Məhkəmə qərarları › İş №2(104)-110/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-110/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-110/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun qaytarılması; Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(013)-1755/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 20 oktyabr 2022-ci il tarixli 1301nkSUM/22 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana 60 ay müddətinə, illik 18 faizlə 8972 manat kredit verilmişdir;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 09 dekabr 2024-cü il tarixli 9/9434 nömrəli ekspert rəyindən görünür ki, tərəflər arasında imzalanmış 20 oktyabr 2022-ci il tarixli 1301nkSUM/22 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə xx.xx.2023-cü il tarixə əsas borcu 8942.18 manat, faiz borcu isə 682,81 manat təşkil edir;

3. Kreditor "xxxx" KB ASC-nin borcalan Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, bildiriş tərtib edilən tarixə 20 oktyabr 2022-ci il tarixli 1301nkSUM/22 nömrəli kredit müqaviləsi üzrə 8942,18 manat əsas, 270,12 manat faiz və 4,84 manat cərimə borcu olmaqla, cəmi 9217,14 manat borcu mövcuddur. Bank tərəfindən borcalana borcun bütövlükdə ödənilməklə kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks halda borcun tutulması barədə iddia ilə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 8942,18 manat əsas, 686,69 manat faiz, 32,81 manat cərimə borcu olmaqla, cəmi 9661,68 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 117,02 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı "xxxx" KB ASC tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 20 oktyabr 2022-ci il tarixli 1301nkSUM/22 nömrəli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 18 faizlə 8972 manat kredit verilmişdir. Buna baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır.

6. Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(013)-1755/2023 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia təmin edilərək, Cavabdeh 8942,18 manat əsas, 686,69 manat faiz, 32,81 manat cərimə, cəmi 9661 (doqquz min altı yüz altmış bir) manat 68 (altmış səkkiz) qəpik və ödənilmiş dövlət rüsumu əəzində 117,02 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 462.1 və 462.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, o, bankdan kredit götürəndən sonra bank qarşısında öhdəliyini tam olaraq yerinə yetirməmişdir. Halbuki, banka böyük məbləğdə ödənişlər etmiş və kredit müqaviləsi üzrə təxminən 5000 manat borcu qalmışdır. Buna baxmayaraq, bank tərəfindən yüksək məbləğdə faiz borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışındakı əsas və faiz borcu ilə bağlı məlumatları araşdırmamış, onun tərəfindən edilmiş ödənişlər olmasına baxmayaraq, əsas və faiz borcunun hansı səbəbdən yüksək olmasına aydınlıq gətirməmişdir. Halbuki, göstərilən halların aydınlaşdırılması üçün iş üzrə mühasibatlıq ekspertizası təyin edilməli idi.

c) Apellyasiya instansiyasında icraat:

10. Apellyasiya baxışı zamanı "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də xahiş edir ki, apellyasiya şikayəti təmin edilməsin, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

19. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştiraçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh 686,69 manat faiz, cəmi 9661 (doqquz min altı yüz altmış bir) manat 68 (altmış səkkiz) qəpik tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi» hissədə dəyişdirilməli, kredit müqaviləsi üzrə faiz borcu 270,12 manat, ümumi kredit borcu isə 9245,11 manat müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında 20 oktyabr 2022-ci il tarixli 1301nkSUM/22 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə, illik 18 faizlə 8972 manat kredit verilmişdir. Buna baxmayaraq, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

32. Hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası 20 oktyabr 2022-ci il tarixli 1301nkSUM/22 nömrəli kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir; apellyator isə kredit borcun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir.

33. Qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə borcun hesablanması məsələsinin həlli mühasibatlıq əməliyyatları aparılmasından keçir. Bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

34. Qanunvericiliyin bu tələbinə uyğun olaraq, apellyasiya baxışı zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 09 dekabr 2024-cü il tarixli 9/9434 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 20 oktyabr 2022-ci il tarixli 1301nkSUM/22 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə xx.xx.2023cü il tarixə əsas borcu 8942.18 manat, faiz borcu isə 682,81 manat təşkil edir.

35. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

36. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

37. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur.

38. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə əsas borc məbləği düzgün müəyyən edilmişdir. Lakin, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə faiz borcunu düzgün müəyyən etməmişdir.

39. Belə ki, iddiaçı bank məhkəməyə xx.xx.2023-cü il tarixli maliyyə arayışı təqdim etmiş və həmin maliyyə arayışı əsasında birinci instansiya məhkəməsi cavabdehdən kredit müqaviləsi üzrə 686,69 manat faiz borcu tutmuşdur. Halbuki, iş materiallarından aydın olur ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Buna baxmayaraq, həmin müddətdən sonra da faiz borcu hesablanmağa davam etmiş və xx.xx.2023-cü il tarixə maliyyə arayışında göstərilən 686,69 manat faiz borcu cavabdehdən tələb edilmişdir.

40. Məhkəmə kollegiyası şərh olunan halları nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən 686,69 manat faiz borcu tutmaqda düzgün nəticəyə gəlməmişdir.

41. Çünki, Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

42. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-X4 qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

43. Yuxarıda da göstərildiyi kimi cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Bununla da iddiaçı bank müqavilənin hissə-hissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir.

44. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

45. Bu halda iddiaçı bank cavabdehdən kredit müqaviləsinin qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2023-cü il tarixədək faiz borcu hesablamaq hüququna malik olmuşdur.

46. Kreditor "xxxx" KB ASC-nin borcalan Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə 270,12 manat faiz borcu hesablanmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcu 270,12 manat müəyyən edilməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə faiz borcuna dair hissədə dəyişdirilməli və müqavilə üzrə faiz borcu 270,12 manat müəyyən edilməlidir. Kredit müqaviləsi üzrə faiz borcunun məbləği dəyişdirildiyindən cəmi borc məbləği hissədə də qətnamə dəyişdirilərək kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulan cəmi borc məbləği 9245,11 manat məbləğində müəyyən edilməlidir.

47. Bundan əlavə, apellyasiya baxışı zamanı keçirilmiş mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(013)-1755/2023 nömrəli qətnaməsi «Cavabdeh 686,69 manat faiz, cəmi 9661 (doqquz min altı yüz altmış bir) manat 68 (altmış səkkiz) qəpik tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi» hissədə dəyişdirilsin. Kredit müqaviləsi üzrə faiz borcu 270,12 (iki yüz yetmiş manat on iki qəpik) manat, ümumi borcu isə 9245,11 (doqquz min iki yüz qırx beş manat on bir qəpik) manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar