Məhkəmə qərarları › İş №2(104)-1090/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1090/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1090/2025 15.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Vəliyeva (Möyləyeva) Validə İzzət qızı, Cavabdeh2 və Cavabdeh4 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Vəliyeva (Möyləyeva) Validə İzzət qızı, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(015)- 151/2025 nömrəli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kreditor İddiaçı QSC ilə borcalan X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 016A********** saylı kredit müqaviləsinə əsasən, sonuncuya aylıq faiz dərəcəsi 1.8333 faiz оlmaqla 48 ay müddətinə 9700 manat məbləğində kredit verilmişdir;

2. Kreditor İddiaçı QSC ilə borcalan X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 016A********** saylı kredit müqaviləsindən görünür ki, sonuncuya aylıq faiz dərəcəsi 2.0833 faiz оlmaqla 36 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir;

3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir;

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X9 və ailə üzvlərinin (5 nəfər subyekt) adına Ağstafa rayonu Köçəskər kəndi ərazisində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-904 nömrəli xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir;

5. Ağstafa rayon İcra Hakimiyyətindən verilmiş 10 may 2024- cü il tarixli, 5-33/2- 446/2024 nömrəli cavab məktubundan görünür ki, mərhum İzzət Mövləyevin atası mərhum X3 adına olan torpağa mülkiyyət hüququna dair JN-904 nömrəli dövlət aktında ailə üzvlərinə (ümumi birgə pay) 0,74 ha pay torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsindən mərhumun ailə üzvləri istifadə edir. (məktuba əlavə edilmiş Ağstafa rayonu Köçəsgər bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 127 nömrəli məktubundan görünür ki, həmin torpaq sahəsindən X4 anası Cavabdeh4, arvadı Cavabdeh1 və uşaqları Vəliyeva (Möyləyeva) Validə İzzət qızı və Cavabdeh2 istifadə edirlər);

6. Ağstafa rayon notariat ofisinin 14 mart 2024-cü il tarixli 159 nömrəli məktubundan görünür ki, mərhum X4 miras əmlakına dair vərəsəlik işi açılmamışdır;

7. Xəbərdarlıqdan görünür ki, cavabdehlərə kredit borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Vəliyeva (Möyləyeva) Validə İzzət qızı, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 8177,97 manat məbləğində kredit bоrcu, 1681,56 manat məbləğində faiz bоrcu və 474,48 manat məbləğində cərimə olmaqla, cəmi 10334,01 manat, xx.xx.2023-cü il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 5858,49 manat məbləğində kredit bоrcu, 1313,96 manat məbləğində faiz bоrcu və 323,54 manat məbləğində cərimə olmaqla, cəmi 7495,99 manat, ümumilikdə 17830 manat məbləğində bоrcun və ödənilmiş 143,49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, X6 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 016A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X8 aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9700 (doqquz min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1522,03 manat ödəniş etmiş və оnun iddiaçıya 8177,97 manat məbləğində kredit bоrcu qalmışdır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 360 gün üçün hesablanmış faiz borcu 1681,56 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 360 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 474,48 manat təşkil edir. Bundan başqa, X6 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 016A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X8 aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 641,51 manat ödəniş etmiş və оnun iddiaçıya 5858,49 manat məbləğində kredit bоrcu qalmışdır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 346 gün üçün hesablanmış faiz borcu 1313,96 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 346 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 323,54 manat təşkil edir. AR DİNin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışdan cavabdeh X4 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5- 33/2- 627/2024 saylı arayışa əsasən məlum olmuşdur ki, mərhum X4 adında qeydiyyatda olan 0.74 ha torpaq sahəsindən hal-hazırda mərhumun anası Cavabdeh4, həyat yoldaşı X7, övladı X10 və X11 qeyd olunan torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən o tərəfindən qəbul edilmiş hesab edildiyindən anası Cavabdeh4, həyat yoldaşı X7, övladı X10 və X11 mərhum X4 faktiki vərəsələri hesab edilir. Cavabdehlər kredit borcunu ödəmədiyindən iddiaçı təşkilat hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum İzzət onun həyat yoldaşı olmuşdur. Mərhum yoldaşının kredit götürməsindən məlumatı olmamışdır. İzzət həmin kredit məbləğini onlara xərcləməmişdir. Mərhum vəfat etməmişdən əvvəl X20 sürücü işləmişdir. Digər cavabdeh Validə və Leyla onların qızıdır. Validə 13 ildir ki, ailə quraraq Zərdab rayonuna köçmüş, həmçinin Leyla da 10 ildir ki ailə quraraq hazırda Bakı şəhərində yaşayır. Qeyd edilən torpaq sahəsini onlar istifadə etmir və mirasın qəbulu ilə bağlı notariusa ərizə verməmişdir. Özü hazırda qaynanasının himayəsində yaşayır və krediti ödəməyə imkanı yoxdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum İzzət onun oğludur. Oğlunun kredit götürməsindən məlumatları olmamışdır. Gəlini Şəlalə hazırda onun himayəsindədir və hazırda onun pensiya məbləği ilə dolanırlar. Qeyd edilən torpaq sahəsini onlar istifadə etmirlər, torpaq sahəsinin heç yerini bilmirlər və mirasın qəbulu ilə bağlı notariusa ərizə verməmişlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

12. Ağstafa Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(015)-151/2025 nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 (Möyləyeva), Cavabdeh2 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddiasının təmin edilməməsi; İş üzrə ödənilmiş 143,49 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1, 1243.2, 1243.3 və 1306-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı QSC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı QSC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, miras əmlaka vəfat edən şəxsin yalnız aktivi (hüquqlar) deyil, həmçinin passivi (öhdəlikləri) də daxildir. Bununla yanaşı, qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. İş materiallarına əlavə edilmiş Ağstafa rayon İcra Hakimiyyətindən verilmiş 10 may 2024-cü il tarixli 5-33/2-446/2024 nömrəli məktubdan görünür ki, mərhum İzzət Mövləyevin atası mərhum X3 adına olan torpağa mülkiyyət hüququna dair JN-904 nömrəli dövlət aktında ailə üzvlərinə (ümumi birgə pay) 0,74 ha pay torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsindən mərhumun ailə üzvləri istifadə edir. Məhkəmə Mülki Məcəllənin 1151.1-ci maddəsini düzgün tətbiq etməmiş və miras əmlakına mərhumun öhdəliklərinin də daxil olduğuna düzgün hüquqi qiymət verməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh İzzət Möyləyev bankla bağladığı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, vəfat etmişdir. Hazırda onun vərəsələri, yəni ailə üzvləri olan iş üzrə cavabdehlər rəsmi qaydada vərəsəliyi qəbul etməsələr də, faktiki mirası qəbul etdikləri halda kredit borcunu ödəmirlər. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, kredit borcunun ödənilməsi barədə cavabdehlərə 2024-cü ilin iyul ayında rəsmi xəbərdarlıq göndərilmişdir. Müxtəlif orqanlara sorğular göndərmişlər, həmin sorğulara cavab olaraq hazırkı iş üzrə cavabdehlərin borclu İzzət Möyləyevin vərəsələri olduğu, ondan torpaq sahəsinin miras qaldığı və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən faktiki istifadə olunduğu müəyyən edilmişdir.

18. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 443. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

24. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

28. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

29. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 8177,97 manat əsas, 1681,56 manat faiz və 474,48 manat cərimə borcu olmaqla, cəmi 10334,01 manat, xx.xx.2023-cü il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 5858,49 manat əsas, 1313,96 manat faiz və 323,54 manat cərimə borcu olmaqla, cəmi 7495,99 manat, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 17830 manat bоrc və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 143,49 manat cavabdehlər Cavabdeh1, Vəliyeva (Möyləyeva) Validə İzzət qızı, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

41. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı QSC ilə borcalan X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 016A********** saylı kredit müqaviləsinə əsasən, sonuncuya aylıq faiz dərəcəsi 1.8333 faiz оlmaqla 48 ay müddətinə 9700 manat məbləğində kredit verilmişdir. Həmçinin, kreditor İddiaçı QSC ilə borcalan X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 016A********** saylı kredit müqaviləsindən görünür ki, sonuncuya aylıq faiz dərəcəsi 2.0833 faiz оlmaqla 36 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - anası Cavabdeh4, arvadı Cavabdeh1 və uşaqları Vəliyeva (Möyləyeva) Validə İzzət qızı və Cavabdeh2 olmuşlar. Mərhum borcludan miras qalan əmlak isə Ağstafa rayonu Köçəskər kəndi ərazisində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payına düşən hissə olmuşdur. Mərhum borclunun ölümündən sonra ondan miras qalan torpaq sahəsi qanun üzrə birinci növbəli vərəsələri tərəfindən istifadə edilməklə miras əmlak onlar tərəfindən faktiki qəbul edilmişdir. Bununla belə, mərhum borclu iddiaçı banka xx.xx.2022ci il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 8177,97 manat əsas, 1681,56 manat faiz və 474,48 manat cərimə borcu olmaqla, cəmi 10334,01 manat; xx.xx.2023-cü il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 5858,49 manat əsas, 1313,96 manat faiz və 323,54 manat cərimə borcu olmaqla, cəmi 7495,99 manat, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 17830 manat ödənilməmiş borcu qalmışdır. Kreditor İddiaçı QSC tərəfindən mərhum borclunun mirası qəbul etmiş vərəsələri olan cavabdehlərə miras qoyanın borcunun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

42. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehlər mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə verməmiş, qeyd edilən torpaq sahəsini faktiki istifadə etməmişlər. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ifadələrində mərhum İzzət Möyləyevin sağ ikən Bankdan kredit götürməklərindən ümumiyyətlə xəbərləri olmamasını bildirmişlər. Həmçinin onlar qeyd edilən torpaq sahəsindən istifadə etməmələrini, torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını bilmədiklərini bildirmişlər. Cavabdehlər mirasın aktivini qəbul etmədikləri halda, mirasın passivini qəbul etmiş hesab edilə bilməzlər. Cavabdehlərin kənd təsərrüfatlı torpaqdan hansı qaydada və hansı vaxtdan istifadə etmələri müəyyən deyil. Ağstafa rayon İcra Hakimiyyətindən verilmiş məktubda, mərhum X2 miras qalmış torpaqdan İzzət Mövləyev, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birgə istifadəçisi kimi qeyd adları qeyd olunmuşdur. Həmin məktubda kredit götürən - İzzət Mövləyevdən miras qalmış torpaqdan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 istifadə etmələri göstərilməmişdir. Torpaq sahəsini faktiki idarə etmək dedikdə onu əkib-becərmək və məhsul əldə etmək başa düşülür. Belə bir dəlil, sübut mövcud deyil. Cavabdehlərin torpaq sahəsindən faktiki istifadə etmələri elə bir mötəbərliklə sübut olunmalıdır ki, onu təkzib etmək mümkün olmasın.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

44. Mülki qanunvericiliyə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

45. Nəzərə almaq lazımdır ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı).

46. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

47. Hazırkı işin müəyyən edilmiş və faktiki hallarından görünür ki, mərhum İzzət Mövləyevin atası mərhum X3 adına olan torpağa mülkiyyət hüququna dair JN-904 nömrəli dövlət aktında ailə üzvlərinə (ümumi birgə pay) 0,74 ha pay torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsindən mərhumun ailə üzvləri Cavabdeh4, arvadı Cavabdeh1 və uşaqları Vəliyeva (Möyləyeva) Validə İzzət qızı və Cavabdeh2 istifadə edirlər. Bu hal Ağstafa rayon İcra Hakimiyyətindən verilmiş 10 may 2024- cü il tarixli, 5-33/2-446/2024 nömrəli cavab məktubu ilə öz təsdiqini tapır.

48. Cavabdehlər (vərəsələr) Cavabdeh4, arvadı Cavabdeh1 və uşaqları Vəliyeva (Möyləyeva) Validə İzzət qızı və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 miras aktivini qəbul etdiyinə görə bilavasitə miras qoyanın miras passivini də qəbul etmiş olurlar və beləliklə miras qoyanın kreditorunun mənafelərini ödəməyə borcludurlar.

49. İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən müəyyən olunur ki, mərhum X1nun xx.xx.2022-ci il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 8177,97 manat əsas, 1681,56 manat faiz və 474,48 manat cərimə borcu olmaqla, cəmi 10334,01 manat; xx.xx.2023-cü il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 5858,49 manat əsas, 1313,96 manat faiz və 323,54 manat cərimə borcu olmaqla, cəmi 7495,99 manat, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 17830 manat borcu vardır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, maliyyə arayışında kredit müqaviləsi üzrə əsas və faiz borcu dəqiqliklə göstərilmişdir. Arayışda göstərilən məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal yoxdur. Digər tərəfdən cavabdehlər də bu barədə hər hansı arqument irəli sürməmişlər. Həmin arayışın mötəbərliyini şübhə altına alacaq hər hansı əsas olmamaqla məsələnin həlli baxımından hər hansı xüsusi biliyin tətbiqinə də zərurət yoxdur. Həmçinin, kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqavilələri üzrə tələb olunan dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayılmır. Ona görə də kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcu maliyyə arayışında göstərilən məbləğ üzrə müəyyən edilməlidir.

51. Mərhum X1nun İddiaçı QSC-yə olan cəmi borcu 17830 manat təşkil edir. Mülki Məcəllənin 1307-ci maddəsində göstərilir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İstinad olunan normanın dispozisiya şərtlərinindən aydın şəkildə görünür ki, qanunvericilik miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsini vərəsənin üzərinə qoymuşdur. Hazırkı işdə isə cavabdehlər (vərəsələr) mərhum X1nun borcunun sonuncudan miras qalmış əmlakdan çox olması barədə məhkəməyə sübut təqdim etməmişlər. Odur ki, miras passivi tam həcmdə mərhum borclunun vərəsələrindən tutulmalıdır.

52. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar vardır. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməyərək iddianı təmin etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

53. Bundan əlavə, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 143.49 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin vəsait cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(015)-151/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 8177,97 (səkkiz min bir yüz yetmiş yeddi manat doxsan yeddi qəpik) manat əsas, 1681,56 (bir min altı yüz səksən bir manat əlli altı qəpik) manat faiz və 474,48 (dörd yüz yetmiş dörd manat qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 10334,01 (on min üç yüz otuz dörd manat bir qəpik) manat, xx.xx.2023-cü il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 5858,49 (beş min səkkiz yüz əlli səkkiz manat qırx doqquz qəpik) manat əsas, 1313,96 (bir min üç yüz on üç manat doxsan altı qəpik) manat faiz və 323,54 (üç yüz iyirmi üç manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 7495,99 (yeddi min dörd yüz doxsan beş manat doxsan doqquz qəpik) manat, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 17830 (on yeddi min səkkiz yüz otuz) manat bоrc və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 143,49 (bir yüz qırx üç manat qırx doqquz qəpik) manat cavabdehlər Cavabdeh1, Vəliyeva (Möyləyeva) Validə İzzət qızı, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar