Məhkəmə qərarları › İş №2(104)-1101/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1101/2024

15.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1101/2024 15.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2781/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 11 saylı Şəmkir Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli, 3-21-3-40/2- 1390/2023 nömrəli bildirişdən görünür ki, İddiaçı ərizəsinə baxılmış və təqdim olunan sənədlərdə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Sözügedən torpaq sahəsinin üzərində yerində müayinə baxışı keçirilən zaman mübahisəli halın olduğu aşkar edilmiş və qeyd olunan mübahisə səbəbində ölçmə işlərinin aparılması üçün şərait yaradılmamışdır.

2. Gəncə Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(104)-704/2022 nömrəli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(076)-2842/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı və X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(076)-2842/2020 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, JN- 202A kod 50411005 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,36 ha torpaq sahəsi üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı, 1/6 hissədə X5 miras payı müəyyən edilmiş və iddia qalan hissədə təmin edilməmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4960/2022 nömrəli qərarından görünür ki, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-704/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi qəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayonunun Keçili kəndində yerləşən mərhum qaynanası Firuzə Qocayeva, mərhum qaynı X3 məxsus olan həyətyani torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, 100 manat dövlət rüsumu və 340 manat vəkil xidməti haqqı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qaynıdır. Onun həyat yoldaşı X9 və qaynı X6 vəfat etdiyi üçün o, mərhum qaynanasından və mərhum qaynı Şahmərdan Qocayevdən miras qalmış Şəmkir rayonunun Keçili kəndində yerləşən əmlaklardan mərhum ərinə düşən hissəyə, məhkəmə qaydasında qanun üzrə vərəsə tanınmışdır. Lakin cavabdeh miras evin və evin yerləşdiyi həyətyani torpaq sahəsinin 3-cü şəxs tərəfindən ölçülməsinə maneə yaradır. Ona görə də, Şəmkir Rayonunun Keçili kəndində yerləşən mərhum qaynanası Firuzə Qocayeva, mərhum qaynı X3 məxsus olan həyətyani torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, 100 manat dövlət rüsumu və 340 manat vəkil xidməti haqqı alınaraq ona verilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2781/2023 nömrəli qətnaməsi (hakim Şəfəq Məmmədova) ilə, iddianın təmin edilməsi, Şəmkir Rayonunun Keçili kəndində yerləşən İddiaçı mərhum qaynanası Firuzə Qocayeva, mərhum qaynı X3 məxsus olan həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 340 manat vəkil xidməti Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227 və 362-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2781/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, 0.36 ha torpaq sahəsinə 4/6 hissəsi Cavabdeh vərəsəlik hüququ tanınmış, 1/6 hissəsi isə X7 məhkəmə qərarı ilə verilmişdir. Mahir Qocazadə iddia qaldırmamışdır. Qeyd edilməlidir ki, iddiaçı DƏDRX-nə ərizə ilə müraciət edərək yalnız torpaq sahəsindən olan maneənin aradan qaldırılması üçün müraciət etmişdir ki, iddiada cavabdeh tərəfindən evədə olan maneənin aparılmasına olan maneənin aradan qaldırılmasını xahiş etmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, mübahisəli torpaq sahəsində naturada bölgü aparılmamışdır və həmin evin məhz iddiaçıya məxsus torpaq sahəsində yerləşdirilməsi müəyyən edilməmişdir. Sonda isə məhkəmə ölçmə işlərinin aparılmasını xahiş edən şəxsin həmin tikiliyə hər hansı bir hüququnun olmasını məhkəmə tərəfindən müəyyən edilməməsini nəzərə almamışdır. Nəticədə məhkəmə əsassız olaraq cavabdehin üzərinə manənin aradan qaldırılması öhdəliyini qoymuşdur. Ona görə birinci instansiya məhkəməsi iddanı təmin edərkən, iddianın subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığını nəzərə almamış, həmçinin evdə ölçmə işlərinin aparılmasına dair maneənin olmamasını və ümumiyyətlə həmin evin vərəsəlik predmetinin olmamasına əhəmiyyət verməmişdir ki, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, iddiaçının gösərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər;

15. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir;

16. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

17. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir;

18. Maddə 129. Məhkəmə qərarları və onların icras İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

19. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

20. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol:

21. Maddə 1. Mülkiyyətin müdafiəsi

22. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

23. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

39. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2781/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Beləliklə, işin halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət akt JN-202A kod 50411005 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,36 ha torpaq sahəsi üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı, 1/6 hissədə X5 miras payı müəyyən edilmişdir. Belə ki, Şəmkir Rayonunun Keçili kəndində yerləşən mərhum qaynanası Firuzə Qocayeva, mərhum qaynı X3 məxsus olan həyətyani torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneənin yaradılır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

44. İlk növbədə məhkəmə kollegiyası göstərir ki, mübahisəli torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının torpaq sahəsində 1/6 hissədə miras payı tanındığından onun gözlənilən mülkiyyət hüququ vardır.

45. Məhkəmə kollegiyasının bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərdən də qaynaqlanır.

46. Həmin Məhkəmənin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

47. Həmin Məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda xüsusilə dəqiq izah elədi və hesab etdi ki, “maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənməsi arasında fərq vardır”.

48. Məhkəmənin xatırlatmasına görə “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir” (“Burdov Rusiya Federasiyasınna qarşı” və “Yunanistan neftayırma zavodu “Strən” və “X1rşı” işlər).

49. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

50. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

51. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

52. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.

53. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki, əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Mövcud vəziyyətdə iddiaçı Şəmkir rayonunun Keçili kəndində yerləşən 0,36 ha torpaq sahəsi üzərində olan 1/6 hissədə payına çıxarışın və texniki pasportun verilməsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və həmin orqanın xx.xx.2023-cü il tarixli məktubuna əsasən, təqdim olunan sənədlərdə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Sözügedən torpaq sahəsinin üzərində yerində müayinə baxışı keçirilən zaman mübahisəli halın olduğu aşkar edilmiş və qeyd olunan mübahisə səbəbində ölçmə işlərinin aparılması üçün şərait yaradılmamışdır.

54. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneələr törədildiyindən və bu maneələr məhkəmə kollegiyasında öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, maneələr aradan qaldırılmalı, iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qəsd edən hərəkətlərə son qoyulmalı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əməkdaşları tərəfindən müayinənin edilməsinə maneə olmaları qadağan edilməlidir.

55. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

58. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2781/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar