Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1091/2023 02.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(021)-300/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bərdə rayonu Mollagüllər kəndində yerləşən “torpağa mülkiyyət hüququna” dair JN-273 KOD 61014038 nömrəli dövlət aktı əsasında ona və ailə üzvlərinə məxsus olan 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,12 ha hissəsini 2019-cu ilin yanvar ayından etibarən zəbt etməklə, daha sonra isə 2020-ci ildə oradan kanal çəkməklə istifadə etməyinə 4 il ərzində imkan verməməklə ona vurduğu maddi zərərin əvəzi olaraq 1296 (bir min iki yüz doxsan altı) manat pulun, həmçinin hazırki iddia tələbinə məhkəmədə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 33 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(021)-300/2023 nömrəli qətnaməsi ilə (hakim: F.Babaşov) iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyanla bağlı 972 (doqquz yüz yetmiş iki) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə ona və ailə üzvlərinə Bərdə rayonu Mollagüllər kəndi ərazisində cəmi 2,12 ha kənd təsərrüfatı təyinatlı pay torpağı verilmişdir. Bu barədə onlara “torpağa mülkiyyət hüququna” dair JN-273 KOD 61014038 saylı dövlət aktı da verilməklə həmin torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Sözügedən dövlət aktı ilə həm də 2,12 ha torpaq sahələrinin koordinatları və plan cizgiləri də dəqiq müəyyən edilmişdir. 1998-ci ildən etibarən bu torpaqda həmişə buğda əkmişdir və hər hektardan 45 sentnerdən artıq məhsul götürmüşdür. Cavabdeh 11 yanvar 2019-cu ildə həmin torpağın bir hissəsini qanunsuz olaraq zəbt etmiş, həmçinin zəbt etdiyi hissədə sonradan özbaşına olaraq dərin kanal da çəkmişdir. Onun tərəfindən Cavabdeh qarşı Bərdə Rayon Məhkəməsində “torpaqdan çıxarılma” tələbinə dair iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(021)-2145/2019 nömrəli qətnaməsi ilə (X23) iddia qismən təmin edilmişdir. Cavabdeh JN-273 KOD 61014038 saylı “torpağa mülkiyyət hüququna” dair dövlət aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu Mollagüllər kəndində yerləşən 2,12 ha torpaq sahəsinin 0,12 ha hissəsindən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi hakim X17, hakimlər X10 və X6) xx.xx.2022-ci il tarixli, 2(104)-242/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-2145/2022 saylı mülki iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bərdə Rayon Məhkəməsinin 2(021)-2145/2019 nömrəli qətnaməsini icra etmək əvəzinə təxminən 3 il sonra həmin qətnamədən əsassız apellyasiya şikayəti verməklə bərabər onun 0,13 ha pay torpaq sahəsi ilə zəbt etdiyi 0,12 ha pay torpaq sahəsinin arasında 2020-ci ildə dərin kanal çəkmiş, 2020-ci ildə 0,13 ha sahədə əkdiyi taxıl həmin kanala görə məhv olmuş və bu səbəbdən də ona maddi ziyan vurmaqda davam etmişdir. Bundan sonra Bərdə Rayon Məhkəməsində Cavabdeh qarşı bu dəfə “kanalın doldurulması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia qaldırmağa məcbur olmuşdur. Bərdə Rayon Məhkəməsi (X23) 01 iyul 2020-ci il tarixli, 2(021)-1781/2020 nömrəli qətnaməsi ilə Bərdə rayonu Mollagüllər kəndində yerləşən və İddiaçı məxsus torpaq sahəsində çəkilmiş arx Cavabdeh öz vəsaiti hesabına doldurulması, Cavabdeh 84 manat maddi ziyan və 20 manat dövlət rüsumu tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən və məruzəçi X4, hakimlər X17 və Süleymanov Loğman Sirac oğlundan ibarət tərkibdə) tərəfindən xx.xx.2021-ci il tarixli, 2(104)-1137/2021 nömrəli qətnamə ilə təmin edilməmişdir. Buna baxmayaraq Cavabdeh ona məxsus olan 0,13 ha və zəbt etdiyi ona məxsus olan 0,12 ha pay torpaq sahəsi arasında çəkdiyi kanalı 2022-ci ilin avqust ayınadək doldurmamış, nəhayət onun Azərbaycan Respublikasının ali hamiyyət orqanlarına çoxsaylı şikayətlərindən sonra Bərdə rayon İcra və Probasiya şöbəsi 2022-ci ilin avqust ayında kanalın cavabdeh tərəfindən qismən və başdan getdi doldurulmasını və 0,13 ha torpaq sahəsində əkdiyi taxılı biçə bilməməyi ilə əlaqədar ona vurduğu 84 manat maddi ziyanın və 20 manat dövlət rüsumunun ödənilməsini təmin etmişdir. Beləliklə də Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(021)-2145/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq Cavabdeh 11 yanvar 2019-cu ildən etibarən zəbt etdiyi 0,12 ha torpaq sahəsindən 4 ildir ki, istifadə etməyinə beləliklə də qazanc əldə etməyinə imkan verməmişdir. Əsassız apelyasiya şikayəti verib qətnamənin icrasını yubatmaqla, 0,13 ha torpağında zəbt etdiyi 0,12 ha torpaq sahəsinin icrasında qanunsuz kanal çəkməklə icradan qəsdən boyun qaçırmışdır. O, 2019-cu ilədək 2,12 ha pay torpaq sahəsində həmişə yüksək məhsuldarlığı olan buğda və ya yonca əkmişdir və hər hektardan 45-50 sentner buğda məhsulu əldə etmişdir. 2020-ci ildə isə istifadəsində qalmış 2 hektarda buğda əkmişdir. Lakin cavabdeh 11 yanvar 2019-cu ildən etibarən, yəni 4 ildir ki, həmin 0,12 ha torpaq sahəsində il ərzində 540 kq məhsul əldə etmək deməkdir. Hazırda 1 kq buğdanın bazar qiyməti 0,55-0,60 qəpik arasında dəyişir ki, 4 il ərzində hər il üçün 540 kq taxıl olmaqla cəmi 1260 kq qram taxıl hər kiloqramı 0,60 qəpik olmaqla cəmi 1296 manat ziyan dəymişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində heç bir mötəbər sübuta istinad edilməmişdir. Sözügedən torpaq sahəsi ona aid deyil, o, həmin torpaq sahəsindən istifadə etmir, istifadə etmədiyi bir torpağa görə niyə pul ödəməlidir. Əmtəəşünaslıq ekspertizası təyin edilsə məlum olacaq ki, sözügedən torpaq sahəsi ona aid deyil və həmin ərazidə onun torpağı yoxdur. Əvvəlki illərdə məhkəmə qətnaməsi var ki, icra və probasiya şöbəsinə göndərilmiş, 18 fevral 2020-ci il tarixdə isə icra və probasiya şöbəsinin qərarı var ki, yer ölçülərkən tələbkarın istifadəsində olmuşdur. Hazırda da öz istifadəsindədir. Həmin icra işinə xitam verilmişdir. Belə olduğu halda hansı torpaqdan istifadə etməyi məlum deyil. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, onlar qonşu deyillər. Torpaq sahələri ayrı-ayrı ünvanlarda yerləşir. Ekspertiza keçirilməmişdir. Qətnamə ilə bütün halları icra etmişdir. Onun həmin torpaqla heç bir əlaqəsi yoxdur. Torpaq sahəsi iddiaçının deyil öz dayısına məxsus olmuşdur. Dayısı vəfat etmiş, torpağın sənədi dayısının arvadının adınadır. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh onun torpaq sahəsini qanunsuz olaraq tutmuşdur. Hal-hazırda da 0.12 sot torpaqdan yenə istifadə edir. Cavabdeh həmin torpaq sahəsində yonca əkmişdir. O, əvvəllər yonca, taxıl əkmiş, 1 hektardan 4 ton taxıl götürmüşdür. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan: JN-273 KOD 61014038 torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə X11, X1, X7, X9 və X8 Bərdə rayon Mollagüllər kəndində 2,12 ha torpaq sahəsi ayrılmışdır. Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(021)-2145/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh JN-273 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququ”na dair Dövlət aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu Mollagüllər kəndində yerləşən 2,12 ha torpaq sahəsinin 0,12 ha hissəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(104)-242/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-2145/2019 saylı mülki iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bərdə Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(021)-1781/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Bərdə rayonu, Mollagüllər kəndində yerləşən və İddiaçı məxsus torpaq sahəsində çəkilmiş arxın Cavabdeh öz vəsaiti hesabına doldurulması, Cavabdeh 84 manat maddi ziyan və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(104)-1137/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(021)-1781/2020 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı arxın doldurulması və ziyan tələbinə dair iddiası qismən təmin edilmiş, Bərdə rayonu, Mollagüllər kəndində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş arxın Cavabdeh öz vəsaiti hesabına doldurulması, Cavabdeh 84 manat maddi ziyan və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 18 fevral 2020-ci il tarixli qərarının surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(021)-2145/2019 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Bərdə Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 8(021)-434/2022 nömrəli qərarının surətindən görünür ki, tələbkar İddiaçı şikayəti təmin edilmiş, Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2145/19 saylı icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 23 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(021)- 2145/2019 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X22 Mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, MİHO/1.2.25-2-2022-121 nömrəli sənəddən görünür ki, Bərdə rayon Mollagüllər kənd ərazisində yerləşən pay torpağında il ərzində 1 ha 45 sentner yəni 4500 kq buğda məhsulu əldə etmək mümkündür ki, bu da 0,12 ha yerdən 540 kq məhsul əldə etmək deməkdir. Hal-hazırda 1 kq buğdanın bazar qiyməti 0.55-0.60 qəpik arasında dəyişir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin 17 noyabr 2022-ci il tarixli, 148687/06 nömrəli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1137 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Bərdə rayonu Mollagüllər kəndində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş arx Cavabdeh öz vəsaiti hesabına doldurulmuş, Cavabdeh 84 manat maddi ziyan və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilmişdir. İcra işinin icraatına xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2019-cu ildən tərəflər arasında torpağa dair məhkəmə mübahisəsi olmuş, həm Bərdə Rayon Məhkəməsinin, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh İddiaçı məxsus olan torpaq sahəsini zəbt etməsi təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi 3 il ərzində cavabdeh tərəfindən zəbt edildiyindən həmin illər ərzində iddiaçının həmin torpaq sahəsindən gəlir əldə etməməsi nəticəsində dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, iddiaçının cavabdehə qarşı “kanalın doldurulması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia qaldırması və nəticədə Bərdə Rayon Məhkəməsinin (X23) 01 iyul 2020-ci il tarixli, 2(021)-1781/2020 nömrəli qətnaməsi ilə Bərdə rayonu Mollagüllər kəndində yerləşən və İddiaçı məxsus torpaq sahəsində çəkilmiş arxın Cavabdeh öz vəsaiti hesabına doldurulması qət edilmiş və həmin qətnamə apellyasiya instansiya məhkəməsi tərəfindən qüvvəsində saxlandıqdan sonra 2022-ci ilin avqust ayında icra edilərək cavabdeh tərəfindən doldurulmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddiaların məhkəməyə irəli sürüldüyü vaxt olan 2019-cu ildən qətnamənin icra edildiyi 2022-ci il tarixədək olan müddəti və həmin müddətdə iddiaçının ailə üzvləri ilə birlikdə ona məxsus torpaq sahəsindən istifadə edə bilməməsini nəzərə alaraq məhkəmə dəymiş ziyanın 3 il ərzində hesablanmalı olması qənaətinə gəlir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X22 Mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, 2-2022-121 nömrəli sənəddən görünür ki, Bərdə rayon Mollagüllər kəndində yerləşən pay torpağında il ərzində 1 ha 45 sentner yəni 4500 kq buğda məhsulu əldə etmək mümkündür ki, bu da 0,12 ha yerdən 540 kq məhsul əldə etmək deməkdir. Hazırda 1 kq buğdanın bazar qiyməti 0.55-0.60 qəpik arasında dəyişir. Göründüyü kimi, iddiaçı cavabdehin torpaq sahəsini zəbt etməsi nəticəsində 3 il ərzində 0,12 ha torpaq sahəsində taxıl əkməklə 1 il üçün 540 kq taxıl bitkisi olmaqla 3 il ərzində cəmi 1620 kq taxıl bitkisi əldə edə bilməmişdir ki, 1 kq buğdanın halhazırkı bazar qiyməti 0.55-0,60 qəpik arasında dəyişir ki, 1620 kq taxılın bazar qiyməti 972 manat təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, məhkəmə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış münasibətlər maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən normalar əsasında həll edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. İddia tələbinin maddi zərərlə bağlı hissəsinin hüquqi əsaslarından birini təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsidir. Həmin maddədə deyilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericilik zərərin əvəzinin ödənilməsini tələb etməyi nəzərdə tutmuşdur və bu yalnız hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olduğu halda mümkündür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası cavabdehin şikayətində göstərdiyi “sözügedən torpaq sahəsi ona aid deyil, o, həmin torpaq sahəsindən istifadə etmir, istifadə etmədiyi bir torpağa görə niyə pul ödəməlidir” dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlilii əsassızdır. Belə ki, iş materiallarında olan və qanuni qüvvəsini almış Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(021)- 2145/2019 nömrəli qətnaməsində əksini tapmış Azərbaycan Respublikası ƏMDK yanında Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, 3096 saylı mütəxssis rəyindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN-273 (kod ********) saylı Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi paylı mülkiyyətlərində olan, Bərdə rayonu, Mollagülər kəndi ərazi vahidinin hüdudları daxilində yerləşən 2.12 ha torpaq sahəsinin bir hissəsi 0.12 ha Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə kollegiyası həmçinin cavabdehin şikayətində göstərdiyi “18 fevral 2020-ci il tarixdə isə icra və probasiya şöbəsinin qərarı var ki, yer ölçülərkən tələbkarın istifadəsində olmuşdur” dəlili ilə bağlı qeyd edir ki, həmin qərar mövcud olsa da, sonradan Bərdə Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 8(021)-434/2022 nömrəli qərardadına əsasən tələbkar İddiaçı şikayəti təmin edilmiş, Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2145/19 saylı icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Ona görə də, cavabdehin bu dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(021)-300/2023 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(021)-300/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1091/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1091/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver