Məhkəmə qərarları › İş №2(104)-1087/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1087/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1087/2025 02.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(058)-123/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 11 yanvar 2023-cü il tarixli, TL-EE000818588 saylı tam kart müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən X4 36 ay müddətində illik 24 faiz olmaqla 400 manat məbləğində kart krediti limiti verilmişdir.

2. 16 may 2023-cü il tarixli, BPM**********73 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X4 18 ay müddətinə, 16 faizlə 1600 manat nağd kredit verilmişdir.

3. maliyyə arayışının surətindən görünür ki, X3 12 yanvar 2023-cü il tarixli kart krediti üzrə 08 oktyabr 2024-cü il tarixədək banka ödənilməmiş 210.37 manat əsas, 12.17 manat faiz olmaqla, cəmi 222.54 manat borcu yaranmışdır.

4. Maliyyə arayışının surətindən görünür ki, X3 16 may 2023-cü il tarixli, № 925CZL********** nömrəli kredit müqaviləsi üzrə 08 oktyabr 2024-cü il tarixədək banka ödənilməmiş 832.4 manat əsas borcu yaranmışdır.

5. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 14 yanvar 2024-cü ildə ölmüşdür.

6. 14 yanvar 2024-cü ildə vəfat etmiş X3 vərəsəsi Cavabdehdur və ona bu barədə 15 iyul 2024-cü il tarixli, 2V-729 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras bank hesabindakı 786,18 manatdan ibarətdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********73 saylı, 16 may 2023cü il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 832.40 manat manat əsas kredit borcunun, TL-EE000818588 saylı, 11 yanvar 2023-cü il tarixli tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 210.37 manat əsas, 12.17 manat faiz borcu olmaqla, cəmi 222.54 manat kredit borcunun, ödənilmiş 30.56 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında mağlanmış TL-EE000818588 saylı, 11 yanvar 2023-cü il tarixli tam kart çərçivə müqaviləsinə əsasən sonuncuya 400 manat məbləğində kart krediti limiti, BPM**********73 saylı, 16 may 2023cü il tarixli kredit müqaviləsinə əsasən 1600 manat nağd kredit verilmişdir. X1 14 yanvar 2024-cü il tarixində vəfat etmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin 26 avqust 2024-cü il tarixli, 2101 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, X3 miras əmlakına dair ünvan 1i ünvanında qeydiyyatda olan atası - Cavabdeh miras payı əldə etməsi barədə 15 iyul 2024-cü il tarixli, 2V-729 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri tam ödəməlidir. 08 oktyabr 2024-cü il tarixli nağd kredit üzrə X3 banka ödənilməmiş 832.40 manat əsas borcu, 08 oktyabr 2024-cü il tarixli kart kredit limiti üzrə isə ödənilməmiş 210.37 manat əsas, 12.17 manat faiz borcu qalmışdır. Cavabdeh mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır.

9. Samux Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(058)-123/2025 nömrəli qətnaməsi ilə (hakim T.Kərimova) iddianın təmin edilməsi; iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış BPM**********73 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 832.40 manat əsas, həmçinin TL-EE000818588 saylı, xx.xx.2023-cü il tarixli Tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 210.37 manat əsas, 12.17 manat faiz borcu olmaqla, ümumilikdə 1054.94 (bir min əlli dörd manat doxsan dörd qəpik) manat qəbul etdiyi miras həcmində tutularaq "xxxx" ASC-nə ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 30.96 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 739, 741, 1133.2, 1151.1, 1306.1, 1309-cu maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək “qəbul etdiyi miras həcmində tutulması” hissədə qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddia tələbinin təmin olunmasına baxmayaraq məhkəmə qət etdi hissədə borcun “qəbul etdiyi miras həcmində tutulmasını” qeyd etmişdir. Belə olduğu halda qətnamənin icrası gələcəkdə mümkün olmayacaq.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddia tələbinin təmin olunmasına baxmayaraq məhkəmə qət etdi hissədə “borcun qəbul etdiyi miras həcmində tutulmasını” qeyd etmişdir. Belə olduğu halda qətnamənin icrası gələcəkdə mümkün olmayacaq. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, “borcun qəbul etdiyi miras həcmində tutulması” hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

20. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (24 fevral 2023-cü il tarixədək olan redaksiyada)

23. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (24 fevral 2023-cü il tarixədən sonra olan redaksiyada)

24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. (24 fevral 2023-cü il tarixədək olan redaksiyada)

25. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (24 fevral 2023-cü il tarixədən sonra olan redaksiyada)

26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən iəğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında qətnamə qəbul edə bilər.

33. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi əsasları: 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi “borcun qəbul etdiyi miras həcmində tutulması” hissədə mübahisələndirildiyindən hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" ASC ilə X1 arasında bağlanmış 11 yanvar 2023-cü il tarixli tam kart çərçivə müqaviləsinə əsasən sonuncuya 400 manat kart krediti limiti, 16 may 2023-cü il tarixli BPM**********73 saylı kredit müqaviləsinə əsasən 1600 manat nağd kredit verilmişdir. X5 14 yanvar 2024-cü ildə ölmüşdür. Arzu Qarayevin ölümündən sonra 16 may 2023-cü il tarixli BPM**********73 saylı kredit müqaviləsi üzrə 832.40 manat manat əsas, 11 yanvar 2023-cü il tarixli TL- EE000818588 saylı tam kart müqaviləsi üzrə 210.37 manat əsas, 12.17 manat faiz borcu olmaqla, cəmi 222.54 manat kredit borcu yaranmışdır. İki müqavilə üzrə ümumi borc 1054,94 manatdır. 1 saylı Gəncə Regional “ASAN” xidmət mərkəzində fəhaliyyət göstərən notariat ofisi tərəfindən miras qoyan X3 atası Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən kreditor Cavabdeh qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

40. Yuxarıda da qeyd olunduğu kimi qətnamə kredit borcunun “qəbul etdiyi miras həcmində tutulması” hissədə mübahisələndirilmişdir. Qətnamə mübahisələndirilən hissədə kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir.

41. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

42. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

43. Hazırkı iş üzrə cavabdeh (vərəsə) Cavabdeh miras aktivini qəbul etdiyinə görə bilavasitə miras passivini də qəbul etmiş olur və beləliklə miras qoyanın kreditorunun mənafelərini ödəməyə borcludur.

44. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

45. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

46. Yuxarıda da qeyd olunduğu kimi X3 iddiaçı "xxxx" ASC-yə iki müqavilə üzrə ümumilikdə ödənilməmuiş borcu 1054.94 manatdır. Cavabdeh keçən miras əmlak isə bank hesabında olan 786,18 manat əmanətdir.

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1307-ci maddəsində göstərilir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

48. Məhkəmə kollegiyası istinad olunan normanın dispozisiya şərtlərini hazırkı işin faktiki halları ilə sistemli şəkildə tədqiq edərək qeyd edir ki, cavabdeh (vərəsə) Cavabdeh mərhum borclu Arzu Qarayevin borcunun sonuncudan miras qalmış əmlakdan çox olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunvericilik miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsini vərəsənin üzərinə qoymuşdur.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2. maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 50 Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi "xxxx" ASC ilə X5 arasında bağlanmış BPM**********73 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 832.40 manat əsas, həmçinin TL-EE000818588 saylı, xx.xx.2023-cü il tarixli Tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 210.37 manat əsas, 12.17 manat faiz borcu, iki müqavilə üzrə ümumilikdə 1054.94 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi hissədə gəldiyi nəticə qanuni və əsaslı olsada, lakin qeyd olunan borcun tutulmasının “qəbul etdiyi miras həcmində” hissədə gəldiyi nəticə düzgün olmamışdır.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Samux Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(058)-123/2025 nömrəli qətnaməsi kredit borcunun “qəbul etdiyi miras həcmində tutulması” hissədə ləğv edilməlidir.

52. Qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(058)-123/2025 nömrəli qətnaməsi kredit borcunun “qəbul etdiyi miras həcmində tutulması” hissədə ləğv edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar