Məhkəmə qərarları › İş №2(104)-1099/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1099/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1099/2025 20.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(076)-487/2020 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 34R000001789 nömrəli kredit razılaşması üzrə 16872,75 ABŞ dolları əsas, 14497,25 ABŞ dolları faiz və 18078,74 ABŞ dolları cərimə olmaqla, cəmi 49448,74 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(076)-487/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli 34R000001789 nömrəli kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16872,75 ABŞ dolları əsas kredit borcu, 12151,01 ABŞ dolları faiz borcu və 170 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 29193,76 ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb İddiaçı QSCyə verilməsi; ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməsi; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat məbləğində pul alınıb İddiaçı QSC-yə verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məhkəmə xərci alınıb Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin faiz və cərimə borcu hissəsində təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli 2(104)-644/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(076)- 487/2020 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən xx.xx.2025-ci il tarixdə icra məmuru vasitəsilə xəbər tutmuşdur. MPM-nin 360-cı maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayəti vermişlər. Eyni zamanda apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi müəyyən olunur. Şəmkir Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(076)-487/2020 nömrəli qərardadı ilə (hakim Həvayət Məhəmmədi) Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-487/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 Avdılrəhman qızı və onun nümayəndəsi və vəkili Nümayəndə İnqilab oğlu tərəfindən verilmiş ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh2 şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin qaytaran birinci instansiya məhkəməsi MPM-nin 360-cı maddəsinə əsaslanaraq qeyd etmişdir ki, qətnamənin surəti guya cavabdehə xx.xx.2020-ci il tarixdə qəbzə imza atdırmaq ilə verilmişdir. Bununla bağlı qeyd edir ki, cavabdeh həmin vaxt qətnaməni götürməmiş, ümumiyyətlə məhkəməyə getməmiş, həmin vaxtlar onkoloji xəstəlikdən Bakı şəhərində müalicə almışdır. Qətnamədən bu günlərdə, yəni xx.xx.2025-ci il tarixdə icra məmuru vasitəsilə xəbər tutmuşdur. Ola bilsin ki, işdə belə bir qəbz var, amma qəbzdəki imza cavabdehə aid deyildir. Hesab edir ki, məhkəmə bunu aydınlaşdırmaq üçün xətşünaslıq ekspertizası təyin etməli idi. Həmçinin, işə əlavə edilən sənədlərdən görünür ki, cavabdeh onkoloji xəstəlikdən əziyyət çəkir. Şəmkir Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(076)-487/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(076)-487/2020 nömrəli qətnaməsinin surəti poçt vasitəsilə müşayiətedici məktubla Cavabdeh2 yaşadığı ünvana (Şəmkir, Qılıncbəyli kəndi) göndərilmiş və xx.xx.2020-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qətnamə rəsmi qaydada qəbul edilmişdir. Nəzərə almaq lazımdır ki, MPM-nin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin maddənin 5-ci bəndinə görə isə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdeh2 4 ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır və bununla bağlı aşağıdakıları qeyd edir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı). Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılmasına səbəb kimi məhkəmə qətnaməsinin surətinin ona rəsmi qaydada verilmədiyini göstərmişdir. Halbuki, yuxarıda da göstərildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixdə Cavabdeh2 rəsmi qaydada verilmişdir. Bununla belə, məhkəmə qətnaməsinin surətinin Cavabdeh2 rəsmi qaydada verilmədiyi öz təsdiqini tapdığı təqdirdə belə, bu hal özlüyündə buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Kollegiya diqqəti «Akif Həsənov Azərbaycana qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi qərarına çəkir. Həmin qərarda Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, «hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir». Cavabdeh2 birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında iştirak etməsə də, lakin mülki işin 87 və 142-ci səhifələrində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, o, məhkəmə tərəfindən ona işə baxılması barədə məlumat verilmişdir. Başqa sözlə, Cavabdeh2 hazırkı işin məhkəmənin icraatında olmasından və cavabdeh qismində proses iştirakçısı olmasından xəbərdar olmuşdur. Odur ki, məhkəmə qətnaməsindən 4 ildən artıq müddət məlumatsız olması barədə Cavabdeh2 arqumenti inandırıcı və məntiqli deyildir. «xx.xx.2020-ci il tarixdə qətnaməni götürməmiş, ümumiyyətlə məhkəməyə getməmiş, həmin vaxtlar onkoloji xəstəlikdən Bakı şəhərində müalicə almışdır. İşə əlavə edilən sənədlərdən görünür ki, onkoloji xəstəlikdən əziyyət çəkir» barədə cavabdehin arqumenti də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, yuxarıda da göstərildiyi kimi cavabdeh xx.xx.2020-ci il tarixdə qəbzə imza etməklə birinci instansiya məhkəməsinin qətnaməsini rəsmi qaydada qəbul etmiş, xx.xx.2020-cü il tarixdə də qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət bitmişdir. Ərizəyə əlavə edilmiş cavabdehə aid xəstəxana sənədləri isə xx.xx.2025-ci il tarixə aiddir. Bir sözlə, apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasının səbəbi kimi cavabdehin istinad etdiyi hadisə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət axımı bitdikdən 4 ildən artıq müddət sonra baş vermişdir. Odur ki, göstərilən hal da qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Şərh edilənlərin yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda göstərilənlərə istinadən şikayətin dəlilləri əsassız sayılmışdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(076)-487/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar