Məhkəmə qərarları › İş №2(104)-1092/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1092/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1092/2023 02.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-307/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 02 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Cavabdeh Bərdə Rayon Polis Şöbəsində veriyi izahatdan görünür ki, Cavabdeh izahatında İddiaçı ona 3000 manat borc verdiyini etiraf edərək həmin pulu hissə-hissə iddiaçıya qaytardığını göstərmişdir.

2. İş materiallarında olan İddiaçı Bərdə Rayon Polis Şöbəsində veriyi izahatdan görünür ki, Cavabdeh borclu olduğu məbləğdən 140 manatını ona ödəmiş qalan məbləği borclu qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh presbağlayanın alınmasına görə verdiyi 4500 manat pulun və 60 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1955-ci il təvəllüdlü olmaqla 7 uşaq atasıdır. Pensiyaçıdır. X1 Bərdə rayon Alpoud kənd sakini, hazırkı iş üzrə Cavabdeh ilə ailə həyatı qurmuş və həmin kəndə gəlin köçmüşdür. 2020-ci ilin yaz aylarında qızı Xuramanın həyat şəratinin yaxşılaşdırılması üçün Bəylər traktoru olduğundan ona presbağlayan almağı bildirmişdir. O, isə cavabdehə traktorunun presbağlayan üçün olan qoşqusunun işlədiyini bildirmişdir. Cavabdeh isə ona traktoru olan Elmir adlı şəxs olduğunu, Elmirin traktorun qoşqusunu yığdığını, ehtiyat hissələrini Elmirlə gedib Yevlaxdan alıb gətirərək Elmirin həmin traktoru yığmasını bildirimişdir. O, Kərim, Bəylər və Elmir ilə birlikdə gedərək Yevlaxdan 1.100 manatlıq ehtiyat hissələri almışdır. Elmir traktorun qoşqusunu yığmış və presbağlayan axtarmağa başlamışlar. Bəylər ona presbağlayan tapdığını, 6000 manata satıldığını demiş, o, isə cavabdehə onun gücünün çatmadığını, onun 3000 manat pulu olduğunu, əgər presbağlayanı nisyə satsalar hər üz ot biçinində 1000 manat verəcəklərini demişdir. Bəylər ona həmin şəxslə məsləhətləşəcəyini demişdir. Bir gündən sonra Bəylər gələrək həmin şəxsin razılaşdığını və hər ay 1000 manat verərəcəklərini bildirmişdir. O, 3000 manatı Bəylərə vermiş, Bəylər gedib presbağlayan alıb gətirmiş, oğlu Kərimlə 1 həftə svarka və laqonda ilə işləyib təmir etmişlər. Sonra Bəylər onun traktorula və 3000 manat verdiyi presbağlayanla sahədə işləməyə başlamışdır. Cavabdeh birinci üzü qurtaranda ikinci üz başlamaq üzrə olanda ona 500 manat pul vermişdir. Cavabdehdən həmin pulu nə üçün verdiyini soruşduqda cavabdeh ona xərcdən savayı evdə 1000 manat pul olduğunu 500 manatını ona gətirdiyini demişdir. Cavabdehdən borcu niyə vermədiyini soruşduqda cavabdeh borcunu verəcəyini demişdir. 10 gün keçdikdən sonra cavabdeh onlara gələrək biraz söhbət etdikdən sonra presbağlayanın sahibi onlara gəlmişdir.Oğlu ona zəng edərək harada olduğunu soruşduqda oğluna sahədə press bağladığını bildirmişdir. Bundan sonra onun yanına gəlmişlər. Presbağlayanın sahibi ona cavabdehin birinci üzdə 1000 manat verməli olduğunu deyərək pulunu tələb etmişdir. O da 1500 manatı presbağlayanın sahibinə ödəmişdir. Daha sonra cavabdeh onun pulunu qaytarmadığından məhkəməyə müraciət etməli olmuşdur.

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçının qızı ilə ailə qurmuş, lakin sonrdan münasibətləri pisləşdiyindən ayrılmışlar. Bu səbəbdən də iddiaçı cavabdehə qarşı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bərdə Rayon Məhkəməsinin 2(021)-307/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ( hakim: F.Babaşov) iddia qismən təmin edilmiş, Cavabdeh 2360 (iki min üç yüz altmış) manat məbləğində pulun və ödənilmiş 43,60 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-307/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir.

10. Qətnamədən həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-307/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, məhkəmə işi obyektiv araşdırmayaraq yanlış nəticəyə gəlmişdir. Belə ki, iş üzrə dindirilmiş şahidlər Zabil Zeynalov və Dünyamin Behbudlu da ifadələrində bildirmişlər ki, onların yanında iddiaçıya 1600 manat pulu verərkən aralarında hər hansı borcun qalmadığının şahidi olmuşlar. Lakin məhkəmə nəinki 1600 manat pulu qaytarmağını nəzərə almamış, ümumiyyətlə şahid ifadələrinə qiymət verməmişdir. Məhkəmə ümumi borc məbləğində 140 manat və 500 manatı nəzərə alıb borcdan silərkən hansı səbəbdən 1600 manatı hesaba almadığı barədə qətnamədə heç bir qeyd yazmamışdır. İdidaçıya 3000 manat pulu artıqlaması ilə qaytarmışdır. Belə ki, presbağlayan kombayn ilə qaynatası olduğuna görə neçə iilər iddiaçının yoncasını biçmiş, bunun müqabilində ondan bir manat da almamışdır. Əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə qətnamədə onun həyat yoldaşı ilə ayrılmağını göstərsə də, bu yanlış yazılmışdır. Qeyd olunanlardan görünür ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir, məhkəmə tərəfindən təqdim edilmiş sübutlar araşdırılmamışdır. Ona görədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi apellyasiya şikyətinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq bildirişdir ki, o, cavadehə presbağlayan almaq üçün əvvəlcə 3000 manat borc pul vermiş, daha sonra cavabdeh presbağlayanın pulunu tam ödəmədiyindən, əlavə olaraq da 1500 manat pul vermişdir. Lakin, cavabdeh həmin borcdan ona heç bir məbləğdə pul qaytarmamışdır. Cavabdehin ona verdiyi 500 manat və 140 manat pul məbləğləri isə presbağlayanın gətirdiyi qazancdan əldə edilmiş pul olmuşdur. Sonda iddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiasının tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh verdiyi apellyasiya şikyətinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq bildirişdir ki, o, presbağlayan almaq istəmiş, qaynanası bu məqsədlə kömək üçün ona 3000 manat pul verəcəyini ona bildirsə də, iddiaçı-qaynatası İddiaçı həmin məbləğdə pulu ona borc kimi vermiş və ona eşitdirmişdir ki, həmin pulu az-az qaytarsın. O da həmin məbləğdə pulu iddiaçıya hissəhissə qaytarmış, 3 il müddətində iddiaçının yoncasını bağlamış, onun müqabilində iddiaçıdan heç bir məbləğdə pul almamışdır. Hazırda onun iddiaçıya heçbir məbləğdə borcu qalmamışdır.Sonda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

25. Maddə 402.1 - Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. 29.Tərəflərin apellyasiya şikayətində göstərdiyi dəlilləri müzakirə edərək, kollegiya hesab edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas sayıla bilməz.

30. Belə ki, məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.

31. iş materiallarından müəyyən olunur ki, Cavabdeh Bərdə Rayon Polis Şöbəsində izahat vermiş, izahatdan görünür ki, Cavabdeh izahatında İddiaçı ona 3000 manat borc verdiyini etiraf edərək həmin pulu hissə-hissə iddiaçıya qaytardığını göstərmişdir. Beləliklə, iddiaçı cavabdehə 4500 manat məbləğində borc verdiyini iddia etsə də iş materialları, o cümlədən, cavabdehin işin bu halını etiraf edən izahatı ilə işin faktiki halı kimi müəyyən edilir ki, Cavabdeh İddiaçı 3000 manat məbləğində borc almışdır.

32. İddiaçı 3000 manat məbləğində pulu borc kimi cavabdehə verdiyi işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə həmin məbləğdə borcu qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Cavabdeh iddiaçıya olan borcunu tam qaytardığını bildirsə də, məhkəməyə öz izahatından başqa bu halı təsdiq edə bilən heç bir mötəbər sübut növünü təqdim edə bilməmişdir. Doğrudur ki, MPMin 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə olan halda cavabdehin izahatında göstərdiyi xüsusatları təsdiq edə bilən, əlaqəli, başqa sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu barədə mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası işin birinci instansiya məhkəməsinin icraatında olduğu zaman dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verib, hesab edir ki, həmin şahidlərin ifadələri işin hallarının müəyyən edilməsində mötəbər sübut növləri kimi qəbuledilən deyildir. MPM-in sübutlarla bağlı tələblərinə görə şahid ifadələrinin obyektivliyi hər bir halda qiymətləmdirmə obyekti olmalıdır. İş materiallarından müəyyən olunur ki, şahid Zabil Zeynalov 07 dekabr 2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında ifadə vermiş, digər şahid Dünyamin Behbudovun isə tərəflərə münasibəti aydınlaşdırılmamışdır. Ona görə də məhkəmə kollegiyası bu qənaətdədir ki, işin birinci instansiya məhkəməsinin icraatında olduğu zaman dindirilmiş şahidlərin ifadələri işin hallarının müəyyən edilməsində mötəbər sübut növləri kimi qəbuledilən deyildir. Yalnız iddiaçı cavabdehin ona 500 manat və 140 manat olmaqla cəmi 640 manat məbləğində pul verdiyini bildirmişdir. İddiaçı həmçinin izahatında həmin məbləğdə pulun cavabdehin aldığı borcdan deyıl, presbağlayanın gətirdiyi qazancdan əldə edilmiş pul olduğunu bildirmişdir. Kollegiya iddiaçının həmin dəlilini əsassız sayır, belə ki, tərəflər arasında presbağlayanla bağlı belə bir razılaşmanın olması iş materialları ilə müəyyən olunmur. Beləliklə, tərəflərin öz izahatlarından işin faktiki halı kimi müəyyən olunur ki, hazırda cavabdehin iddiaçıya 2360 manat məbləğində borcu qalmışdır.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini qismən təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

34. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə tərəflərin verdiyi apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-307/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 35.Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsini mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Haırki işdə də iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayətləri təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-307/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar