Məhkəmə qərarları › İş №2(104)-1086/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1086/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1086/2023 02.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Şəmkir rayon Elektrik Şəbəkəsinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(076)-361/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASCnin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Şəmkir rayon Elektrik Şəbəkəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(076)-361/2023 saylı qətnaməsi ilə (hakim X6) iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 24 may 2022-ci il tarixli 028684 nömrəli akt əsasında hesablanmış 727,48 (yedi yüz iyirmi yeddi manat qırx səkkiz qəpik) manat borc silinmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 qeyd olunan qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməklə iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır. "xxxx" ASC-nin əməkdaşları onu məlumatlandırmadan 24 may 2022—ci il tarixdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən fərdi yaşayış evində əri X2 adına quraşdırılmış sayğaca baxış keçirmiş, guya sayğaca müdaxilə olunmasını aşkar etmiş və bu səbəbdən həmin tarixdə 028684 nömrəli akt tərtib etmişlər. Eləcə də, həmin akt əsasında ona borc hesablamışlar. Hazırda həmin borcu qanunsuz hesab edir. Belə ki, sayğacın laboratoriya şəraitində yoxlanılması zamanı məlum olmuşdur ki, onun sayğacı tam şəkildə işləyir. Buna baxmayaraq, cavabdehin əməkdaşları əsassız yerə müdaxilə aktı tərtib etmişlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 24 may 2022-ci il tarixli 028684 nömrəli akt əsasında hesablanmış 727,48 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə "iddia həcminin azaldılması barədə" əlavə ərizə təqdim edərək, "xxxx" ASC-nin Şəmkir rayon Elektrik Şəbəkəsini cavabdehlikdən çıxarmaqla, 727,48 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı qismində məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, xx.xx.2009-cu il tarixdə X5 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Əri ilə birlikdə Şəmkir rayonu Ağlavaşlı kəndində fərdi yaşayış evində yaşayırlar. "xxxx"ASC-nin əməkdaşları onu məlumatlandırmadan 24 may 2022-ci il tarixdə ərinin adına quraşdırılmış sayğaca baxış keçirmiş, guya sayğacda müdaxilə izləri aşkar etmiş və bu səbəbdən həmin tarixdə 028684 nömrəli akt tərtib etmişlər. Eləcə də, həmin akt əsasında ona borc hesablamışlar. Hazırda həmin borcu qanunsuz hesab edir. Belə ki, o, istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı—vaxtında ödəmiş, eləcə də sayğaca hər hansı müdaxilə etməmişdir. Bundan başqa, "xxxx" ASCnin əməkdaşları akt tərtib edərkən yaşadığı evdən heç kəsi, o cümlədən onu dəvət etməmiş, sayğaca onun iştirakı olmadan baxış keçirərək qanunsuz akt tərtib etmişlər. Bununla da cavabdeh tərəfindən onun hüquqları pozulmuş, habelə barəsində əsassız akt tərtib edilərək, ona borc hesablanmışdır. Əlavə olaraq qeyd edir ki, mübahisəli sayğac onun evinin daxilində deyil, küçədə yerləşir. Belə olan halda, onun aşikar vəziyyətdə sayğaca müdaxilə etməsi ağlabatan sayıla bilməz. Cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır. Hazırda "xxxx" ASC-nin əməkdaşları ondan 727,48 manat borcun ödənilməsini tələb edir və əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 24 may 2022-ci il tarixli 028684 nömrəli akt əsasında hesablanmış 727,48 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacda müdaxilə izləri hiss olunmuş, bu barədə 24 may 2022—ci il tarixli 028684 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında 727,48 manat cərimə hesablanmışdır. Həmçinin, qeyd etmişdir ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Belə ki, mübahisəli sayğac iddiaçının adına deyil, X2 adına quraşdırılmışdır. Hesab edir ki, iddiaçı subyektiv hüquqa malik olmadığı halda hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: 24 may 2022-ci il tarixli 028684 saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən istehlakçı X3 məxsus ünvanda yoxlama zamanı sayğacdan yük axmasına baxmayaraq, sayğacdan keçən yükün qeyd edilməməsi, bununla da sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən və X2 adına qeyd edilmiş sayğacda müdaxilə izləri aşkar edildiyi üçün 727,40 manat borc hesablanmışdır. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlanmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparmamış, cavabdeh tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən məhkəməyə təqdim edilmiş sənədlərə heç bir qiymət verməmişdir. Belə ki, 24 may 2022-ci il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən 24-25 may 2022-ci il tarixlərdə, eləcə də 01 iyun 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan dövrdə X9 Təchizatı və Satışı İdarəsinin (Qərb RETSİ) əməkdaşları tərəfindən elektrik enerjisinin talanmasının qarşısını almaq məqsədilə Şəmkir rayonu, Qılıncbəyli və Ağlavaşlı kəndlərində abonentlərin elektrik enerjisindən istifadə qaydalarının tələb etmələrini araşdırmaq məqsədi ilə abonentlərin sayğac uçot dəstlərinə baxış keçirmişlər. Həmin vaxt hazırkı iş üzrə İddiaçı da yaşayış evinə quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Evə quraşdırılmış sayğac Xəyal Qasımovun adına qeydiyyatda olmuşdur. Sayğaca baxış keçirilən zaman müəyyən olunmuşdur ki, "sayğacdan yük axmasına baxmayaraq sayğac keçən yükü qeyd etmir". Ona görə də "EEİQ"-nın tələbinə uyğun olaraq AKT NDM № 028684 nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş sözügedən akta əsasən "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən abonentə 90 gün üçün dəyəri 727,40 (yeddi yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində 5676 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Hesabat zamanı hesabat dövründə abonentə verilmiş sərfiyyat-112 kvts nəzərə alınmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ev üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilən zaman mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Həmçinin iddiaçı "xxxx" ASC-nin ORACLE proqram satış bazasında abonent kimi qeydiyyatda yoxdur. Onunla "xxxx" ASC arasında enerjinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Odur ki, tərəflər arasında müqavilə bağlanmadığından MM-nin 386-cı maddəsinin tələbinə görə öhdəlik hüququ yaranmamışdır. Ona görə də onun "xxxx" ASC-yə qarşı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün sübutlar təqdim edilmiş, lakin onlara hüquqi qiymət verilməmiş, faktiki hallar aydınlaşdırılmamış, qərəzli və birtərəfli qətnamə qəbul edilmişdir. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı həyat yoldaşı Xəyal Qasımova məxsus Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən evinin həyətinə quraşdırılmış sayğaca müdaxilə aşkar edildiyi üçün onun barəsində tərtib edilmiş akt və protokol əsasında müvafiq olaraq 727,48 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, enerji təchizatı müəssisəsi ilə abonent arasında enerjidən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətlərdir. Bu mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları», habelə əlaqəli hüquq normaları üzrə təhlil edilməlidir. Adıçəkilən Qaydaların 1.1-ci bəndində göstərilmişdir ki, elektrik enerjisi istehlakçısı müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı, məişət abonenti (əhali) yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Məişət abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları» 8.15 və 8.33-cü bəndləri). Elektrik enerjisindən istifadə qaydalarının Həmin Qaydaların 8.34-cü bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Həmin Qaydaların 8.2.-ci bəndinin tələbinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə, Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.5-ci bəndinə görə, abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. Həmin Qaydaların 8.13-cü bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır. Həmin Qaydaların 8.14-cü bəndinə görə, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı yaşadığı Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən evinin həyətinə quraşdırılmış sayğacın qeyd etməməsi faktı müəyyən edilsə də, həmin müdaxilə faktının iddiaçı tərəfindən törədilməsi və sayğacdan keçən yükün onun təqsiri ucbatından qeyd etməməsi iş materialları ilə müəyyən edilməmişdir. Buna baxmayaraq, həmin əsasa görə itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 5876 kvts, dəyəri 727.40 manat məbləğində hesabat aparılmışdır. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında müdaxilə faktını inkar etmiş, onun və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmadığını, sayğac küçədə quraşdırıldığından sayğacdan keçən yükün qeydə alınmamasına görə onların təqsirinin olmadığını göstərmişdir. Həmçinin kollegiyanın iclasında müəyyən olundu ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən müvafiq akt tərtib olunarkən iddiaçı tərəfin iştirakı təmin edilməmiş, bu barədə aktada hər hansı qeyd aparılmamışdır. Halbuki, Elektrik enerjisindən istifadə qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 24 may 2022-ci il tarixli 028684 nömrəli akt “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-2-ci bəndinə uyğun tərtib edilmədiyindən həmin akt sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının elelktrik sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamışdır. Bununla da iddiaçının cavabdeh təşkilata ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının subyektiv hüququ olmaması” dəlili ilə bağlı qeyd edir ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində sayğac X2 adına quraşdırılsa da, iddiaçı xx.xx.2009—cu il tarixdə rəsmi nikah qeyd etdirməklə Xəyal Qasımovla evlənmiş və qeyd olunan ünvanda birgə təsərrüfatı idarə etmişlər. Belə olan halda iddiaçı hazırki iddianı qaldırmağa haqlı olmuş və o, iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Ona görə də, cavabdehin bu dəlili kollegiya tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1.-ci maddəsinə asasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-361/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar