Məhkəmə qərarları › İş №2(104)-1095/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1095/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1095/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Həbib qızının Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Həbib qızının iştirakı ilə, İddiaçı Həbib qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(013)-265/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin hallar 1.Ağdam rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 avqust 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Həbib qızının müraciətinə əsasən Cavabdeh ondan Agdam rayonu Zəngişanlı kəndində yaşadığı evin həyətyanı sahəsində 1550 manat pul alması, lakin geri qaytarmaması barədə məlumat daxil olmuşdur. Cavabdeh İddiaçı ictimai təşkilat yaradacağını, həmin təşkilatın fəaliyyətinə lazım olan avtomobl almaq məqsədi ilə ona pul lazım olduğunu bildirmiş bu səbəbdən cavabdehə 1500 manat borc pul vermişdir. Həmin ilin iyul ayında isə Cavabdeh yasa getmək məqsədi ilə 50 manat borc pul vermişdir. Bu barədə araşdırma aparılmışdır. 2.İşdə olan səs yazısı ilə müəyyən olunmuşdur ki, tərəflər öz aralarında iddia tələbi ətrafında müzakirələr aparmış cavabdeh iddiaçıya “mağdur”u qaytaracağına söz vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Həbib qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək 1550 manat məbləğində pulun, 124 manat məbləğində əldən çıxmış faydanın, 35.50 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1709.50 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəllər yaxşı münasibətdə olmuşlar. Cavabdeh ona ictimai təşkilat yaradacağını, həmin təşkilatın fəaliyyətinə lazım olan avtomobl almaq məqsədi ilə ona pul lazım olduğunu bildirmiş bu səbəbdən cavabdehə 1500 manat borc pul vermişdir. Həmin ilin iyul ayında isə yasa getmək məqsədi ilə 50 manat borc pul vermişdir. Cavabdeh tezliklə qaytaracağına söz vermişdir. Lakin cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh bu günə qədər borcun ödəməmişdir. 5.Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(013)-265/2023 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 1550 manat pulun və dövlət rüsumu qismində ödənilmiş 35.50 manat pul vəsaitinin tutularaq İddiaçı Həbib qızının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6.Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442 və 739.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 191.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri 7.Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(013)-265/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, o iddiaçıdan yas yerinə getmək üçün 50 manat borc almışdır. İddiaçıdan 1500 manat borc istəməmiş və almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş şəxsləri də tanımır və heç vaxt görməmişdir. Polis Şöbəsində aparılan araşdırma zamanı iddiaçı pulu Elsevər Kərimovdan almasını göstərməmişdir. Bu hal şahid kimi onun verdiyi ifadənin yalan olmasını bir daha təsdiq edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 9.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Həbib qızı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə əvvəllər yaxşı münasibətdə olmuşlar. Cavabdeh ona ictimai təşkilat yaradacağını, həmin təşkilatın fəaliyyətinə lazım olan avtomobl almaq məqsədi ilə ona pul lazım olduğunu bildirmiş bu səbəbdən cavabdehə 1500 manat borc pul vermişdir. Həmin ilin iyul ayında isə yasa getmək məqsədi ilə cavabdehə 50 manat borc pul vermişdir. Cavabdeh borcu tezliklə qaytaracağına söz vermişdir. Lakin cavabdehə dəfələrlə deməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. O, polisə şikayət etmiş, araşdırma aparılmış və ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Onlar arasında telefon danışıqları olmuş, cavabdeh ona “mağdur”u qaytaracağına söz vermişdir. Qarabağ zonasında həmin söz borcun qaytarılması kimi işlədilir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(013)-265/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq o, məhkəmə kollegiyasının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş iclasına gəlməmiş, teleqpamma vuraraq iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

33. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, işin araşdırılmış halı ilə müəyyən olunur ki, İddiaçı Həbib qızı Cavabdeh ilə əvvəllər yaxşı münasibətdə olmuşlar. Cavabdeh ona ictimai təşkilat yaradacağını, həmin təşkilatın fəaliyyətinə lazım olan avtomobl almaq məqsədi ilə ona pul lazım olduğunu bildirmiş bu səbəbdən iddiaçı cavabdehə 1500 manat borc pul vermişdir. Həmin ilin iyul ayında isə yasa getmək məqsədi ilə cavabdehin müraciətinə əsasən ona 50 manat borc pul vermişdir. Cavabdeh hər iki borcu tezliklə qaytaracağına söz vermişdir. Lakin iddiaçı cavabdehə dəfələrlə deməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Bundan sonra iddiaçı polisə şikayət etmiş, polisdə araşdırma aparılmış, iddiaçıya məhkəməyə müraciət etməsi izah edilmişdir. Tərəflər arasında telefon danışıqları olmuş, cavabdeh iddiaşıya “mağdur”u qaytaracağına söz vermişdir. İddiaçı izahatında Qarabağ zonasında “mağdur” sözü borcun qaytarılması kimi ifadə olunmasını bildirmişdir. Məhkəmə Kollegiyası tərəfindən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, əlavə olaraq cavabdehlə telefon əlaqəsi saxlanılmış, apellyasiya şikayəti ilə bağlı dəlillərinin araşdırılması üçün məhkəmə işlasında iştirakının zəruriliyi onun diqqətinə çatdırılmış və bu barədə telefonoqramma tərtib edilmişdir. Lakin, cavabdeh heç bir səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş, teleqpamma vuraraq iştirak edə bilməyəcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinə dair subutlarını nə birinci instansiya məhkəməsinə nədəki, Məhkəmə Kollegiyasına təqdim etməmişdir.

35. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və cavabdehin formal mülahizələrindən ibarətdir. 36.Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə tərəflərin səs danışıgı mötəbər sübut kimi qiymətləndirilir. Belə ki, həmin danışıq və səs yazısı əqdin tərəfləri üçün sirr deyil, sübut növüdür. 37.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir».

38. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

39. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(013)-265/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar