Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1094/2023 20.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı1 ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-126/2020 saylı mülki iş üzrə 24 yanvar 2020ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı1 ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 115.LN.2102.301014.00007 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana 12000 manat məbləğində kredit verir, borcalan istifadə etdiyi kreditə görə illik 28 % ödəyir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə qrafiki də tərəflər arasında razılaşdırılaraq imzalanmışdır. 2.İş materiallarında olan İddiaçı1 ASC və zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 İddiaçı1 ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 115.LN.2102.301014.00007 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərinin, o cümlədən borcalanın 12000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər.
3. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2183 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 30 oktyabr 2014-cü il tarixli, 115.LN.2102.301014.00007 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 29 oktyabr 2018-ci il tarixədək banka olan əsas borc üzrə 9510.14 manat, faiz borcu üzrə 7701.12 manat olmaqla, cəmi 17211.27 manat müəyyən olunur.
4. Mülki işin materiallarına əlavə olunan Problemli kreditlərin kompensasiyası ilə bağlı arayışdan görünür ki, sözügedən müqavilə üzrə Cavabdeh1 İddiaçı1 ASC-yə 8843.98 manat əsas borcu qalmışdır. Birinci instansiya məhkəməsində icraat İş üzrə qəbul edilmiş məhkəmə aktı
5. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı1 ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı1 ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 115.LN.2102.301014.00007 saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixində 115.LN.2102.301014.00007 saylı kredit müqaviləsinə əlavə razılıq No 1 üzrə 9518.34 manat əsas, 7607.94 manat faiz və 29.26 manat gecikdirməyə görə cərimə olmaqla, cəmi 17155.54 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli, 115.LN.2102.301014.00007 saylı kredit müqaviləsinə əsasən İddiaçı1 ASC tərəfindən Cavabdeh1 illik 28 faizlə, 36 ay müddətinə 12000 AZN məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixində 115.LN.2102.301014.00007 saylı kredit müqaviləsinə əlavə razılıq No 1 bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx.xx.2018-ci il tarixə Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli 115.LN.2102.301014.00007 saylı kredit müqaviləsi və 115.LN.2102.301014.00007 saylı kredit müqaviləsinə əlavə razılıq No 1 üzrə 9518.34 manat əsas, 7607.94 manat faiz və 29.26 manat gecikdirməyə görə cərimə olmaqla, cəmi 17155.54 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır.
7. Bərdə Rayon Məhkəməsinin 2(021)-126/2020 saylı mülki iş üzrə 24 yanvar 2020ci il tarixli qətnaməsi ilə (hakim: Ə.Kərimov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 9510.14 AZN əsas və 139.24 AZN faiz borcu və 5 AZN cərimə olmaqla, cəmi 9654.38 AZN (on yeddi min yüz iyirmi üç manat səkkiz qəpik) məbləğində pul və 30 AZN məbləğində dövlət rüsumunun tutulаrаq, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulаrаq, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-126/2020 saylı mülki iş üzrə 24 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, işə baxılmasının vaxtı və yeri barədə ona rəsmi məlumat verilməmişdir. Lazımi qaydada məlumatlandırılmadığından işə baxan hakim çəkişmə prinsipini pozmuşdur. Bundan başqa, məhkəmə kredit borcunun düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10 Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmənin sonuncu iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxilib yekun qərar qəbul edilməsinin mümkün sayaraq işə onların iştirakı olmadan baxmışdır.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
16. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
17. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 феврал 2019-cu il tarixli 551 saylı Fərmanı;
18. Bənd 6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 8.9. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
23. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
24. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası ilk növbədə şikayətin dəlillərindən olan məhkəmə iclasının cavabdehlərin iştirakının təmin edilməməsi məsələsinə qiymət verməyi zəruri hesab edir və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinəəsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişməsi əsasında həyata keçirilməsi prinsipi mülki prosesin bütün mərhələlərinə, o cümlədən apellyasiya və kassasiya icraatlarına da şamil edilir.
28. Bərdə Rayon Məhkəməsinin 2 (021)-126/2020 saylı mülki işin materiallarında məhkəmənin xx.xx.2020-ci il tarixə təyin edilmiş iclasının vaxtı və yeri barədə cavabdehlərə məhkəmə bildirişi göndərilmiş, məhkəmə isə bildirişin cavabdehlərə çatıb-çatmamasını dəqiqləşdirməmiş işə onların iştirakı olmadan baxmışdır. Belə ki, iş materiallarında qeyd edilən məhkəmə bildirişinin cavabdehlər tərəfindən qəbul edilməsi barədə heç bir sübut yoxdur. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsi ilə nəzərdə nunulmuşdur ki, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
29. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-126/2020 saylı mülki iş üzrə 24 yanvar 2020-ci il tarixli qətnaməsi bu səbəbdən tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
30. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit və zamin hüquq münasibətləri yaranmışdır. İddiaçı bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, iddiaçı tərəf məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmiş və məhkəmə iddia tələbini qismən təmin etmişdir.
31. Apellyator şikayətində həmçinin kredit borcunun düzgün hesablanmadığını iddia etmişdir.
32. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 феврал 2019-cu il tarixli 551 saylı Fərmanının 8.9-cu maddəsinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur.
33. Fərmanın qeyd edilən müddəasınа görə borcluların kredit borcu üzrə əsas borca əlavə olaraq faiz və cərimə məbləği hesablana bilməz. Buna baxmayaraq, iddiaçı tərəfindən faiz və cəriməyə aid hissədə hər hansı silinmələr həyata keçirilməmişdir.
34. Birinci instasiya məhkəməsinin hazırki iş üzrə qətnaməsinə əsasən cavabdehlərdən tutulmalı olan cəmi borc məbləği 9554.38 manat göstərilsə də, məhkəmə kollegiyasına təqdim olunmuş Problemli kreditlərin kompensasiyası ilə bağlı arayışından görünür ki, sözügedən müqavilə üzrə Cavabdeh1 İddiaçı1 ASC-yə 8843.98 manat əsas borcu qalmışdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 феврал 2019-cu il tarixli 551 saylı Fərmanının müddəalarına əsaslanaraq apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və cavabdehlərdən 8843.98 manat məbləğində- əsas borcun müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulmalı, qalan hissələrdə iddianın rədd edilməli olması qənaətinə gəlir.
35. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 2183 nömrəli rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğini təşkil etmişdir.
36. Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri cavabdeh tərərfə aid edilməli və onlardan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-126/2020 saylı mülki iş üzrə 24 yanvar 2020ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İrəli sürülən iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 8843.98 (səkkiz min səkkiz yüz qırx üç) manat 98 qəpik məbləğində pul tutularaq, İddiaçı1 ASC-nin hesabına ödənilsin. Kredit borcunun ödənilməsi tələbinin qalan hissəsində iddia təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Bu qətnamədən, оnun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə, оnun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.