borcu olmasını etiraf etmiş, iddiaçı ilə aralarında borcun ödənilməsi üçün razılıq əldə olunaraq barışdıqlarından mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 10000 ABŞ dolları və 17400 manat, eləcədə 193 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qohumu və xarici ölkələrdən müxtəlif təyinatlı əşyaları Azərbaycana gətirib onların satışı ilə məşğul olur. Cavabdeh1 2019-cu ilin may ayında digər cavabdeh olan Cavabdeh2 ilə birlikdə onun yaşadığı evə gələrək ondan 10000 ABŞ dolları borc pul istəmiş və əlavə qazanc verəcəyini demişdir. O isə buna inanıb qonşusu Həbibdən 10000 ABŞ dolları alıb Cavabdeh1 vermiş, sonuncu isə Gəncə “ASAN Xidmət” mərkəzində mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evinin sənədini girov qoymuşdur. 2019-cu ilin iyun ayında Cavabdeh1 onun evinə gələrək qızı Aidənin səhhəti ilə bağlı ondan 6000 manat istəmiş, o da həmin pulu vermişdir. Lakin bir müddət sonra Cavabdeh1 əşyaların İran İslam Respublikasının gömrüyündə qalmasını bildirmiş və respublikaya gətirə bilməməsini bildirmişdir. Bundan sonra Cavabdeh1 yenə 2019-cu ilin iyul ayında ondan 5000 manat borc istəyərək mal almağa pulunun çatmamısını bildirmiş, o da 5000 manatı borc vermişdir. Təxminən bir necə gün sonra Cavabdeh1 yenə də qızı ilə birlikdə gəlib 5500 manat pul istəsədə, o isə 4400 manat vermişdir. Təxminən 5-6 gün sonra yenə gəlib Cavabdeh1 2000 manat vermişdir. Cavabdeh1 həmin pulları istəyərkən malı Azərbaycana keçirmək üçün lazım olduğunu bildirmiş, o isə məcbur olub pulları batmasın deyə istədiyi məbləğləri vermişdir. Bundan sonra Cavabdeh1 həmin ilin dekabr ayında İran İslam Respublikasına getmiş və onunla əlaqə saxlayanda generalın ölümü ilə bağlı yolların bağlanmasını bildirib ölkəyə geri qayıda bilmədiyini demişdir. Bundan sonra dəfələrlə pulunu istəsə də, müxtəlif bəhanələr gətirərək qaytarmaqdan boyun qaçırmışdır. Beləliklə cavabdehlərin ona 10000 ABŞ dolları və 17400 manat borcu yaranmışıdır. Həmçinin məhkəməyə müraciət etməzdən əvvəl eyni ərizə ilə Kəpəz Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı cavabdehin izahatı alınmış və ona borcu olmasını etiraf etmişdir. Həmçinin əvvələr məhkəməyə müraciət etmiş və işə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılan zaman cavabdehlərdən Cavabdeh1 məhkəmədə ərizə yazaraq onunla barışıq əldə etməsini və borcu olmasını etiraf etmişdir. Lakin sonradan pulu ödəməkdən boyun qaçırdığı üçün məcbur olub yenidən məhkəməyə müraciət etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbinə qarşı etiraz edərək izahatında göstərmişdir ki, iddiaçıdan hissə-hissə 10000 ABŞ dollar götürmüş, həmin pulu o, özü götürmüşdür. Qızı Alidənin bu işə heç bir aidiyyəti olmamışdır. Hər ay ödəniş etmişdir. Sonra Covid-19 xəstəliyinə tutulmuş və ödəniş edə bilməmişdir. Evinə oğru girdiyindən və maddi vəziyyti pisləşdiyi üçün ödəniş edə bilməmişdir. İşlədiyi vaxt aldığı pulu sələm kimi artıqlaması ilə ödəmişdir. İddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi.

6. Gəncə Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(125)-418/2023 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9420 (doqquz min dörd yüz iyirmi) manat və 10000 (on min) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul və dövlət rüsumunun əvəzi olaraq 169,26 (bir yüz altmış doqquz manat 26 qəpik) manat alınaraq İddiaçı verilməsi; İddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə 10000 ABŞ dolları və 17400 manat borc pul verdiyini iddia etsə də həmin məbləğdə cavabdehə borc verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin 10000 ABŞ dolları, 5000 manat və 4420 manat borcu olmasını etiraf etməsi həmin borcun ödənilməsi ilə bağlı iddiaçı razılaşmış və bununla bağlı mülki işin baxılmamış saxlanması xahiş olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflər öz tələb və etirazlarının əsası kimi istinat etdikləri hallara dair hər hansı bir sübut təqdim etmədiklərindən iddia qismən təmin olunmalıdır. İddia tələbinin Cavabdeh2 münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin polis idarəsində verdiyi izahatında pulu qızı Alidə ilə birlikdə aldığını göstərmiş və Cavabdeh2 telefon danışığında iddiaçıya borcu olduğunu etiraf etməsi müəyyən olunmuşdur.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 448.2, 739.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, xırda ticarətlə məşğul olur və bu səbəbdən İddiaçı borc pul istəmişdir. İddiaçı isə Həbibə adlı şəxsdən alıb verəcəyini və bunun müqabilində pulu faizi ilə qaytarmalı olduğunu bildirmişdir. Nəticədə onunla razılaşmış və bir neçə dəfə pul lazım olan zaman müraciət edərək qətnamədə göstərilən məbləğdə pulu almışdır. Beləliklə pandemiya başlayanadək iddiaçıya hər ay 2000-2500 manat borc və sələmini vermiş, lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Həmçinin birinci instansiya məhkəməsi 10000 ABŞ dollarını iddiaçının alması qənaətinə gəlsədə, pulu iddiaçı vaisitəsi ilə Həbibə adı şəxsdən almışdır. Eləcədə qətnamədə həmin şəxs Həbib kimi göstərilmişdir. Qızı Cavabdeh2 cavabdeh kimi qeyd edilməsi və borcun müştərək qaydada tutulması əsassızdır. Beləki, Alidənin iddiaçı ilə heç bir razılaşması və borcla bağlı heç bir öhdəliyi olmamışdır. Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin qərarından da göründüyü kimi iddiaçının Ailədə barəsində heç bir şikayəti və tələbi olmamışdır. Alidənin iddiaçıya borcunun olması etiraf etməsi və buna dair telefon danışığı olması qəbul olunmazdır. Beləki, telefon danışığı qanuni yolla əldə olunmadığından subut kimi qəbul edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

16. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

19. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

20. Maddə 740.2. Borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini yalnız cavabdehlərdən Cavabdeh1 vermişdir. Ona görə də hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh1 münasibətdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.

29. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

30. İşin müəyyən olunmuş faktik hallarına görə, İddiaçı müxtəlif vaxtlarda 10000 ABŞ dolları və 9420 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borc vermişdir. Tərəflər arasında borc münasibətlərinin mövcud olması işin mübahisəsiz halıdır. Belə ki, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin təhqiqat bölməsinin 15 iyun 2021-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı və Cavabdeh1 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə verdiyi 03 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı 10000 ABŞ dolları, 5000 manat və 4420 manat borc vermişdir. Həmçinin Cavabdeh1 birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaçıdan hissə-hissə borc almasını bildirmişdir.

31. Beləliklə tərəflər arasında şihafi qaydada borc müqaviləsinin bağladığı müəyyən edilmişdir. Mülki qanunvericiliyin müqavilələrlə bağlı ümumi vahid sistemi həm də borc müqaviləsi ilə bağlı Azərbaycan Respublikası mülki Məcəlləsinin 37-ci fəslində nəzərdə tutulan xüsusi müddəaları açıq və tərəddüdsüz şəkildə göstərir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Beləki, həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, qanunda borc müqaviləsinin bağlanmış hesab olunması üçün pul və digər əvəz edilən əşyanının verilmiş olması ilə yanaşı verilməsi öhdəliyinin götürülməsi şərt olaraq qeyd olunmuşdur.

32. Göründüyü kimi, borc verən İddiaçı götürdüyü öhdəlikləri tam icra edərək, ümumilikdə 10000 ABŞ dolları və 9420 manatı borc alanlar Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə vermiş, lakin borc alanlar aldıqları pulu borc verənə qaytarmamışlar və öhdəliklərini icra etməmişlər. Nəticə etibarı ilə Cavabdeh1 borclandırıcı əqdlərinin tələbləri üzrə öhdəliklərini icra etməmişdir. Borclandırıcı əqd demək onu bağlayan şəxs üçün öhdəlik əmələ gətirən əqd deməkdir. Halbu ki, tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə və öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Belə olan halda iddiaçı haqlı olaraq hazırki tələblə birinci instasniya məhkəməsinə müraciət etmişdir.

33. Cavabdeh1 birinci instansiya məhkəməsinin icraatı zamanı, eləcədə apellyasiya şikayətində borcdan ödəniş etdiyini qeyd etsədə, sonuncu buna dair hər hansı möhtəbər subut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə olan halda cavabdehin izahatında göstərdiyi xüsusatları təsdiq edə bilən, əlaqəli, başqa sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, borcun ödənilməsini subut etmək yükü məhz cavabdeh tərəfin üzərinə düşür.

34. Həmçinin Cavabdeh1 borcu Həbibə adlı şəxsdən almasını apellyasiya şikayətində qeyd etmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilinə münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 özü həm birinci instansiya məhkəməsinin icraatı zamanı, həm də işə əlavə olunmuş materiallarda borcu məhz İddiaçı aldığını bildirmişdir.

35. Eləcədə apellyasiya şikayətinin dəlili kimi, Cavabdeh2 İddiaçı borc almamasını və ümumiyyətlə onu heç bir öhdəliyi olmamasını qeyd edilmişdir. Buna münasibətdə isə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, baxmayaraq ki birinci instansiya məhkəməsinin qətnaməsi ilə borc müştərək qaydada tutulmuşdur, apellyasiya şikayətini yalnız Cavabdeh1 vermişdir. Belə olan halda nə qədər ki, birinci instansiya məhkəməsinin qətnaməsini digər Cavabdeh2 mübahisələndirməmiş, ona aid hissədə apellyasiya qaydasında yoxlanılması istisna olunur. Beləki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin Cavabdeh1 aid olan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(125)-418/2023 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərərfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar