Məhkəmə qərarları › İş №2(104)-1081/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1081/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1081/2024 03.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(125)-148/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 20 sentyabr 2019-cu il tarixli, 10-BİZZ-1-0-29-19 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh4 60 ay müddətinə, illik 18 faiz olmaqla 50000 manat kredit verilmişdir.

2. 20 sentyabr 2019-cu il tarixli 10-BİZZ-1-0-29-19 (1), 10-BİZZ-1-0-29-19 (2) və 10-BİZZ-1-0-29-19 (3) nömrəli zaminlik müqavilələrdən görünür ki, 20 sentyabr 2019-cu il tarixli, 10-BİZZ-1-0-29-19 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərini təmin etmək məqsədilə "xxxx" İKB ASC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır.

3. 15 oktyabr 2020-ci il tarixli əlavə sazişdən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh4 arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli, 10-BİZZ-1-0-29-19 nömrəli kredit müqaviləsi üzrə yaranmış, cəmi 52889,92 manat qalıq borc illik 18 faiz olmaqla ödənilməsi 20 sentyabr 2024-cü il tarixədək uzadılmışdır.

4. Zaminlik müqavilələrinə dair 15 oktyabr 2020-ci il tarixli əlavə sazişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli əlavə saziş üzrə öhdəliklərinin icrasını təmin etmək məqəsədi ilə bankla Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələrinə dair əlavə saziş bağlanmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər 2 saylı Notariat ofisindən verilmiş 15 aprel 2023-cü il tarixli 347 nömrəli arayışdan görünür ki, mərhum borcalan Cavabdeh4 miras qalmış əmlaklara dair Gəncə 1 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh3 29 aprel 2021-ci il tarixdə 2V-105, 2V-106, 2V- 107, 2V-108, 2V-109, 03 avqust 2021-ci il tarixdə isə 2V-225 nömrəli reyestrlərlə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli 9/7985 nömrəli rəyindən görünür ki, tədqiqat hissəsində göstərilənlərə əsasən, borcalan Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 20 sentyabr 2019- cu il tarixli, 10-BİZZ-1-0-29-19 nömrəli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə (indiki İddiaçı ASC) 18 iyul 2023-cü il tarixə ödənilməli olan kredit borcu - əsas borc üzrə 52887,38 manat, faiz borcu üzrə 23430,62 manat müəyyən edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 51987,2 manat əsas, 23850,35 manat faiz və 1304,44 manat cərimə olmaqla, cəmi 77141,99 manat kredit borcunun və ödənilmiş 321,43 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması, eləcədə borcalan Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh4 arasında 20 sentyabr 2019-cu il tarixli, 10-BİZZ-1-0-29-19 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 60 ay müddətinə, illik 18 faiz olmaqla 50000 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə "xxxx" İKB ASC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında 20 sentyabr 2019-cu il tarixli 10-BİZZ-1-0-29-19 (1), 10-BİZZ-1-0-29-19 (2) və 10-BİZZ-1-0-29-19 (3) nömrəli zaminlik müqavilələri bağlanmış və zaminlər borcun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşlər. 15 oktyabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 20 sentyabr 2024-cü il tarixədək təyin edilmişdir. Müqavilə üzrə vaxtında ödənişlər olunmadığından 51987,20 manat əsas, 23850,35 manat faiz və 1304,44 manat cərimə olmaqla, cəmi 77141,99 manat kredit borcu yaranmışdır. Borcalan Cavabdeh4 vəfat etmiş və onun miras əmlakına dair Cavabdeh1 və Cavabdeh3 29 aprel 2021-ci il tarixdə 2V-105, 2V-106, 2V-107, 2V- 108, 2V-109, 03 avqust 2021-ci il tarixdə isə 2V-225 nömrəli reyestrlərlə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.

9. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirlməsinə (tələbin artırılması) dair ərizə verərək, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 52887,38 manat əsas, 25216,11 manat faiz və 6018,95 manat cərimə olmaqla, cəmi 84122,44 manat borcun və ödənilmiş 321,43 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Gəncə Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(125)-148/2024 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı "xxxx" İKB ASC) ilə Cavabdeh4 arasında bağlanmış 10-BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10-BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 52887,38 manat əsas borc, 23430,62 manat faiz borcu və 1000 manat cərimə olmaqla, cəmi 77318 (yetmiş yeddi min üç yüz on səkkiz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 321,95 (üç yüz iyirmi bir manat doxsan beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; İddia qalan hissədə təmin edilməməsi; Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X2; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 421, 442, 447.1, 470, 462.1, 467, 472.1, 739, 1146, 1255 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 103.1, 119, 217.4, 218.3, 216-220, 227, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini 1000 manat cərimə borcunun tutulması və əsas borca münasibətdə isə iddia tələbinin sonradan 1000 manat artırılmasının təmin edilməsi hissədə mübahisələndirmişlər.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və alınmış rəylə əsas borc 52887,38 manat, faiz borcu isə 23430,62 manat göstərilmişdir. Göründüyü kimi, faiz borcu azaldılmış, əsas borc isə artmışdır. Halbu ki, 09 avqust 2023-cü il tarixli maliyyə arayışında əsas borc 51187,20 manat qeyd edilmişdir. Belə olan halda məhkəmə iddia tələbindən kənara çıxmışdır. Məhkəmə haqsız hesablanmış cərimə borcunu da tam azaltmamışdır. Eləcədə yaranmış borc vəfat etmiş şəxsə aid olduğundan borcun ödənilməsinə dair gecikdirmə üçün hesablanmış cərimə borcu cavabdehlərdən tutulması yolverilməzdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən, yəni 1000 manat cərimə borcunun tutulması hissədə ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsi, eləcədə əsas borca münasibətdə təmin edilmiş hissədə 1000 manat azaldılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

24. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

25. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

27. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

28. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

29. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

31. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Verilmiş apellyasiya şikayətindən görünür ki, qətnamə əsas borcun tam təmin olunması və cərimə borcunun qismən, yəni 1000 manat təmin edilməsi hisələrdə mübahisələndirilir. Ona görə də kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

42. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, "xxxx" İKB ASC ilə Cavabdeh4 arasında 20 sentyabr 2019-cu il tarixli, 10-BİZZ-1-0-29-19 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 60 ay müddətinə, illik 18 faiz olmaqla 50000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında 20 sentyabr 2019-cu il tarixli 10-BİZZ-1-0-29-19 (1), 10-BİZZ-1-0-29-19 (2) və 10-BİZZ- 1-0-29-19 (3) nömrəli zaminlik müqavilələri bağlanmışdır. 15 oktyabr 2020-ci il tarixdə isə tərəflər arasında əlavə saziş bağlanmış və kredit müqaviləsi üzrə yaranmış cəmi 52889,92 manat qalıq borc illik 18 faiz olmaqla ödənilməsi 20 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Müqavilə üzrə öhdəliklər vaxtında və lazımı qaydada yerinə yetirilməmiş və borcalan Cavabdeh4 22 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Sonuncunun vəfatından sonra miras qalmış əmlakına Gəncə 1 saylı notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh3 29 aprel 2021-ci il tarixdə 2V-105, 2V-106, 2V-107, 2V-108, 2V-109, 03 avqust 2021-ci il tarixdə isə 2V-225 nömrəli reyestrlərlə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Ona görədə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir. Kollegiyada birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil.

43. Belə ki, yuxarıda da qeyd olunduğu kimi qətnamə 1000 manat cərimə borcunun tutulması hissədə, eləcədə əsas borcun maliyyə arayışında göstərilən 51987,20 manat deyil, iddia tələbinin artırılması hissədə, yəni 52887,38 manat təmin edilməsi hissədə mübahisələndirilmişdir. Qətnamə qalan hissələrdə mübahisələndirilməmişdir.

44. İşdən müəyyən olunur ki, iddia ərizəsində cavabdehlərdən 51987,20 manat əsas borc tələb olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2023-cü il tarixli 9/7985 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 52887,38 manatdır. Ekspert rəyi 29 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və iş üzrə icraat həmin tarixdə təzələnmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 23 yanvar 2024-cü il tarixdə iddianın dəqiqləşdirilməsi (tələbin artırılması) barədə ərizə verərək əsas borcun ekspert rəyində göstərilən məbləğdə, yəni 52887,38 manat, faiz borcun 25216,11 manat və 6018,95 manat cərimənin təmin olunmasını məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsidə əsas borci iddia tələbinin artırılması hissədə tam təmin etmişdir. Bu nəticə ilə məhkəmə kollegiyası da razılaşır.

45. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. Cərimə borcunun tutulmasına münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı tələbin artırılmasına dair ərizədə cavabdehlərdən 6018,95 manat cərimə tutulmasını xahiş etsədə, birinci instansiya məhkəməsi isə işin hallarını nəzərə alaraq cərimə borcunu 1000 manat təmin etmişdir. Kreditorun əsaslı mənafelərini nəzərə alan kollegiya hesab edir ki, cərimə borcunu 1000 manat təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Ona görə də kollegiya “yaranmış borc vəfat etmiş şəxsə aid olduğundan borcun ödənilməsinə dair gecikdirmə üçün hesablanmış cərimə borcunun cavabdehlərdən tutulmasının yolverilməzliyi” barədə şikayətin dəlilinı əsassız sayır.

47. Eləcədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissələrdə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

49. Qətnamə mübahisələndirilən hissələrdə iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(125)-148/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10-BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 52887,38 manat əsas borcun və 1000 manat cərimənin tutulması” hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar