Məhkəmə qərarları › İş №2(104)-1100/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1100/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1100/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Mamedov Rəşad Ziyaviddin oğlu oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdeh iştirakı ilə, “pul” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-987/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 05 noyabr 2021-ci il tarixli “pul vəsaitinin alınması haqqında” qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1500 manat pul almasını və 05 dekabr 2021-ci il tarixədək həmi pulu geri qaytarmağı öhdəsinə götürməyi öz imzası ilə təsdiq etmişdir. 21 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, X2 borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021 -ci il tarixdə Cavabdeh ondan 1500 manat pul almışdır. O, aldığı pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüş və bu barədə qəbz də imzalanmışdır. Lakin o, öz öhdəliyini bu günə qədər yerinə yetirməmişdir. Hesab edir ki, onun borcunu qaytarmaq fikri yoxdur. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması məqsədi ilə o, cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya göndərərək ondan aldığı borcun 10 gün ərzində qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət etməli olacağını bildirmişdir. Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-987/2022 nömrəli qətnaməsi (hakim Z.Hümbətov) ilə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh müvafiq borcu təsdiq edən qəbzə imza etməklə borcu etiraf etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə məhkəmədə baxılan zaman o, Rusiya Federasiyasında olmuşdur. Onun iddiaçı ilə heç bir tanışlığı olmamışdır. Bakı şəhərində olan zaman “X4” İB-nin Tovuz rayon filialının sədri X5 ondan İddiaçı olan sənədi də götürməyi xahiş etmişdir. O,. İddiaçı bir dəfə həmin vaxt görmüş, həmin vaxt ondan sənəd götürüb bu barədə qızı yanında qəbz yazmış, ona sənədi götürməyi barədə yazdığı qəbzi oxumuş və o da həmin qəbzə imza atmışdır. O, Rusiya Federasiyasında olan zaman məhkəmə bildirişinin “X4” İB-nin Tovuz rayon filialının sədri X3 verilməsini bildirmişdir, o hər şeydən xəbərdardır və şahiddir. Apellyasiya şikayətinə qarşı tərəf etiraz ərizəsi təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında izahat verən cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, o, iddiaçıdan pul almamışdır, əvvəllər də onu tanımırdı. İddiaçı onu aldadaraq qəbzə imza etdirmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə nəlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili kimi irəli sürdüyü qəbzə imza edilərkən onun yanılması və iddiaçı tərəfindən aldadılması halına qiymət verərkən qeyd edir ki, hər hansı əqdin bağlanması zamanı ilkin əsas tərəfin iradə ifadəsidir. İradə ifadəsi həm faktiki, həm də zahiri olmalıdır. Hazırki halda cavabdehin iradə ifadəsinin zahiri təzahürü sadə yazılı formada tərtib edilmiş “borcun etirafı” əqdidir. MM-nin 331-ci maddəsinin tələbinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Cavabdeh tərəfindən qəbzdə imzanın ona məxsus olması mübahisələndirilməmiş, bununla bağlı hər hansı şübhə mövcud olmamışdır. Məhkəmə kollegiyası xüsusi vurğulayır ki, iradə ifadəsinin şəxsə hər hansı kənar təsirlərin altında realizə edilməsi, eyni zamanda şəxsin aldadılması və ya vacib əhəmiyyətli yanılması hər hansı mötəbər sübutda əks olunmamışdır. Belə olduqda cavabdehin özünün sərbəst iradəsinə əsaslanaraq tərəfindən yazılan qəbzdə sonuncunun borcu etiraf etməsi sübutun mötəbərliyinə əsas vermiş, cavabdeh qeyd olunan borcun qaytarılmasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-987/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Rəhman Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar